Muxtarov Mayıl Uğurlu oğlu 1 yanvar 1972-ci ildə Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılır. Hərbi xidmətini Rusiyada başa vurduqdan sonra Azərbaycana qayıdan Mayıl Muxtarov vətənin ağır günlərində onun imdadına yetişməyi özünə borc bilir.
1992-ci ildə qəbul olduğu ali məktəbdən imtina edərək, könüllülərdən təşkil olunmuş Laçın batalyonuna yazılır. Döyüşdə iştirak etdiyi müddət ərzində bir neçə dəfə təhsil müəssisəsi rəhbərliyindən ailə üzvlərinə xəbərdarlıq məktubları göndərilir. Döyüşçü yoldaşları təkidlə geri qayıtmasını və ali təhsilini davam etdirməsini desələr də, Mayılın cavabı belə olur: “Bu döyüşdə də iştirak edim, gedəcəyəm.” Laçın rayonunun Pircahan kəndi, Hoçaz dağı, Ağdərə rayonu və Dovşanlı kəndi ərazisində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edir.
Mayıl Muxtarov 2 sentyabr 1992-ci ildə Dovşanlı kəndi uğrunda gedən döyüşdə xüsusi fəallıq göstərərək qəhrəmancasına şəhid olur.
Subay idi. Kəlbəcər rayon Otaqlı kəndində dəfn edilib. Doğulduğu Otaqlı kəndində fəaliyyət göstərən, təhsil aldığı Kəlbəcər rayon Otaqlı kənd 8 illik məktəbi adını daşıyırdı.
Allah rəhmət eləsin!
Samir Mustafayev
Kanal32.az