Səbinə Hüseynova: «Əsas odur ki, ictimai rəy də atamın günahsız olmasına köklənibdir, hamı bilir ki, o, dövlətinə və Prezidentinə həmişə sadiq olub, elə də qalır…»
Hazırda həbsdə olan sabiq baş Prokuror, Azərbaycanın Serbiyadakı sabiq səfiri Eldar Həsənovun qızı, hüquq üzrə fəlsəfə doktoru Səbinə Hüseynovanın «Təzadlar»a müsahibəsini təqdim edirik:
– Səbinə xanım, əvvəlcə özünüz barədə: peşəniz, hazırda işlədiyiniz sahə və s. haqqında nə deyə bilərsiniz?
-Hüquq elmləri üzrə fəlsəfə doktoruyam, Türkiyədə 20 ildir ki, ailəmlə birlikdə yaşayıram. Bir Türk şirkətində uzun illərdir idarə heyəti sədrinin müavini vəzifəsində çalışıram. Beynəlxalq iqtisadi əlaqələr sahəsinə nəzarət edirəm…
-Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya “Açıq məktub”larınızdan xəbərdarıq. Reaksiyalar oldumu? Oldusa, necə oldu?
-Təssüflər olsun ki, gözlədiyimiz reaksiya bu günə qədər verilməyib… Amma inanıram ki, reaksiyalar olacaq. Əsas odur ki, ictimai rəy də atamın günahsız olmasına köklənibdir, hamı bilir ki, o, dövlətinə və Prezidentinə həmişə sadiq olub, elə də qalır… Allah böyükdür, inanram ki, haqq öz yerini tutacaq…
-Bəs Siz hansı reaksiyaları gözləyirdiniz?
-Düşünürəm ki, ölkə başçımız Cənab İlham Əliyev, I vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın başları ölkənin taleyüklü məsələlərinə qarışdığından belə məsələlərlə məşğul olmağa vaxtları yoxdur. Bilirsiniz ki, dünyanın gözü və diqqəti bir ildir Azərbaycandadır. Cənab Prezidentin az qala hər günü, hər saatı Qarabağın dirçəldilməsinə, beynəlxalq diqqətin Azərbaycana daha şəffaf formada, ədalətli yanaşmasına və s. köklənib… Uzun illər Azərbaycan dünyanın ədalətsizliyi ilə üz-üzə qalmışdı, şükürlər ki, bunlar arxada qalmışdır… Lakin aiddiyyatı şəxslər ölkə rəhbərliyinə atamın səhhəti və istintaqın gedişi ilə bağlı obyektiv həqiqətləri vaxtında məruzə etsəydilər, vəziyyət bu cürə acınacaqlı olmayacaqdı və onlar tərəfindən adekvat reaksiya göstərilcəkdi…
– Atanız tanınmış və nüfuzlu şəxsdir. Belə statuslu şəxslərə qarşı hansısa oxşar addım atılanda hamı düşünür ki, ortada nəsə qaranlıq suallar var. Sizə görə bu qaranlıq suallar hansılardır?
-Hesab edirəm ki, atamın həbsi özü də qeyri- qanunidir. Ona qarşı irəli sürülmüş qondarma ittihamlar heç bir sübuta, dəlilə söykənmir. Atam Azərbaycana 9 avqust 2020-ci ildə Serbiyanin rəsmi heyəti ilə gəlib. Görüşlər keçirib, sonra da qayıtmalı idi. 13 avqust saat 9.30 XİN-nə yeni təyin olunmuş nazir Ceyhun Bayramovla görüşü vardi, evdən çıxdığında DTX əməkdaşları atamı saxlayıb ona şübhəli şəxs kimi ittiham irəli sürüblər və 16 aydır ki, atam DTX-nın İstintaq Təcridxanasında saxlanılır… Qaranliq suallar çoxdur! Əgər ki, səfir Eldar Həsənova irəli sürülməli olan ittihamlar əvvəldən var idisə, niyə onda rəsmi heyətlə birlikdə Azərbaycana çağrılırdı? Tək çağırmaq mümkün deyildi? Belə çıxır ki irəli sürülmüş ittihamlar bir günə hazırlanıb? Heç bir şəkildə sübut oluna bilinməyən və cinayəti törətməyən bir insanı nədən təcridxanada 16 ay saxlayırlar?
-İctimai rəy belədir ki, ortada siyasi bağlılığı olan suallar var: bu nə ola bilər sizcə? Həm də sual yaranır: daim dövlətçiliyi sevən, Prezidentinə sadiq olan bir səfir nə edə bilər ki, ona qarşı belə addım atılır? Siz necə düşünürsünüz?
-Düşünürəm ki, bu həbs barədə cənab Prezidentin təbii ki, xəbəri olmalıdır. Hər gün səfir həbs olunmur. Amma o başqa sualdır ki, istintaq Prezidentə nələri və necə təqdim edib, vəziyyəti necə məruzə ediblər… Atam 20 ildən çoxdur ki, 4 ölkədə səfir işləyib. Həmin ölkələr ilə Azərbaycan arasında strateji dotluq və əməkdaşlıq münasibətləri yaranıb və yüksələn xətlə də inkişaf edib. Bü gün də həmin ölkələrdə Azərbaycan bayrağı dalğalanır. Ümumilli Liderimiz Heydər Əliyevin və Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin heykəlləri həmin ölkələrdə ucaldılıb, parklar salınıb… Zənnimcə, ölkə başçımız cənab İlham Əliyevə düzgün məlumatlar verlməyib, həqiqətlər bu gün də gizlədilir…
– Amma ictimai rəy həm də ona köklənib ki, hələ 1997-98-ci illərdə Eldar Həsənovla münaqişədə olan məmurların bu işdə rolu var. Özünün məhkəmədəki çıxışında da bu barədə vurğulanıb. Həmin hələ də “ayıq” qüvvələr ən yuxarı səviyyədə aravuran informasiya daşıyıcısı kimi görünür. Onlar E.Həsənovu nədə günahlandıra bilərdilər ki?! Bu barədə sizin nəsə bilginiz, qənaətiniz, şübhəniz nədir?
-Atam əvvəlcə susdu, çünki günahsız olduğunu bilirdi… Və bir ildən sonra verdiyi ilk açıqlamasında da qeyd elədiyi kimi, əsl səbəb atamın guya siyasi müxalifətlə əlaqədə olması və digər bu tipli absurd informasiyalar bir neçə mənbədən Cənab Prezidentə verilərək onu inandırmağa nail oldular. Sonra da bu ittihamlar və yalan məlumatlar öz təsdiqini tapmadığından həmin məlumatları verən şəxslər qorxularından gedib həqiqəti məruzə etməkdən çəkindilər. Külli aləm bilir ki, Eldar Həsənov hər əməlində Azərbaycan dövlətinin imicini, cənab Prezident İlham Əliyevin adını uca tutub. O, həyatını bu yolda səfərbər edib…
– Azərbaycanın sağlam düşüncəli təbəqəsi inanır ki, E.Həsənov günahsızdır və o, tezliklə azad ediləcək, əsl günahkarlar-ara qarışdıranlar cəzalandırılacaqlar. Siz necə düşünürsünüz?
-Sağlam düşüncəyə malik olmayan, qisas hissi ilə yaşayan məkrli insanlar təssüf ki, həm günahsız insanların məhvinə səbəb olur, həm də ölkənin imicinə böyük zərər verirlər. Qənaətim odur ki, həmin insanlar da bütün imkanları istfadə edib atamın haqqında yalan məlumatları da verməklə atamın həbsinə nail oldular…
– Məhkəmədə baş verənləri hamı bilir və görür. İnanmırıq ki, xırda məmurların törətdikləri, təqsirləndirilən E.Həsənova qarşı rəftarı orta səviyyəli sifariş və qisasçılıq əlamətidir… İctimai rəy buna qarşı oldu, hiss olunur ki, son məhkəmə proseslərində bu hallara son verilib. Doğrudurmu?
-Tam əminəm ki, mənim atam günahsızdır. Atam nə dövlətimizə, nə xalqimiza, nə də Cənab Prezidentimizin adına xələl gətirəcək heç bir iş görməmişdir. Əksinə, o daima ona göstərilmiş etimadı layiqincə doğrultmuş, vətənimizə və dövlətimizə sədaqətlə xidmət etmişdir. Ümid edirəm və əminəm ki, gec və ya tez atamın qanunsuz həbsinə nail olmuş araqarışdıran şəxslər ifşa olunacaqdır. Atamın günahsızılığı onsuz da məhkəmədə sübüuta yetirilib, inşallah, ümid edirəm ki, o tezliklə haqqı olduğu azadlığına qovuşacaqdır.
– E.Həsənovun hazırkı sağlamlıq durumu necədir?
-Atamın sağlıq durumu olduqca kritikdir. İndiyə qədər 4 dəfə məhkəmə zalında huşunu itirib yıxılmışdır. O təxirəsalınmadan xəstəxanaya yerləşdirilmək əvəzinə, istintaq təcridxanasına qaytarılmışdır. Hal- hazırda gündəlik 31 dərman qəbul edir. Hətta dərmanların sayını azaltmaq üçün belə kənardan həkim dəvət edilməsinə icazə verilmir. Bununla bağlı vəkillər tərəfindən verilən bütün vəsatətlər rədd olunur. Atamda xroniki ürək, diabet, bel-onurğa xəstəlikləri ilə yanaşı, son 16 ayda hipertoniya, ağır formada olan beyin probelemləri yarandı. Atamın sağlıq durumunun real vəziyyəti barədə ölkə başçısına məruzə etmirlər. Hesab edirəm ki, sağlığının real vəziyyəti üzə çıxmasın deyə, yanına kənardan həkim buraxılmır.
– Sonda: hakimlərin mövqeyi adətən yuxarıdan gələn tapşırıqlara köklənir. Məhkəmədən hansı qərarı istərdiniz və ya hansı qərarı gözləyirsiniz?
– Belə gedişatla məhkəmədən heç bir ədalətli qərar gözləmirəm. Tapşırıq varsa… Əgər ki, bütün ittihamlar məhkəmədə sübuta yetirilməyibsə, başqa nə deyim… Buna baxmayaraq vəkillərin verdiyi vəsatətlərdən heç biri təmin olunmursa, həkimlər müayinə üçün onun yanına buraxılmırsa, hansı ədalətli qərardan söhbət gedə bilər. Belə fikirdəyəm ki, atama veriləcək cəza hökm də çoxdan hazırdır, sadəcə, hüquqi prosedur olaraq gözləyirlər. Sadəcə, günahsız bir insana niyə belə əzab-əziyyət, işgəncə vermək kimə və niyə lazımdır, onu başa düşmürəm!?
– Səbinə xanım, mən bir dəfə yazmışdım: vəzifədə olanda E.Həsənovun əllərindən öpməyə hazır olanların bu məhkəmə prosesində və ya istintaq vaxtı səsi çıxmırdı. Bəlkə onların səsini biz eşidə bilmirdik?!
-Boş vermək lazımdır bunları… Onlar öz həqiqi üzlərini göstərdilər. Allaha şükr etmək lazımdır ki, məhkəmə və saxta ittihamlar belə insanlarin əsl simalarını da bizə göstərdi…
– Dost dar gündə tanınar! Eldar Həsənovun dostları bu dar gündə necə tanınır?
-Eldar Həsənovun əsl dostları bu gün də yanımızdadırlar. Ona və bizə mənəvi dəstək verirlər. Allah razı olsun onlardan…
– Sonda nəsə demək istərdinizmi?
-Qeyd etmək istəyirəm ki, bütün zülm və işgəncələrə, məruz qaldığımız ədalətsizliklərə, təqiblərə baxmayaraq, atam və ailəmiz bu gün də Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, çox hörmətli I Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya hörmətlə yanaşırıq və onlardan bu ədalətsizliyə son verilməsini gözləyirik. İnşallah, inanıram ki, cənab Prezidentimiz İlham Əliyev atam haqqında ədalətli qərar verilməsinə kömək göstərəcəkdir!!!
-Müsahibəyə görə təşəkkür edirik! Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bilirik ki, bu həmrəylikdə Eldar Həsənovun da əməyi və zəhməti var, o da tezliklə bu həmrəyliyin bəhrəsini görəcək, azadlığına və ailəsinə qovuşacaq…
Dinlədi: Asif Mərzili