Ərəbdilli KİV-lərdə dost ölkə olan İordaniyada illərdir Azərbaycanın ədalətli mövqeyini, ölkəmizin iqtisadi və turizm potensialını ərəb dünyasında təbliğ edən ailə haqqında məqalə dərc olunub.
İordaniyalı jurnalist ailəsinin başçısı akademik Mərvan Suda AZƏRTAC-la sıx əməkdaşlıq edir, özünün, həmçinin xanımı rus əsilli jurnalist Yelena Neduqina və qızı Marina Sudanın məqalələrində Azərbaycanın rəsmi agentliyinin materiallarına geniş yer ayrılır. Şərqşünas Həşim Məmmədovun da bu ailə haqqında qələmə aldığı, “Əl Ənbat”, Şaab”, “Əl Hərir” və digər portallarda yayımlanan yazıda həmin məqalələrdən ətraflı bəhs olunub.
Yazıda ərəb ölkələrində Azərbaycanın ədalətli mövqeyini təbliğ edən, Xocalı soyqırımı həqiqətlərini tanıdan iordaniyalı akademik Mərvan Sudanın fəaliyyətindən söz açılıb. Diqqətə çatdırılıb ki, Xocalı həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun fəaliyyətini xüsusi qeyd edən M.Suda “Xocalıya ədalət!” kampaniyasının bu məsələdə beynəlxalq ictimaiyyətin Azərbaycanla həmrəyliyini möhkəmləndirən başlıca amil olduğunu dəfələrlə bildirib. Akademik, həmçinin Ermənistanın törətdiyi soyqırımının təkcə İslam deyil, bütün dinlər qarşısında ağır günah olduğunu vurğulayıb. O, 44 günlük müharibə zamanı və ondan sonra da ölkəmizin haqlı mövqeyini ən yüksək tribunlardan səsləndirib.
Məqalədə diqqətə çatdırılıb ki, akademikin xanımı Yelena Neduqina və qızları Marina Sudanın da fəaliyyəti diqqətçəkən və təqdirəlayiqdir. Marina Suda öz ölkəsinin “Əl Ənbat” qəzetində Azərbaycanla əlaqələrin perspektivləri barədə məqalə ilə çıxış edib. Yelena Neduqinanın müəllifi olduğu Azərbaycanla mədəni əlaqələrinin perspektivləri barədə məqalə isə İordaniyanın “Əl Ənbat”, Cohina”, “Nəbd əl Balad” və digər portallarında yayımlanıb.
Ailənin başçısı hər zaman vurğulayır ki, hələ sovet hakimiyyəti illərində təhsil aldığı zaman qəlbən bağlandığı Azərbaycana və xalqımıza öz qələmi ilə sidq ürəklə xidmət etməyə davam edəcək.