Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyi və Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsi ilə birgə Gəncə Şəhər Mərkəzi Kitabxanasında Səriyyə Müslümqızının “Geriyə baxma” kitabının təqdimat mərasimini keçirib. Kitabda Xocalıda qətlə yetirilmiş 70 ahıl insanın faciəvi taleyindən bəhs edilir.
Bu barədə AZƏRTAC-a Aİİ-dən məlumat verilib. Bildirilib ki, tədbiri açan Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Qədimova azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarının dünyaya tanıdılmasının vacibliyinə toxunub.
Aİİ Dinşünaslıq kafedrasının müdiri dosent Anar Qafarov təmsil etdiyi ali təhsil müəssisəsinin azərbaycanlılara qarşı törədilən soyqırımı aktlarının, Qarabağ həqiqətlərinin dünyaya tanıdılması və çatıdırılması yönündə əlindən gələni əsirgəmədiyini mərasim iştirakçılarının nəzərinə çatdırıb. O vurğulayıb ki, “Geriyə baxma” kitabının da nəşr etdirilməsində əsas məqsəd budur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov Aİİ-nin fəaliyyəti barədə danışıb. Bildirib ki, institut gənclərin zəngin dünyagörüşlü, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün səy göstərir.
“Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova kitabı haqqında məlumat verib. Bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu və “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyi tərəfindən ərsəyə gələn kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının törətdiyi Xocalı soyqırımından bəhs edir. Soyqırımı zamanı 613 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib ki, onlardan 70 nəfəri ahıldır. Bu insanların faciəvi həyatı kitabda öz əksini tapıb.
Tədbirdə Xocalı hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.
Daha sonra tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri çıxış edib, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.