Azərbaycanla Səudiyyə Ərəbistanı arasında parlamentlərarası əlaqələr müzakirə olunub

İyunun 1-də Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasında fəaliyyət göstərən Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq komitəsinin üzvləri ilə onlayn formatda görüş keçiriblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım ölkələrimiz arasındakı ortaq tarixi, dini, mədəni bağlardan söz açıb. Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik münasibətlərin qurulmasının tarixindən bəhs edən deputat ölkələrimiz arasında əlaqələrin inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Fatma Yıldırım bu əlaqələrin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daim inkişaf etdirildiyini vurğulayıb.

O, son dövrlərdə Səudiyyə Ərəbistanını təmsil edən nümayəndə heyətlərinin ölkəmizə səfərləri zamanı Milli Məclisin rəhbərliyi ilə keçirdiyi görüşlərdən danışıb, dövlətlər arasında əlaqələrin inkişafında parlamentlərin roluna toxunub.

Səudiyyə Ərəbistanı Krallığı Məşvərət Şurasının Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq komitəsinin sədr müavini İbrahim bin Məhəmməd Əl-Muflih iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasını qeyd edib. Müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlığın hər iki ölkənin xalqlarının maraqlarına uyğun olduğu vurğulanıb.

Görüşdə Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ceyhun Məmmədov, Könül Nurullayeva çıxış edərək iki ölkə arasında münasibətlərin əsaslandığı təməllərdən bəhs edib, Səudiyyə Ərəbistanının Ermənistan tərəfindən təcavüzə məruz qalan ölkəmizin ərazi bütövlüyünü daim dəstəklədiyini, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə etməsini xüsusi dost münasibəti kimi dəyərləndiriblər.

Qeyd olunub ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Ermənistan tərəfindən ortaq İslam dəyərlərimizə aid dini-mədəni abidələrimizin və məscidlərimizin təhqirinə son qoyub. Bildirilib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın himayəsi altında erməni vandallarının dağıtdığı tarixi-dini abidələrin, məscidlərin bərpası istiqamətində böyük işlər görülür, layihələr həyata keçirilir. Deputatlar əlaqələrimizin inkişaf potensialı, perspektivləri ilə bağlı fikirlərini səsləndiriblər.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev son vaxtlar Səudiyyə Ərəbistanı və Azərbaycan arasında əlaqələrin durmadan inkişaf etdiyini diqqətə çatdırıb. O, parlamentlər səviyyəsində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq komitəsinin üzvləri Üsamə bin Həsən Arif, Nasir bin Məhəmməd Əd-Duğeytir, Əməl bin Yəhya Əş-Şeyx də ikitərəfli münasibətlərin, parlamentlərarası təmasların, dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə parlamentarilər iqtisadi münasibətlərin təşviqi, ticarət əlaqələrimizin davamlı inkişafı, investisiya sahəsində yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Videokonfransda Milli Məclisin deputatları Afət Həsənova, Anar Məmmədov, Əliabbas Salahzadə, Səudiyyə Ərəbistanı Məşvərət Şurasının Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.