ŞUŞA – ZƏFƏR QURULTAYI

Ölkəmiz çox mühim tədbirin astanasındadır. Bu həftə Dünya Azərbaycanlılarının Zəfər Qurultayı keçiriləcək. Tədbirin baş təşkilatçısı Diasporla iş üzrə Dövlət Komitəsidir.
Mən bu tədbiri Azərbaycan Respublikasının Qarabağ strategiyasının təqdirəlayiq taktiki gedişatı hesab edirəm. Məkan, miqyas və vaxt kriteriyaları belə düşünməyə əsas verir. Qurultay Şuşada, dünyanın müxtəlif ölkələrindən gələcək azərbayanlıların iştirakı ilə və Ermənistanın məğlubiyyət diskursu günlərində keçirilir. Dövlətimizin bu layihəsinə əslində informasiya əməliyyatı da demək olar ki, onun müsbət nəticələrini hiss edəcəymizə əminəm.
Tədbirin başqa hədəfləri də var: diaspor – hakimiyyət həmrəyliyini bərkitmək, səfirliklərlə diaspor qurumları arasında ikitərəfli yolu möhkəmləndirmək, bəzi ölkələrdə onu qurmaq, bəzilərində bərpa etmək və s. Lakin, əsas məqsəd, zənnimcə, siyasi opponentlərimizin ruh düşkünlüyünü dərinləşdirməkdir. Şuşanın parlaq işıqları fonunda Prezident İlham Əliyevin dünya azərbaycanlılarının əhatəsində nəzərdə tutulan nitqi çox güman ki, Ermənistanın növbəti gündəmi olacaq.
Amma bu ümummilli meqalayihə fonunda bir nifrət leksikası, qeyri-sağlam yanaşma, tərbiyəsizlik də sərgilənir, etik müflislik bütün rəngarəngliyi ilə müşahidə edilir. Belə ki, bir neçə nəfər tədbirə dəvət almadığından Diaspor Komitəsinin məmurlarını fakt və sübutsuz ittiham edirlər. Jurnalistikanı şər-böhtanla səhv salanlar əlbəttə ki, faktçekinq, plüralizm, dialogizmdən xəbərsiz olsalar da, diasporun böyük kəsiminin mediasavadsız olduğunu da yaxşı başa düşürlər. Ona görə də anormal ritorikanın hər smartfona gəlib çıxmasının da səbəbkarı elə diasporun sözügedən kəsimidir. Çünki Rusiyadakı Azərbaycan diasporu fəalları zahirən sağlam olsa da, mənəvi şikəst, etik müflis və nəhayət toksigenli vücudlarla ünsiyyətdədir, onlarla əməkdaşlıq edir, elələrini tədbirlərinə, hətta ailə məclislərinə çağırır və nəhayət belələrinin 37 ci ilin donosları üslubundakı səs yazılarını, şizofrenik videomüraciətlərini biri birilərinə ötürürlər, sanki bu bölüşmələrlə öz mənəvi tələbatlarını ödəyirlərmiş kimi. Cəmyyətdə kübar görünməyə çalışanlar, gizlində Rusiyada qaragüruhu dinləyir, seyr edirlər və bu reallığı heç kəs təkzib edə bilməz.
Deməliyəm ki, mən tənqidə yaradıcılıq prosesi kimi normal yanaşıram. Amma tənqiddə mövqe əsaslı olmalı, janr, üslüb, leksik qaydalara, peşə etikasına riayət edilməlidir. Bu günlərdə Diaspora Komitəsinin fəaliyyətinə münasibətdə səslənən və yayılan soz yığınında sadalanan kriteriyaların heç biri yoxdur.
Təklif edirəm ki, dövlət, millət və onun fəal kəsiminə, intellektual və faydalı fərdlərinə böhtan atan toksigenli vücudlar sağlam və faydalı diaspor üzvləri tərəfindən təcrid edilsin. Müalicəsi mümkünsüz mərəzi tibb elmində də kəsib atırlar, amma Rusiyadakı diaspor fəallarının əksəriyyəti “məndən yan ötdü” prinsipi ilə kəsilməli artığ ətin uzunmüddətli terapiyası ilə məşğuldur.
Mətnlə işləyən bir ali məktəb müəllimi kimi deyə bilərəm ki, bu günlər ərzində Diaspora Komitəsinin ünvanına səslənən ittihamlar yersiz, əsasız, mifik, qara təbliğat nümunəsi olmaqla xəstə təxəyyülün məhsuludur. Cümlə qurluşu, müraciət edilən leksika, səthi tarixi paralelər müəlliflərin jurnalistika, ictimai iş, etik qaydalar, sosial məsuliyyət və mədəniyyətən uzaq, natamalıq kompleksi yaşayan fərd olduğu fikrini təsdiqləyir.
Öz tərəfimdən Zəfər Qurultayının işinə uğurlar arzulayır, dövlət və millətimiz üçün yeni qələbələrə yol açmasını diləyirəm.
P.S. Mövzu Vətəndirsə, qalanı təfərüatdır!

 

Anar Həsənov,

Politoloq, müstəqil jurnalist

Moskva