Biomüxtəlifliyin qorunmasının əsas perspektivləri-Tələbələr nə düşünür?-FOTO

MDU-da elmi-praktik seminar: Biomüxtəlifliyin qorunmasının əsas perspektivləri

Kanal32.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Ekologiya” dərnəyinin təşkilatçılığı ilə “Biomüxtəlifliyin qorunmasının əsas perspektivləri” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda fakültənin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak ediblər.

Seminarın açılışında çıxış edən Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva və Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev mövzunun aktuallığından bəhs edib və ekoloji maarifləndirmə baxımından tədbirin önəmini diqqətə çatdırıblar. Qeyd edilib ki, təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” sosial-iqtisadi inkişafla bağlı milli prioritetlərdən birini təşkil edir və bu çərçivədə biomüxtəlifliyin qorunmasının gücləndirilməsi başlıca fəaliyyət istiqamətlərinə daxildir. MDU tələbələrinin belə əhəmiyyətli mövzularda tədqiqatlara maraq göstərmələri müsbət qiymətləndirilib və seminarın işinə uğurlar arzulanıb.

Sonra, fakültə dekanı A.Əliyevanın moderatorluğu ilə məruzələr dinlənilib.

MDU tələbələrindən Nurlan Əhmədzadə “Xüsusi təbiət ərazilərinin yaranma tarixi”, Lalə Nuruzadə “Biomüxtəlifliyin mühafizə strategiyası”, Leyla Əlizadə “Bəsitçay dövlət təbiət qoruğunun bioloji müxtəlifliyi”, Fidan Dadaşova “Yasaqlıqlar biomüxtəlifliyin qorunmasında hansı töfhələri verə bilər?”, Məleykə Həziyeva “Milli parkların biomüxtəlifliyin mühafizəsində rolu” və Mingəçevir şəhər 16 saylı tam orta məktəbin şagirdi Xanımqız Abbasova “Qarabağın biomüxtəlifliyi” mövzusunda mərzulərlə çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da təhsilalanlarda “dayanıqlı inkişaf” təfəkkürünün formalaşdırılması və inkişafı diqqət mərkəzində saxlanılır, bu məqsədlə müxtəlif formatda müvafiq tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.

 

Kanal32.az