Şərqşünaslıq İnstitutunda tədbir: Elm – insan zəkasının ən böyük nailiyyəti, millətin varlığının təminatçısıdır

Martın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Elm Gününə həsr olunan “Elm – insan zəkasının ən böyük nailiyyəti, millətin varlığının təminatçısıdır” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilən Elm Gününün tarixinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yarandığı günə təsadüf etdiyini bildirib. Akademik qeyd edib ki, ölkəmizdə elmin sürətli inkişafı Azərbaycana həm sovet dövründə, həm də müstəqillik illərində rəhbərlik edən, elmə böyük qayğı göstərən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, Ulu Öndərin elmə verdiyi yüksək dəyərin göstəricisi olan sözlərini xatırladıb: “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”.

Akademik Gövhər Baxşəliyeva AMEA-nın ölkənin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirakından, elmi fəaliyyət sahəsində məqsədyönlü islahatlarından danışıb. O, Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə Milli Strategiyanın hazırlanmasından da söz açıb.

AMEA-nın ötən 77 ildə nailiyyətlərindən bəhs edən akademik Gövhər Baxşəliyeva 64 illik mövcudluğu ərzində elmimizə böyük töhfələr verən Şərqşünaslıq İnstitutunda akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İmanquliyevanın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəblərinin yarandığını, bu gün institutda çalışanların əksəriyyətinin bu böyük alimlərin bilavasitə şagirdləri və davamçıları olduğunu bildirib.

Akademik mart-aprel aylarında Elm Günü ilə bağlı AMEA-nın Rəyasət Heyətində və institutlarında müvafiq tədbirlərin, seminarların, elmi sessiyaların və dəyirmi masaların keçiriləcəyini, AMEA-nın bukletinin hazırlandığını, elmi və elmi-təşkilati fəaliyyətlərində fərqlənən əməkdaşların təltif olunacağını və mükafatlandırılacağını diqqətə çatdırıb.

Tədbirdə institutun icraçı direktoru Ruhəngiz Cümşüdlü, Şərq-Qərb şöbəsinin müdiri Məmmədəli Babaşlı, institutun həmkarlar təşkilatının sədri Sübhan Talıblı və başqaları çıxış edərək Azərbaycan elminin tarixində Şərqşünaslıq İnstitutunun tutduğu yerdən danışıblar. Çıxışlarda elmi müəssisənin kollektivinin əzmlə çalışaraq milli şərqşünaslıq elmimizin şərəfli ənənələrini yaşatdığı, onu inamla yeni zirvələrə doğru apardığı bildirilib.