Qahirədə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Misirdəki səfirliyində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin əməkdaşları, diaspor nümayəndələri və jurnalistlərin iştirak etdikləri tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən fotostend ilə tanış olublar. Həmçinin təşkil olunmuş dəyirmi masada Qanlı Yanvar hadisələrinin səbəbləri və nəticələri barədə ətraflı məlumat verilib. Natiqlər vurğulayıblar ki, həmin ağır günlərdə Moskvada olan ulu öndər Heydər Əliyev respublikamızın daimi nümayəndəliyinə gələrək öz xalqı ilə həmrəyliyini nümayiş etdirib və bu dəhşətli cinayətin təqsirkarlarını kəskin şəkildə pisləyən bəyanatla çıxış edib.

Tədbir çərçivəsində Misirin Orta Asiya və Şərqi Avropa ölkələri üzrə mütəxəssisi, tanınmış tədqiqatçı, jurnalist Məhəmməd Sələmənin Qanlı 20 Yanvarın ildönümünə aid “Qanlı Yanvar…Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitab və ərəb dilində çap olunan digər kitablar təqdim edilib.

Misir KİV-ində 20 Yanvar faciəsi ilə bağlı Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin və tanınmış tədqiqatçı, jurnalist Məhəmməd Sələmənin məqalələri dərc edilib.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə