İordaniyalı jurnalist: Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycan Fələstin probleminin həllində fəal rol oynayır

Qoşulmama Hərəkatına uğurla sədrlik edən və İslam dövləti kimi böyük nüfuza malik olan Azərbaycan Fələstin probleminin BMT-nin və İƏT-in qətnamələri əsasında həllində də fəal rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər rus əsilli iordaniyalı jurnalist Yelena Neduqinanın “Əl Ənbat” qəzetində dərc olunmuş məqaləsində yer alıb.

Müəllif diqqətə çatdırıb ki, 2018-ci ildə Fələstin Dövlətinin xarici işlər naziri Riad əl-Malikini qəbul edən Prezident İlham Əliyev rəsmi Bakının bu problemin həllində həmrəylik nümayiş etdirdiyini və Azərbaycanın Fələstinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu bildirib. Dövlət başçısı, həmçinin 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısındakı çıxışında da bu dəstəyini bildirib. Bundan başqa, 2017-ci ildə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib.

Azərbaycan dövlətinin Fələstin xalqına dəfələrlə humanitar yardımlar göndərdiyini diqqətə çatdıran müəllif vurğulayıb ki, Prezident İlham Əliyev Fələstin Dövləti ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bu ilin aprelində öz həmkarı Mahmud Abbasa ünvanlandığı məktubda Bakının Fələstinlə bağlı bir sıra mühüm tədbirlərə ev sahibliyi edərək regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə verdiyini qeyd edib.