Bu ictimai birlik “Böyük Qayıdış”a dəstək verəcək

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci il fevralın 1-dən “Böyük Qayıdış”a dəstək göstərmək üçün yeni layihəsinə start verib.

Layihənin rəhbəri Fərman Nəbiyevin açıqlamasına görə, ilk növbədə köçkünlərin Mingəçevir şəhərində məskunlaşdığı 10 məntəqədə sorğu və 3 məntəqədə dialoq aparmaq nəzərdə tutulub: “Biz müxtəlif yaş və sosial statusda olan 110 nəfəri sorğuya və 3  qrup üzrə 30 nəfəri isə dialoqa cəlb etməklə real vəziyyəti öyrənmək istəyirik. Məqsəd köçkünlərin özlərindən torpaqlara qayıdışın əhəmiyyəti ilə bağlı fikirləri əldə etmək, hansı həlqələrdə tıxacların olduğunu müəyyənləşdirməkdir. Niyyətimiz budur ki, indiyə kimi məskunlaşdıqları ərazilərdə öz mühitini yaratmış insanların nə kimi şərtlərlə dönəcəyini bilək və müvafiq addımlar atmaq üçün hökümətə  ismarıclar ötürək”.

“Məcburi köçkün icmalarında yaşlılar və gənclər arasında qayıdış perspektivi ilə bağlı sorğu və dialoqların keçirilməsi” adı ilə 2022-ci il aprelin sonunadək davam edəcək layihə  Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə gerçəkləşir.