Bakının sabiq meri Hacıbala Abutalıbovun 1992-ci ildə Ümummilli lider Heydər Əliyevlə bağlı yaş senzi qadağasının aradan qaldırılması ilə bağlı keçirilən mitinqi öz maraqları naminə istifadə etməsi və o mitinqə heç bir aidiyyəti olmaması haqda hüquqşünas Səməd Vəkilovun Axar.az saytına açıqlaması rezonansa səbəb olub.
Mövzu ilə bağlı Axar.az-a həmin aksiyaların təşkilatçısı olan Arif Rüstəmovun xanımı Həvva Rüstəmova yazılı müraciət edib.
Sözügedən müraciəti təqdim edirik:
“Sizə müraciət edən Ulu Öndərimiz Heydər Əliyevin ən sadiq tərəfdarlarından, 90-cı illərin əvvəllərində Ulu Öndərimizin müdafiəsi ilə bağlı mitinqlərin təşkilatçılarından, azyaşlı oğulları – Ramin Rüstəmov və Tural Rüstəmovla birlikdə həmin mitinqlərdə fəal iştirak edən Arif Rüstəmovun həyat yoldaşı Həvva Həsənovadır.
Müraciətdə məqsədim Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun özündən uydurduğu, mediada, sosial şəbəkələrdə yaydırdığı, əsası olmayan, özünü müdafiə xarakterli, xoş məqsəd daşımayan bir videoda söylədiklərinin heç də həqiqət olmadığına şahidlik etməkdir:
Öncə nəzərə çatdırım ki, Arif Rüstəmov dünyasını dəyişdiyi üçün bu səbəbdən onun xanımı kimi özündən eşitdiklərim, şahidi olduğum məsələləri açıqlamağı özümə borc sayıram. Bunlar tarix üçün əhəmiyyətlidir.
Hacıbala Abutalıbov belə rəy yaratmağa çalışır ki, Ulu Öndər Heydər Əliyevin müdafiəsi, onun hakimiyyətə gəlişini əngəlləmək üçün yaradılan süni yaş senzi məsələsinin ləğvi tələbi ilə 1992-ci ildə keçirilən mitinqlərin təşkilatçısı olub.
Tam məsuliyyətimlə bildirirəm ki, Hacıbala Abutalıbov 1992-ci ildə silsilə şəklində keçirilən mitinqlərin heç birinin təşkilatçısı olmayıb. Mərhum həyat yoldaşım, Heydər Əliyevi səmimiyyətlə sevən, onun müdafiəsinə qalxan Arif Rüstəmov bu aksiyaların təşkilatçılarından biri olub. Onun söylədiklərinin hamısını dəqiqliyi ilə xatırlayıram.
Arif Rüstəmov yeganə şəxs idi ki, iki azyaşlı oğlunu da özü ilə o mitinqlərə aparırdı. Bunu təsdiq edən fotoşəkillər materiala əlavə edilir. Həmin vaxt edilən təhdidlərə, Əmircan qəsəbəsindəki evimizin qəsdən yaradılmasına baxmayaraq, Arif Rüstəmov Ulu Öndər Heydər Əliyevin digər tərəfdarları ilə birlikdə bu aksiyaları təşkil edir və azyaşlı oğlanları ilə birgə iştirak edirdi. Aksiyalardan birində oğlumuz Ramili hətta döyərək, xəsarət yetirmişdilər.
O mitinqlərə Abutalıbovun çağırışı ilə gələn bir nəfər belə olmayıb. Sadəcə, Hacıbala Abutalıbov həmin mitinqlərə bir iştirakçı kimi öz maraqları üçün gəlib, özünü gözə soxmağa çalışıb, indi isə özünü təşkilatçı kimi qələmə verməyə cəhd edir. Bunlar onun ilk günlərdən qeyri-səmimiyyətinin, yalnız öz maraqlarını güdməsinin əyani sübutudur.
Bu gün də əsassız olan bir videonu yayaraq, hansısa korporativ maraqlarını güdür.
Hacıbala Abutalıbov faktiki olaraq Heydər Əliyevin səmimi tərəfdarlarının, o dövrdə fədakarlıq edənlərin zəhmətini, haqqını mənimsəməyə cəhdlər göstərir. Fədakar adamların haqqını danaraq, özünə karyera qurmasını da bizlər bilirik.
Mən həyat yoldaşım Arif Rüstəmovdan eşitdiyim və özümün də şahidi olduğum üçün deyə bilərəm ki, bəli, o aksiyaları Arif Rüstəmovun da ətrafında birləşdiyi “Əlincə” Xeyriyyə Cəmiyyəti təşkil edirdi.
Gənclər də o mitinqə həmin vaxt Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin 19 yaşlı tələbəsi olan Sadiq Qurbanovun təşkilatçılığı və təşəbbüsü ilə toplanırdılar.
Bir məqamı da xüsusi vurğulayım, hətta bir zamanlar Hacıbala Abutalıbov mitinqdə iştirak edən azyaşlı oğlanlarımın guya onun qohumu olması haqda da yalan məlumatlar vermişdi. Arif Rüstəmov bunu sağlığında ifşa etmişdi.
Yeri gəlmişkən, bu proseslərlə bağlı Arif Rüstəmov ölümündən bir neçə ay əvvəl geniş müsahibə vermişdi.
Bildiyim bir məqamı da açıqlayım: Sözügedən mitinqlərdə Heydər Əliyevin müdafiəsi ilə bağlı mitinqlərdə istifadə olunan portretləri Misirxan Vəliyevin evində hazırlanırdı. Bəzilərini isə Arif Rüstəmov öz evimizdə özü düzəldirdi.
Mən bu həqiqətləri deməyi özümə borc bilirəm və xahiş edirəm, dərc edəsiniz. Bu barədə fotoşəkillər əlavə olunur”.