Finlandiya ardıcıl altıncı ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib.
Kanal32.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumat BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan illik Dünya Xoşbəxtlik Hesabatında yer alıb.
Ən xoşbəxt üç ölkə dəyişməz qalıb. İlk sırada Finlandiya, növbəti yerlərdə Danimarka və İslandiya qərarlaşıb. İsrail doqquzuncu yerdən dördüncü sıraya yüksəlib. Siyahıda Niderland, İsveç, Norveç, İsveçrə, Lüksemburq və Yeni Zellandiya da yer alıb.
Rusiya yenilənmiş reytinqdə 80-ci yerdən 70-ə yüksəlib. Keçmiş SSRİ respublikaları arasında Litva 20-ci, Estoniya 31-ci, Latviya 41-ci, Qazaxıstan 44-cü, Özbəkistan 54-cü, Qırğızıstan 62-ci, Tacikistan 80-ci, Gürcüstan 90-cı, Ukrayna isə 92-ci yerdədir.
Bundan əlavə, reytinq sırasında ABŞ 15-ci, Almaniya 16-cı, Böyük Britaniya isə 19-cu yerdə qərarlaşıb. Fransa 21-ci yerə enərək ilk iyirmilikdən kənarda qalıb. Əfqanıstan və Livan müvafiq olaraq 137 və 136-cı yerləri tutaraq reytinqdə sonuncu olublar.