Qorxmaz Abbaszadə:”Mingəçevir həm də təhsil şəhəridir”

“…Mingəçeviri “Energetiklər şəhəri” adlandırırdılar. Mən isə deyərdim hazırda Mingəçevir həm də “Təhsil şəhəri”dir”.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Qorxmaz Abbaszadə ilə həmsöhbət olduq və bizi maraqlandıran suallarımızı ona ünvanladıq.

Kanal32.az həmin müsahibəni təqdim edir:

-Qorxmaz müəllimin təhsil sahəsinə gəlişi nə vaxta təsadüf edir? Sevdiyiniz bir peşə sahəsi kimi , yoxsa? Çünki son illərdə kişilərin təhsil sahəsində sayı durmadan azalır.

-Bilirsiniz, Esmira xanım, bəzən həyatda elə təsadüflər olur ki, həmin təsadüflər həyatımızın bütün dövlərinin ayrılmaz bir hissəsinə çevrilir. İstər özümüzün peşə seçimimiz, istər karyera planlaşdırmağımız. Açığı desəm müəllim olmağımı, təhsil işçisi olmağımı həyatın mənə təsadüfü və xoş bir sürprizi kimi dəyərləndirirəm. 2016-cı ildə mərkəzləşmiş müsabiqə ilə müəllim olmuşam. Yardımlı rayonunun ucqar bir dağ kəndində şagirdlərin sevimli müəllimi kimi pedaqoji fəaliyyətə başlamışam. 2 ildən bir qədər artıq müddətdə müəllim işlədikdən sonra bu peşəyə sevgim dərinləşdiyindən qərara gəldim ki, əmək fəaliyyətimi dövlət qulluğunda, təhsilin idarə olunması istiqamətində davam etdirim. 2018-ci ildə Gəncə şəhər Təhsil İdarəsində məsləhətçi kimi dövlət qulluğuna başlamışam. 2019-cu ildən isə doğma şəhərim Mingəçevirin təhsilinin inkişafı üçün çalışıram.

-Qorxmaz müəllim,bir gənc təhsil mütəxəssisi kimi son illərdə təhsil sahəsində aparılan islahatları necə dəyərləndirirsiniz?

-Ölkə Prezidenti cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi təhsil sahəsinə də olan diqqət və qayğısı, apardığı məqsədyönlü təhsil siyasəti milli təhsilimizin müasir dünya təhsil sisteminə inteqrasiyasına, idarəetmə mexanizminin təkmilləşdirilməsinə, rəqabətə davamlılığına, peşəkar kadrların işə qəbuluna, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, eyni zamanda müəllim əməyinin stimullaşdırılmasına məzmun və keyfiyyət  baxımından mühüm töhfələr verir. Mən burada ümumi təhsil sahəsini xüsusilə qeyd etmək istəyirəm. Bu baxımdan, 2013-cü ildə qəbul olunmuş Azərbaycan Resublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, təhsil sahəsini tənzimləyən normativ – hüquqi aktların qəbulu və təkmilləşdirilməsi düşünürəm ki, gələcək üçün subliminal mesajdır.

-Mingəçevir təhsili 2022-2023-cü tədris ilində hansı uğurlarla yadda qalıb?

-Sovet dönəmində yaşayan insanlar Mingəçeviri “energetiklər şəhəri” adlandırırdılar. Mən isə deyərdim hazırda Mingəçevir həmdə “təhsil şəhəri”dir. Burada məktəbəqədər və ümumi təhsil müəssisələri ilə yanaşı həm peşə, həm orta ixtisas həm də ali təhsil pillələrini əhatə edən təhsil ocaqları fəaliyyət göstərir. Bu o deməkdir ki, Mingəçevirdə hər bir ailənin təhsilin bütün pillələri ilə birbaşa və ya bilavasitə bağlılığı vardır. Ötən 2022-2023-cü tədris ili Mingəçevir təhsili üçün bir sıra nailiyyətlərlə yadda qaldı. 1 məzunumuz qızıl, 2 məzunumuz isə gümüş medalla təhsilini başa vurmuşlar. Respublika fənn olimpiadalarında şagirdlərimizdən 1 nəfəri qızıl, 4 nəfəri gümüş və 3 nəfəri bürünc medala layiq görülmüşdür.  Ali məktəbə qəbul üçün müraciət edənlərin təqribən 79 faizi qəbul olmuşlar. 17 məzunumuz isə 600 baldan yuxarı nəticə göstərmişdir. Şəhər üzrə ən yüksək nəticəni isə 673 balla Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin şagirdi göstərmişdir.

-Hər ötən il təhsilin idarə olunmasında fərqli yanaşmalara şahidlik edirik. Sizcə,bu daha çox təhsil verənlərin əlavə yüklənməsinə və tədrisin keyfiyyətinin arxa plana keçməsinə gətirib çıxarmır ki?

-Dəyişən rəqəmsal dünyamızda təhsilin və bu sahədə çalışanların üzərinə böyük məsuliyyət düşür. Məsuliyyət dedikdə mən yenilənən əmək bazarına uyğun kadrların hazırlanması nəzərdən tuturam. 2021-ci ildə ölkə rəhbərliyi tərəfindən imzalanan müvafiq Sərəncamla təhsilin idarə olunması istiqamətinə aparılan struktur islahatları yeni innovativ yanaşmaların tətbiqini özündə ehtiva edir. Düşünürəm ki, təhsil və təhsilalanlar daha perspektivli sahələrə istiqamətləndirilməlidir.

-Qorxmaz müəllim, işiniz çoxluğuna rəğmən bizə vaxt ayrdığınıza və suallarımızı cavablandırdığınıza görə təşəkkkür edirəm.

-Təhsilimizin uğurlarını hər zaman işıqlandıqmaq arzusu ilə…Çox sağ olun.

Esmira Hidayətova,

Mingəçevir.