Azərbaycanın Quba bölgəsində olan tarixi yerlər və abidələr-FOTO

Azərbaycanın ən qədim və əsrarəngiz bölgələrindən biri də, Quba bölgəsidir.     Quba əfsanəvi və tarixi diyardır. Bu bölgədə elə yerlər vardır ki, ora insan ayağı dəyməmişdir. Qubanın öz tarix-memarlıq abidələrinə xüsusi hörmət və təəssübkeşliyinin təsdiqi olan hissələr xalqın keçmişinə bəslədiyi məhəbbətinin, bugününə diqqətinin, sabahına göstərdiyi qayğısının əyani təzahürüdür. Kökləri qədimlərə gedib çıxan Quba maddi-mənəvi sərvətləri və unikal memarlıq abidələri ilə zəngindir.

Yaşayış məntəqəsi olaraq Quba XII əsrdən Şirvanşahlar dövlətinin tərkibində tanınmışdır. Quba əhalisinin etnik tərkibinin müxtəlifliyinə görədə fərqlənir.  Burada azərbaycanlılarla yanaşı, tat, ləzgi, xinalıqlı, haput, qırız və digər xalqların nümayəndələri məskunlaşmışdır. Quba həmçinin dağ yəhudilərinin ən sıx yerləşdiyi bölgədir.  Yəhudilər XVIII əsrin ortalarından Qubanın  əsasən Qırmızı qəsəbə adlanan hissəsində  məskunlaşmışlar.

Hazırda Qubada ümummilikdə 162 tarixi abidə qeydə alınmışdır ki onlardan biri dünya əhəmiyyətli Xınalıq kəndidir. O cümlədən, Qudyalçayın üzərində yerləşən Tağlı körpü (1894), Səkinəxanım məscidi (XIX), Hacı Cəfər məscidi (1905), Cümə məscidi, Gümbəzli hamam (XVIII-XIX) və bir sıra yaşayış binaları Qubada yerləşən memarlıq abidələrindəndir.

Quba ilə Qırmızı Qəsəbəni birləşdirən, Qudyalçayın sol sahilində yerləşən Tağlı körpünün tikintisinə 1894-cü ildə başlanılmışdır. 14 daş dayaq üzərində tikilmiş körpünün yarımdairəvi biçimli tağlar sistemi bişmiş kərpicdən hörülmüş və bir-birindən 11,1 metr aralı olan dayaqlara soykənmişdir. Körpünün tağları altından hər iki sahildəki yaşayış məntəqələrinin vardır. Körpünün hər tağı 70 sm enindədir və əsas kərpic hörgüsü ilə birlikdə inşa edilmişdir. Əvvəllər şəhərlərarası nəqliyyat və digər yük avtomobillərin hərəkəti olmuşdur. Lakin 1990-cı ildə körpü qəzalı vəziyyətə düşdüyündən avtomobillərin hərəkəti dayandırılıb.  Tağlı körpü 2013-cü ildə restavrasiya olunmuşdur və memarlıq abidəsi kimi dövlətin mühafizə etdiyi abidələr siyahısına daxil edilmişdir.

Səkinəxanım məscidi  1854-cü ildə Azərbaycanın böyük yazıçısı və tarixçisi Abbasqulu Ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım tərəfindən tikdirilmişdir. Xüsusi memarlıq üslubu ilə Səkinəxanım məscidi  digər məscidlərdən fərqilənir. Döşəməsi daş plitələrlə örtülmüş, tavanı dörd böyük sütun üzərində dayanmışdır. 1930-cu ildə məscid Sovet Hakimiyyəti tərəfindən bağlanmış və  anbar kimi də istifadə olunmuşdur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə məsciddə təmir işləri aparılıb və məscid dindarların istifadəsinə verilmiş, ətrafına hasar çəkilmiş, su, kanalizasiya, işıq ,qaz xətləri bərpa edilmişdir. 1990-1993-cü illərdə dəstəmazxana və baş köməkçi binalar tikilmişdir. Məscidin bayır tərəfdən qapısının üstündə ərəb əlifbası ilə yazılmış lövhə var. Məscidin günbəzinin üstündə məscidin şərəfəsi yerləşir. Şərəfəyə çıxmaq üçün yer məscidin içindədir. Hal-hazırda məscidin təmirə ehtiyacı yoxdur.  Dindarlar tərəfindən məscid kimi istifadə olunur. [1]

Hacı Cəfər məscidinin tikintisi 1905-ci ildə Hacı Cəfər adlı dindar tərəfindən aparılmışdır. Yerli mənbələrə görə 1905-ci ildə erməni-tatar müharibəsi zamanı Qubada etnik azərbaycanlılara soyqırım törədən erməni silahlı dəstələri qocaları, qadınları, uşaqları bu məscidə yığıb diri-diri yandırmaq istəmişlər. Məscidin axundu  Hacı Cəfər erməni silahlı dəstələri ilə danışıqlar  apararaq bunun qarşısını ala bilmişdir. Hacı Cəfər evində erməni uşaqlarını öz uşaqları kimi böyütmüşdü. Bir neçə məscidin əhatəsində olan Hacı Cəfər məscidi Qubanın mərkəzində, yerləşir. Yaranma tarixi və formasına görə qubada olan məscidlərdən fərqlənir.  Sahəsi 400 m2 təşkil edən Hacı Cəfər Məscidi şəhərin ən böyük məscididir.  Məscid bişmiş kərpicdən inşa olunmuş, 4 otaqdan ibarətdir. Məscid planda dördbucaqlı olub, əsas ibadət zalından və önündəki köməkçi otaqlardan ibarətdir. Məscidin əsas baş girişi şimal tərəfdəndir. Mehrab qapı ilə üzbəüz yerləşib. Əsas zalın ortasında tavan örtüyünü saxlamaq üçün iki ədəd sütun vardır. Qadınlar üçün ayrılmış kiçik zal ikinci mərtəbədə yerləşir. Məscidin günbəzi xaricdən ağ dəmir ilə örtülmüşdür. Məscidin şərəfi gümbəzin üzərində yerləşir. Şərəfə çıxmaq üçün içəridə sağ tərəfdə pilləkənlər var.[2]

Azərbaycanda sovet hökuməti qurulduqdan sonra bir çox məscidlər kimi Hacı Cəfər məscidi də bağlanmış, əvvəl tələbə evi daha sonra isə taxıl anbarı kimi istifadə olunmuşdur. Nəhayət 1944-cü ildən məscid kimi fəaliyyət göstərir və bu məsciddə həm şiələr, həm də sünilər birlikdə ibadət edirlər. Məscid 2014-cü ildə təmir edilmişdir.

Zəngin memarlıq üslubuna malik Cümə məscidi ölkənin bütün şimal-şərq bölgəsində ən qədim məscidlərdən biridir. Cümə məscidi 1802-ci ildə Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl əfəndinin maddi yardımı ilə tikilmişdir.  Tikintisinə 1792-ci ildə başlanmış 10 ilə başa çatdırılmışdır. Məscidin sahəsi 400 m2 – dir. Məscidin  tikintisində zığ kərpic və yumurta, un və əhəngdən istifadə olunmuşdur.  Məscid 1924-cü ilədək fəaliyyət göstərmiş, lakin bir sıra məscidlər kimi sovet imperiyası dövründə onun fəaliyyəti qadağan edilmişdir. 1933-cü ildə məscidin tərkibində olan mədrəsə dağıdılmış daha sonra isə minarə və digər tikililər dağıdılmağa başlanılmışdır. Artıq  məscidin dağıdılacağını bilən rayon əhalisi, gecə ilə dəyirman daşlarını və çuvallarla buğdalarını gətirib məscidi dəyirmana çevirərək onu dağılmaqdan xilas etmişlər. Sonralar məscid anbar kimi istifadə olunmuşdur. Həmçinin məscid xalça muzeyi kimi də fəaliyyət göstərmişdir. Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra məscid yenidən dindarların istifadəsinə verilmiş və dini qurum kimi ədliyyə nazirliyində qeydiyyatdan keçmişdir. Qısa müddət ərzindən məscidin ətrafına şəbəkəli hasar çəkilmiş, su-konalzasiya xətləri qoşulmuş, dəstəmazxana və mədrəsənin tikintisi də başa çatmışdır və digər abadlıq işləri də görülmüşdür. Türkiyənin Dini İşlər Nazirliyinin Azərbaycandakı nümayəndəliyi məscidə 5 min dollar dəyərində minbər bağışlamışdır. Həmin qurum, qubalı dindarların xahişlərini nəzərə alaraq, burada hündürlüyü 50 metr olan minarə də inşa etdirib.[3]

Cümə məscidi 200 illik tarixin yadigarıdır.

Qubanın qədimliyini əks etdirən tarixi mədəniyyət abidələrindən biridə Gümbəzli hamamıdır. El arasında “Çuxur hamam” adlanan Gümbəzli hamam XVIII-XIX əslərə aid Şərq memarlığının ən orijinal nümunələrindəndir. Gümbəzli hamam ümumi bir zaldan, bəylər üçün nəzərdə tutulan 4 otaqdan, istirahət və çay içmək üçün planlaşdırılan daha 3 otaqdan ibarətdir. Hamam 1 qapılı, 6 pəncərəli, 1 mərtəbəlidir və qırmızı kərpicdən inşa edilib. Bu səbəbdən bəzən bu hamama qubalılar Qırmızı hamam da deyirlər. Hamamın içərisində milli ornamentlərdən xüsusi ustalıqla istifadə edilib. Böyük və kiçik olmaqla iki tağdan ibarətdir.[4]

Gümbəzli hamamən qızdırılması zamanı istilik sistemi yalnız odunla olmuşdur. İstilik  sobası həm də döşəmənin isidilməsində istifadə olunub. Sobadan hamamın döşəməsi boyu istiliyə davamlı kərpicdən kanallar çəkilib və çıxan istilik həm də döşəməni isidmişdir. Hamam 1985-ci ilə qədər fəaliyyət göstərmişdir. Lakin kanalizasiya sisteminin tutulması nəticəsində hamamın fəaliyyəti dayandırılmışdır. Yerli mənbələrin məlumataına görə Gümbəzli hamam həmdə müalicəvi hamam olmuşdur.

Gümbəzli hamam erməni vəhşiliklərinə şahid olan tarixi abidələrdəndir. 1918-ci ildə erməni quldurları qubada qətliamlar törədərkən əhalinin bir hissəsi Gümbəzli hamamda gizlənmişdir. Lakin yerli ermənilərin bələdçiliyi ilə erməni dəstələri burada gizlənmiş insanlara divan tutmuşdur. Insanları hamamın isti buxarında boğaraq onların cəsədlərini çalalara atmışlar. Qubada 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıqdan tapılmış insan qalıqları üzərində aparılmış ekspertizalar nəticəsində məlum olmuşdur ki burada basdırılan bəzi insanların bədəni bürüşmüşdür. Bu da, həmin insanlara isdi buxarın verilməsindən xəbər verir. Sonuncu dəfə 1986-1987-ci ildə təmir olunan hamam uzun müddət qəzalı vəziyyətdə olmuşdur. Nəhayət 2015-ci ildə ABŞ Səfirliyinin Mədəni irsin Qorunması Fondunun maliyyə dəstəyi və Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəklində hamamın bərpası gerçəkləşmişdir. Gümbəzli hamam Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunmaqdadır.

XIX əsrdə qubanın zəngin sakinlərindən biri olan Əlibaba Bağırovun tikdirdiyi yaşayış evi dövrün göz oxşayan memarlıq incilərindən olmuşdur. Əlibaba Bağırovun yaşayış evi Quba şəhərinin qədim küçələrindən olan Ərdəbil küçəsində yerləşir. Bina XIX əsrin ortalarında tikilmişdir. Binanın inşasında bişmiş kərpicdən istifadə edilmişdir.Bina iki mərtəbəlidir, 4 otaqdan və bir aynabənddən ibarətdir. Evin 5 pəncərəsi və 4 qapısı var. Binanın sahəsi 70 kv-metrdir. Hazırda bina şəxsi ev kimi istifadə edilir. Bina sakinləri tərəfindən vaxtaşırı təmir edilir və  texniki cəhətdən yaxşıdır.

Quba şəhərinin əsrarəngiz gözəlliyinə gözəllik qatan növbəti tarixi abidə isə Quba sakini Əliqulu Əhmədova məxsus yaşayış evidir. Bina, Quba şəhəri Qələbə küçəsində yerləşir. XIX əsrə aid olan qırmızı kərpiclə tikilmiş  bina 2 mərtəbəlidir.

Binanın tikilişində milli ornamentlərdən istifadə olunmuşdur. Aynabəndi və dam örtüyü xüsusi gözəlliyə malik  bina yaşayış evi kimi dövlət tərəfindən mühafizə olunur. Hazırda  həmin  evdə Əliqulu Əhmədovun nəvəsi Orucəli Əhmədov yaşayır. Binanın birinci  mərtəbəsindən  mağaza  və anbar kimi istifadə olunur. İkinci mərtəbə 4 otaq, 1 aynabənddən  ibarətdir.

Tarixi abidələr Azərbaycanda yaşamış insanların tarixən keçdikləri keşməkeşli və şərəfli həyat yollarından qədim yaşayış məskənlərindən bəhs edən qədim mədəniyyətinin göstəricisidir. Ulu əcdadlarımızın bizə yadigar qoyduğu bu günümüzə qədər tam gəlib çatmış abidələri qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

 

Nazilə Məmmədova

Soyqırımı Memorial Kompleksinin aparıcı mütəxəssisi