Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
KANAL32.az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, digər rəsmi şəxslər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə əmək münasibətlərindən, əməyin mühafizəsindən, leqallaşdırılmasından, sağlam və təhlükəsiz əmək şəraitindən, işəgötürənlərin və işçilərin hüquqlarından, qanunvericilik bazasından və bu sahədə qarşıda duran vəzifələrdən danışılıb.
“2021-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmək üçün 1960-dan artıq müəssisə, təşkilat, sex və sahədən 167 müəssisənin sənədi daxil olub. Müsabiqə Komissiyasının iclasında daxil olmuş sənədlərin hamısı müzakirə edilib yekdil qərarla 48 müəssisə, təşkilat, sex və sahənin yüksək göstəriciləri müəyyən edilib, İcraiyyə Komitəsinin müzakirəsinə təqdim edilib və onlarda müsabiqənin qalibi elan olunub.
“Azərişıq” ASC-nin “Ağıllı Şəbəkələrin Baş İdarəetmə Mərkəzi”nin Çağrı Mərkəzi fəxri diploma layiq görülüb.
Qeyd olunub ki, “Azərişıq” ASC-də əməyin mühafizəsi, leqallaşdırılması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, işəgötürənlərin və işçilərin hüquqlarının qorunması və digər sahələrdə qarşıda duran vəzifələr uğurla icra olunub.