“Bir qrup qaragüruh isə xalqı çaşdırmaqla məşğuldur”-Deputat

“2022-ci ilində əvvəlində dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da unun, eləcə də çörəyin qiymətində artım müşahidə edilir. İlk növbədə, bu, dünya bazarından asılı olan məsələdir. Azərbaycan dünyanın bir parçası kimi bu məsələdən kənarda qala bilməz. Nəzərə alaq ki, Azərbaycan taxılın müəyyən hissəsini xaricdən idxal edir. Deməli, qiymət artımına müvafiq olaraq Azərbaycanda da unun və çörəyin qiymətində artım baş verib”.

Kanal32.az-ın məlumatına görə,bunu  açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, bundan sonrakı mərhələdə daxili istehsalın həcmini artırmağa çalışmaq lazımdır: “Dövlət tərəfindən görülən müəyyən tədbirlər bundan sonra da davam etdiriləcək. Dövlətlə bərabər fermerlər də daxili bazarı tənzimləmək üçün daha çox taxıl istehsalı həyata keçirməlidirlər. Ümumiyyətlə daxili tələbatı tam ödəmək üçün müəyyən tədbirlərin reallaşdırılması vacibdir. Baş verənlərin fonunda bir qrup qaragüruhçu belə məqamlardan istifadə edərək vətəndaşları çaşdırmaq istəyirlər. Əhalini etiraza səsləyərək ölkədə qarşıdurma yaratmaq istəyənlər var. Bunlar, əlbəttə ki, radikal müxalifətdir. Onlar hər zaman ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, güclü Azərbaycan konsepsiyasına qarşı çıxırlar. Həmin radikal müxalifət 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbəyə də kölgə salmaq istəyirlər. Daha əvvəl də silahlı qüvvələrə qarşı qarayaxma kampaniyası aparırdılar. Bu, yolverilməzdir, çünki xalqımız yaxşı bilir ki, qiymət artımı bütün dünyada müşahidə edilir. Bəlkə də ən az qiymət artımı Azərbaycandadır”.

C.Osmanov, həmçinin Qazaxıstanda baş verən son hadisələrin fonunda Azərbaycanda da əhalini etiraza səsləyən qüvvələr barədə münasibət bildirib: “Biz bu günlərdə Qazaxıstanda baş verən hadisələri müşahidə edirik. Bu, xoşagəlməz haldır və birbaşa Qazaxıstanın müstəqilliyini sual altında qoyur. Belə məqamda radikal müxalifət, qaragüruh qüvvələr xarici dairələrdən, xüsusilə də erməni lobbisində aldıqları tapşırıqları yerinə yetirmək üçün əhalini qarşıdurma yaratmağa meydanlara çağırırlar. Onlar Azərbaycanın zəifləməsi, müstəqilliyin əldən getməsi üçün iğtişaş yaradırlar. Hesab edirəm ki, Azərbaycan xalqı müdrikdir və belə qaragüruh qüvvələrin cavabını vərəcək. Bu gün ölkədə xalq-iqtidar birliyi möhkəmdir və Azərbaycan xalqı Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməklə daha güclü və qüdrətli ölkəyə çevrilib”.