“Uşaqlıq xatirələrimin bir hissəsi Xocalı ilə bağlıdır”-FOTO

Uşaqlıq xatirələrimin bir hissəsi Xocalı ilə bağlıdır. Daşlarının üstündəki mamırların iyini hələ də xatırlayıram. Bizim kəndimizdən fərqli relyefi olduğu üçün hər şey mənə maraqlı gəlirdi. Ona gorə bu günkü kimi xatirimdədir. Çayını, dağlarını, meyvələrinin dadını, meşələrini, helikopter meydançası, qonşular, Dilarə xalamın evi, təndirastanı, o təndirdə bişən çörəyin qoxusu, salxım-salxım gilaslar,gecə eyvandan görünən Şuşanın işıqları (Aslan dayıdan soruşdum o, uzaqdakı işıqlar nədi?-Şüşənin işıqları dedi), bir də bulaqdan su gətirmək üçün, Xankəndinə tərəf uzanan asfalt yol.

O yolu keçəndə, qızlar deyirdi tez-tez keçin indi haylar maşınla keçərlər birdən. Sözlərin mənası mənə qəribə görünürdü, eynilə Xankəndində olanda, Dilarə xalamın əlimi buraxma haylar səni oğurlayar cümləsi kimi qəribə! Əsgəran qalasınıda ilk dəfə mənə o göstərmişdi, Xankəndini gəzdirmişdi, görəndə heyrətləndiyim, heç vaxt bu qədər çox adamı bir arada görmədiyim Ağdamın bazarından mənə sandal da almışdı.

Sevmədiyim bircə şey-gecə yarısı qəfil başlayan güclü yağış və şimşəklərin şaqqıltısı idi, eynən həmin axşam yagan güllə yağışı və silahların şaqqıltısı kimi!

Leyla Calalova
tarix üzrə fəlsəfə doktoru