Mingəçevirə şöhrət gətirən, onun sakinlərinin məmnunluq hisslərini artıran təbii ki, şəhərdə salınmış park və xiyabanlar, yaşıllıq zolaqlarıdır. Bu gün şəhərimizdə onlarla park və xiyabanlar, istirahət məskənləri insanların ixtiyarındadır. Sevindirici haldır ki, onlara daim diqqət və qayğı ilə yanaşılır, əhalinin istək və arzularına uyğun olaraq nəzarət edilir.
Avqustun 18-də belə istirahət guşələrindən daha birinin qurulmasına başlanılıb. Şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılovun təşəbbüsü ilə salınacaq yeni istirahət parkının təməlqoyma mərasiminə toplaşan sakinlər qarşısında çıxış edən şəhər rəhbəri diqqəti şəhərdə aparılan abadlıq quruculuq işlərinə yönəldib. O, qeyd edib ki: “Respublika Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Mingəçevirdə quruculuq işləri uğurla davam edir.Bu gün burada Bayraq meydanının qarşısında prospektə giriş ərazisi boyunca salınacaq istirahət məskəni buna əyani sübutdur. Açıq etiraf edim ki, əvvəlki illərdə salınmış Nəsimi parkı bağlar massivi ərazisində yaşayan insanların tələbatını tam ödəyə bilmədiyi üçün, burada istirahət edənlərin sıxlığı yarandığından belə tədbirlərin təşkilinə ehtiyac duyulur. Buna görə də havaların isti keçməsinə baxmayaraq bu işin görülməsinə start veriləcək.”
Yeni istirahət guşəsi təxminən1 kilometr ərazini əhatə edəcək. Yaşıllıqlar əhatəsində salınacaq xiyabanda 1 kilometr və əlavə 500 metr su xətlərinin çəkilişindən istifadə olunacaq. Burada daşlar üzərindən su axıdılmaqla sərinlik yaranacaq.100-ə yaxın elektrik dirəkləri çəkiləcək, 40-a yaxın oturacaqlar, 10 ədəd söhbtgahlar, 3 min kvadratmetr səki daşlarından, 1500 ədəd bordürlərindən istifadə etməklə səliqəli piyada yolu salınacaq, ətraf gül çiçəklə bəzədiləcək. Bir sözlə, insanlar üçün normal istirahət şəraiti yaranacaq. İşin əsas icraçıları Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivləridir.
İcra hakimiyyətinin başçısı İlham İsmayılov əraziyə dəvət olunmuş idarə, müəssisə və təşkilat rəhbərlərinə yerindəcə müvafiq göstrişlərini verib, hər kəsə işlərində uğurlar arzulayıb.
Mingəçevir Şəhər İcra Hakimiyyəti