Azərbaycan Qarabağı separatçılardan və onların qanunsuz silahlı dəstələrindən, eləcə də Ermənistan ordusundan təmizləsə də, Rusiya öz hərbi kontingentini ərazimizdən çıxarmaq istəmir. Baxmayaraq ki, Azərbaycanla Ermənistan artıq sülh müqaviləsini imzalamaq ərəfəsindədir və bu hərbi kontingentin “sülhməramlı” adı altında Qarabağda qalması artıq absurd görünür.
Kanal32.az xəbər verir ki, Rusiyanın “RİA Novosti” agentliyinə açıqlama verən Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin rus hərbi kontingentinin ən azı 2025-ci ilə qədər Qarabağda qalmaq fikrində olduğunu bildirib. O, deyib ki, Moskva Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq qərarından sonra Qarabağda “sülhməramlılar”ın qalması ilə bağlı bütün məsələləri Azərbaycan tərəfi ilə nəzərdən keçirir.
Quzin xatırladıb ki, Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Qarabağa yerləşdirilib: “Bu sənədi heç kim ləğv etməyib. Orada bizim sülhməramlılarımızın 5 il müddətində, yəni 2025-ci ilin noyabr ayına qədər və daha sonra da uzadılma imkanı ilə bölgədə qalması nəzərdə tutulur. Əlbəttə, 2022-ci ilin oktyabrında Praqa görüşündən başlayaraq Aİ-nin himayəsi altında keçirilən sammitlərdə Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycana məxsusluğunu tanımaq qərarından sonra “yerdə” vəziyyət kəskin şəkildə dəyişdi. İndi biz Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri yalnız Azərbaycan tərəfi ilə nəzərdən keçiririk”.
Bununla da Qaluzin bir daha Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasının Kremli qətiyyən qane etmədiyini ifadə etməklə yanaşı, Rusiyanın öz xoşu ilə Qarabağı tərk etmək istəmədiyini, hətta ona imkan verilsə, 2025-ci ildən sonra da ərazimizdə qalmaq istədiyini göstərmiş olub.
Təbii ki, Azərbaycanda Moskvanın bu iştahası və istəyilə razılaşanların sayı barmaqla sayılacaq qədər azdır.
/azpolıtıka.az/