Sabiq nazirdən həmkarına “tikanlı” sözlər
Azərbaycanın sabiq XİN başçısı Tofiq Zülfüqarovun son paylaşımı müzakirələrə səbəb olub.
Kanal32.az “AzPolitika”ya istinadla xəbər verir ki, T.Zülfüqarov özünün “facebook” səhifəsində digər sabiq XİN başçısı Elmar Məmmədyarovla münasibətlərinin gərgin olmasına, eləcə də ikincinin Rusiyanın Azərbaycandakı şəbəkəsinə aidiyyatına işarə edən fikirlər paylaşıb.
Zülfüqarov paylaşımında yazıb: “Dünən gözlənilmədən ARB-24 məni E.Məmmədyarovla bir verilişdə birləşdirdi. Düşünürəm ki, o, tezliklə Gela Vasadzenin kanalında məni əvəz edəcək… Ah, “Rus evi” – sən nə necə də çoxüzlüsən”.
Əvvəlcə qeyd edək ki, Gela Vasadze tanınmış gürcü blogerdir və öz efirində əsasən müxtəlif politoloqlarla siyasi mövzularda müzakirələr aparır. Son vaxtlara qədər T.Zülfüqarov da mütəmadi olaraq onun efirlərinə çıxırdı. Lakin bir neçə gün əvvəl Zülfüqarov gürcü blogerlə əməkdaşlığı dayandırdığını bəyan edərək, bunu onun kanalındakı “texniki senzura” ilə əlaqələndirdi. Beləliklə, daha ətraflı izah verməyən Zülfüqarov Vasadzenin kanalından ayrıldı.

İndi isə Zülfüqarov həmin kanalda onu E.Məmmədyarovun əvəz edə biləcəyini yazıb. İlk baxışdan burada qeyri-adi nəsə olmadığı görünsə də, Zülfüqarovun bu məsələni Bakıdakı “Rus Evi” ilə, yəni Azərbaycandakı Rusiya şəbəkəsi ilə əlaqələndirməsi maraq doğurub. Bununla da Zülfüqarov E.Məmmədyarovun son dövrlər aktivləşməsini, efirlərdə tez-tez görünməsini dolayısı ilə onun Rusiya şəbəkəsinə aid fəaliyyətilə əlaqələndirmiş olub.
Zülfüqarovun sözügedən paylaşımının altında verilən şərhlərdən birinə cavabı isə onun E.Məmmədyarovla şəxsi münasibətlərinin də gərgin olmasından, ümumiyyətlə, Məmmədyarova və onun fəaliyyətinə olduqca mənfi yanaşmasından xəbər verir.
Belə ki, Zülfüqarov Məmmədyarovu nəzərdə tutaraq yazıb: “Mən fəxr edirəm ki, biz onunla tamamilə fərqliyik, hətta zahiri görünüşümüzlə belə”.
Həmin paylaşımın altındakı daha bir şərhə cavabında isə Zülfüqarov vaxtilə Məmmədyarovun tabeliyində çalışmış Hikmət Hacıyevin(Hazırda Prezidentin köməkçisidir-red.) nazir vəzifəsinə Məmmədyarovdan daha çox layiq olduğuna eyham vurub.
Göründüyü kimi, Zülfüqarovun Məmədyarova şəxsi antipatiyası açıq sezilir və eyni zamanda o, qətiyyən Məmmədyarovla “eyni cəbhədə olmadığına” işarə vurur.
Son günlər mətbuatda E.Məmmmədyarovun Ramiz Mehdiyevin başçılıq etdiyi(Tərkibində Əbülfəs Qarayev, Azad Rəhimov, Eldar Mahmudovun olduğu iddia edilən) Rusiya şəbəkəsində yer aldığına dair dərc edilən məlumatlar fonunda Zülfüqarovun bu paylaşımı təsadüfi görünmür və onun Məmmədyarovun adını obrazlı şəkildə “Rus Evi” ilə, yəni, rus şəbəkəsi ilə birgə hallandırması ondan xəbər verir ki, Zülfüqarov Məmmədyarov barədə yayılan məlum iddiaları təsdiqləyir…

Qeyd edək ki, bundan öncə barəsində yayılan məlumatlara münasibət bildirən Məmmədyarov ölkəmizdəki Rusiya şəbəkəsilə əlaqələrini inkar edərək, özünəməxsus “diplomatik dildə” deyib: “Kiminsə qarnı ağrıyır. Sakit dayana bilmirlər. Görürlər Elmar Məmmədyarov jurnalistlərlə əlaqə saxlayır, televiziyada çıxış edir. Fikirləşirlər ki, necə vura bilərik. Məqsədlərini Allah bilir. Yazan adamın ağlı yoxdur”.
Xatırladaq ki, T.Zülfüqarov 1998–1999-cu illərdə Azərbaycanın Xarici İşlər naziri, daha sonra isə ölkəmizin Latviya və Estoniyadakı səfiri olub. E.Məmmədyarov isə 2004-cü ildən 2020-ci ilə qədər ölkəmizin XİN başçısı olub. Azərbyacanın öz torpaqlarını işğaldan azad etdiyi 44 günlük müharibə ərəfəsində – 2020-ci ilin iyul ayının 16-da vəzifəsindən azad edilib.
Rəhbərlik etdiyi nazirlikdə çoxsaylı və külli miqdarda korrupsiya faktlarının aşkarlanmasına, yüksək vəzifəli şəxslərin həbsinə baxmayaraq, özü məsuliyyətə cəlb olunmayıb. Bundan sonra ona hər hansı diplomatik vəzifə də verilməyib. Maraqlıdır ki, nazir vəzifəsində olduqca az-az danışan və danışdıqalrı anlaşılmayan Məmmmədyarov son zamanlar müxtəlif efirlərdə tez-tez görünməyə başlayıb…
/AzPolitika.info/