Qərbi azərbaycanlı qadınlardan Rusiyaya KƏSKİN ETİRAZ

Qərbi Azərbaycan İctimai Birliyinin Qadınlar Şurası Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətinə və təcavüzkar əməllərinə kəskin etiraz edib və bununla bağlı bəyanat yayıb.

Kanal32.az həmin bəyanatı olduğu kimi təqdim edir:

Qərbi Azərbaycan İctimai Birliyinin Qadınlar Şurasının

                                                BƏYANATI

Rusiya iki aya yaxındır ki, Ukrayna ərazisini işğal etmək məqsədilə müharibəyə başlayıb. Rusiyanın silahlı qüvvələrinin atdığı raket və bombalar Ukraynada çoxsaylı yaşayış məntəqələrini xarabazarlığa çeviribdir. Çoxsaylı qocalar, qadınlar, uşaqlar həyatlarını itirib, yaşayış yerlərini tərk etməli olublar. Çox təəssüf ki, hazırda rus əsgərləri işğal etdikləri ərazilərdə zorakılıq hərəkətlərini davam etdirirlər. XXI əsirdə bu cür təcavüz, bu cür zorakılıq hadisələri demək olar ki, qəbul edilməzdir. Dünyanın sivil xalqları Rusyanın bu cür qəddar davranışını ürəkağrısı ilə qarşılayırlar. Ukrayna xalqının ağrı-acısı xalqımıza çox yaxın olduğu üçün, biz bu cür ədalətsizliklə barışmırıq. Ukraynanın bir sıra şəhərlərində törədilən qətilamlar əsrlərdir Azərbaycan xalqının başına gətirilən fəlakətlərlə eyniyyət təşkil edir. Biz Qərbi Azərbaycanlı kökənlilər son 200 il ərzində bu soyqırım, fəlakətləri dönə-dönə yaşamışıq və yaşamaqdayıq. Demək olar ki, bu gün Ukraynanın başına gətirilənləri bizim üçün törədilmiş faciələrin davamı hesab etmək olar. Gün kimi hamıya aydındır ki, Rusiya Ukraynaya hücumu ilə imperialist siyasətindən əl çəkmədiyini bir daha sübut etmiş oldu.

Qərbi Azərbaycanın 16 mahalının üzərində Rusyanın dəstəyi ilə qondarma erməni terror dövləti yarandı. Çoxsaylı yaşayış məntəqələrini, qəbristanlıqları xarabazarlığa çevirdilər. Yüz minlərlə insanları soyqrıma məruz qoydular. Bütün bu hadisələr illərlə dünyanın gözü qarşısında baş verdi və nəticədə 1988-ci ildən bu yana həmin ərazidə “Türksüz ermənistan” yaratdılar. Xocalı, Başlıbel, Qaradağlı və digər ərazilərində tökülən qanlar da qəlbimizi göynədir. Günahsız insanların qanının tökülməsi bir ana kimi bizi olduqca narahat edir. Müharibə hər iki tərəfə ziyanlıq gətirir. Rus anaları da öz övladlarını itirir. QAİB Qadınlar şurası olaraq, Rusiyadan tezliklə müharibəni dayandırmasını tələb edirik. Çox istərdik ki, övladları yad ölkənin ərazisində həlak olan rus anaları da səsimizə səs versin. Bilirik ki, bəşəriyyəti anaların sülhpərvər istəkləri xilas edəcək!

Qərbi Azərbaycan İctimai Birliyinin Qadınlar Şurası