Azərbaycan və İsrail dövlətlərinin qardaşlıq bağları tarixi köklərə malikdir

Azərbaycan-İsrail xalqları arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələri bu gün də inkişaf edərək yüksək səviyyəyə çatıb. Çox qədim tarixi köklərə malik iki ölkə arasında qardaşlıq bağları son 30 il ərzində daha da genişlənib, inkişaf edib. Sülhsevər və çoxmillətli ölkə kimi özünü təsdiq edən Azərbaycanda digər xalqlarla yanaşı yəhudilər əsrlər boyu burada azərbaycanlılarla dost və mehribancasına yaşayırlar. Bu gün İsrail Azərbaycanın siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və digər sahələrdə ən etibarlı müttəfiqlərindəndir.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib. O, qeyd edib ki, iki dost ölkənin səmimi dostluq və qardaşlıq üzərində qurulan dostluq, müttəfiqlik münasibətlərinin tarixində daha bir əlamətdar hadisə yaşanıb. 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrinin yenidən nümayişi oldu. Səfər çərçivəsində Azərbaycan və İsrail dövlətlərinin rəhbərlərinin iki ölkənin daha da yaxınlaşmasını hədəfləyən qərarları, prezidentlər arasında keçirilən görüşlər, dövlət başçılarının mətbuata verdiyi bəyanatlar bu əlaqələrin inkişafına güclü təkan oldu.

Ölkə Prezidentimiz cənab İlham Əliyevin tolerant siyasəti, uğurlu strateji addımları nəticəsində bu il Azərbaycanın İsraildə səfirliyinin açılması iki ölkə arasında əlaqələri daha yüksək səviyyəyə qaldırıb, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradıb.

İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. 44 günlük Vətən müharibəsində də İsrail dövləti bizim yanımızda oldu, hər zaman haqq-ədalət uğrunda mübarizəyə qalxan xalqımızı dəstəklədi.

Hazırda Azərbaycanın İsraillə olan əlaqələri hərbi, energetika, mədəni və digər sahələrdə yüksək səviyyədə inkişaf edir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanması sıx əməkdaşlığa daha bir nümunədir.

“Bu gün müzakirələr zamanı biz, həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsini də müzakirə etdik. Çünki biz investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla birlikdə mətbuata verdiyi bəyanatında dediyi bu sözlər bir daha təsdiq edir ki, yəhudi xalqı ilə Azərbaycan xalqının hələ minillərə dayanan qardaşlığı, Azərbaycan və İsrail dövlətinin dostluğu daha da da inkişaf edəcək.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Leave a comment