Zamanı aşan fikir dünyası -FOTO

Elə  şəxsiyyətlər  var  ki,  onların təsiri yalnız yaşadıqları dövrlə məhdudlaşmır,  əksinə, zaman  keçdikcə  daha  da  dərinləşir  və  bütün  dövrlər  üçün  аktual  olaraq  qalır.  Bu  cür  insanlar  bəşəri  dəyərləri,  ümumi  insani  idealları  təmsil  etdikləri  üçün  hər  əsrdə  yenidən  kəşf  olunur  və  qiymətləndirilir.  Onların  fikir  və  əməlləri  zamanın  sınağından  çıxaraq  cəmiyyətlər  üçün  hətta  böyük  bir  yol  göstəricisinə  çevrilir.  Belə  şəxsiyyətlərin  əsas  xüsusiyyətləri  isə   odur   ki,  onlar   dövrün  dar  çərçivələrinə  sığmayan  ideyalar  irəli  sürürlər.

Əslində  ədalət,  azadlıq,  insan  ləyaqəti, elmə  və  biliyə  hörmət  kimi  dəyərlər   konkret   bir   zamana   aid   deyil.  Məsələn, Sokratın  “özünü  tanı”  fəlsəfəsi   bu   gün  də  insanın  daxili  dünyasını  dərk  etməsi  baxımından  aktuallığını  qoruyub saxlamaqdadır.  Eyni  şəkildə  Nizami  Gəncəvinin  əsərlərindəki  humanizm,  sevgi  və  ədalət  ideyaları  müasir  cəmiyyət  üçün  də  dərin  məna  kəsb  edir.  Tarixdə  bu  cür  şəxsiyyətlər  adətən  cəmiyyətin  problemlərini  hamıdan əvvəl  görən  və  onlara  cəsarətlə  münasibət  bildirən  insanlar  olublar.  Onlar  bəzən  yaşadıqları  dövrdə  anlaşılmayıb,  hətta  təqiblərə belə  məruz   qalıblar.  Lakin  zaman  keçdikcə  onların  haqlı  olduqları  üzə  çıxıb.  Bu  kimi  faktın  özü  isə  bir  daha  göstərir  ki,  həqiqi  böyüklük  ani  şöhrətlə  deyil,  uzunmüddətli  təsirlə  ölçülür.  Bütün  dövrlər   üçün  aktual  olan  şəxslər  həm  də  insanlara  düşünməyi  öyrədiblər.  Onlar  hazır  cavablar  verməkdən  daha çox,  suallar  qoyub,  fərdi   və   cəmiyyəti   düşünməyə   sövq  ediblər.  Bu  səbəbdən  onların   ideyaları   hər  yeni  nəsil  tərəfindən  yenidən  şərh  olunur  və  müasir  şəraitə  uyğunlaşdırılır. Nəticə  etibarilə,  elə  şəxslər  var  ki,  onlar  yalnız öz  zamanlarının  deyil,  bütün   bəşəriyyətin  yaddaşına   məxsusdur.  Onların   aktuallığı  zamanla  azalmaq  əvəzinə,  daha  da  möhkəmlənir.  Çünki  onlar  dəyişən dünyada dəyişməyən  dəyərləri  təmsil  edirlər.  Bu  cür  şəxsiyyətləri  tanımaq,  öyrənmək  və  onların  ideyalarından  nəticə  çıxarmaq  hər  bir  cəmiyyət  üçün  mühüm  əhəmiyyət  daşıyır.  Bu  gün  belə  bir  şəxs  İnqilab  İsax  dünyasının  poeziya  şöləsindən  daha  ətraflı  danışmaq  istərdim.

Qeyd etməliyəm ki, İnqilab İsaxın poeziyası müasir Azərbaycan ədəbiyyatında fərdi poetik düşüncə ilə ictimai məsuliyyətin kəsişməsində formalaşan yaradıcılıq nümunələrindəndir. Onun şeirlərində həm daxili insan dünyasının  ziddiyyətləri,  həm  də  zamanın  sosial-mənəvi  problemləri  poetik dildə  ifadə  olunur.  Şairin  yaradıcılığı  əsasən  insan, zaman, yaddaş, taleyüklü suallar və milli kimlik xətti boyunca inkişaf edir. İnqilab  İsax poeziyasının mərkəzində  insan  və  onun  daxili  mübarizəsi  dayanır.  Şair  üçün  insan  təkcə bioloji  və  ya  sosial  varlıq  deyil,  həm  də  vicdanla  üz-üzə  qalan,  zamanla mübahisə  aparan  və  eləcə  də   yaddaşın  yükünü  daşıyan  mənəvi  subyektdir. Filologiya  elmləri  doktoru,  professor, Əməkdar  elm  xadimi  Nizaməddin Şəmsizadə İnqilab İsax yaradıcılığından söz düşərkən yazırdı: “İnqilab İsaxın şeirlərinin  əsas  bədii  məziyyəti  poetik  dəqiqlikdir.  O,  təbiətdən,  təbii  həyatdan uçub  qəlbində  yuva  bağlamış  şairanə  fikri,  ülvi  duyğunu  hər  yetən  sözə  təsəlli etmir”.

Xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki,  şair  hər  zaman  hadisəni  deyil,  hadisənin  insan  ruhunda  yaratdığı  təsiri  poetikləşdirirdi.  Bu  da  onun  poeziyasına  psixoloji  dərinlik  qazandırırdı.  Həmçinin  İnqilab  İsaxın  lirik  “mən”i   açıq  şəkildə  müəllif   mövqeyini  daşımaqla  pafoslu  özünüifadədən  uzaq  olmaqla  daha  çox  sakit,  daxili  etiraf  tonunda  danışırdı. Məhz  yaradıcılığına  məxsus  olan  bu  “mən”  oxucuya  hökm  vermir,  onu  düşünməyə  məcbur  edirdi.  Şairin  mövqeyi  bəzən  üsyankar,  bəzən  təslim  kimi  görünür,  amma  əslində  bu, zamanla  dialoq  aparan  düşünən  insanın  mövqeyi  olaraq  dəyərləndirilməlidir.  Qeyd  etməliyəm  ki, İnqilab  İsaxın  yazı  dili  sadə, lakin  çoxqatlı  eləcə  də  gündəlik  sözlər  dərin  metaforik  məna  daşımaqla  süni  bəzəkdən  uzaq, lakin  poetik  yüklü  idi.  İnqilab  İsax  öz  yaradıcılığında  forma  ilə oynamaqdan  daha  çox, mənanın  təmizliyinə üstünlük  verirdi.  Bu   isə   onun  poeziyasını  oxucusuna  daha  yaxın  etmək  fürsətini  aşılamış  olurdu.  Bu  gün  İnqilab  İsax  poeziyasından  danışarkən  onun yaradıcılığının  fəlsəfəsi  açıq  tezis  şəklində  deyil,  poetik  sual  formasında  təqdim  olunduğunun   şahidi   oluruq.  Belə  ki, o, həyatın mənası, insanın  məsuliyyəti, zaman   qarşısında  dəyərin  taleyi  kimi  mövzuları  cavablandırmır,  onları  oxucusunun  qarşısında  daha  dərin  düşüncə  tərzi  formasında  təqdim  edirdi.  Bu  baxımdan  da  onun  şeirləri  oxunduqca   bitmirdi   əksinə  düşüncə   prosesini  davam  etdirirdi.  Onun   şeirləri  oxucunu  təkcə  estetik  zövqə deyil,  özünüdərketməyə  və  daxili  dialoqa  dəvət  edirdi.  Bu  da  yaradıcılığının  əsas dəyərindən  hesab  edilirdi.

Yaman  arxayınıq  bu  boşluqlara

Gerçək  yaşamağın  xəyalları  qıt.

Hardan  gəldiyimi,  hardan  biləsən?-

Qayıt,  gəlmədiyin  tərəfə  qayıt.

 

O  yorğun  səmada,  bulud  da  incik…

Giley-güzarlardan  olma  xəbərsiz.

Dünyanın  altını  üstə  çevirib

İndi  bilirsənmi  neyləmişik  biz?

Onun  bu  misralarında  şeirin  əsas  ideyası  insanın  daxili  tənhalığı,  özünə və dünyaya yadlaşması, gerçək həyatla xəyallar arasındakı uçurumdur. Lirik  qəhrəman sanki həm qarşısındakına, həm də özünə müraciətidir. “Gerçək  yaşamağın  xəyalları  qıt”  real  həyatın  ruhsuz, arzularsız, ideallardan  uzaq olduğunu  bildirir.  Bu  isə  xəyallarda  insanı  yaşadan  əsas  qüvvə  kimi  təqdim olunur.  “Hardan  gəldiyimi,  hardan  biləsən?”  kimlik,  kök,  mənəvi  mənsubiyyət sualıdır.  Qarşı  tərəfin  onu  anlaya  bilməyəcəyinə  işarəsi  daha  dərin  qatlarda özünü  göstərməkdədir.  “Qayıt,  gəlmədiyin  tərəfə  qayıt”  paradoksal  ifadə olmaqla  mümkünsüz  bir  dönüşü,  ya  da  insanın  heç  vaxt  aid  olmadığı  bir dünyaya  qayıtmaq  istəyini  maraqlı  detalları  ilə  təqdim  etməyə  müvəffəq  ola bilirdi.

Ey  ağlıma  gəlməyən  könlümə  xoş  gəlmisən,

Allah  bəndəsi  salam,  gör  kimə  tuş  gəlmisən.

 Yaradıcılığına  aid  olan  bu  iki  misra  əslində  sevgi  və  tale  motivləri üzərində  qurulmuş  lirik-poetik  müraciətdir.  Misralarda lirik qəhrəman gözləmədiyi  bir  qarşılaşmadan, qəfil  daxil  olan  bir  insandan  danışır. Burada həmçinin   bədii   vasitələr   xitab   (müraciət)   əsas  bədii  üsul  olaraq  geniş  formada  təqdim   edilməkdədir.  Eləcə  də  danışıq  dilinə  yaxın,  axıcı  üslub  canlı  və  təbii  ifadələrlə  klassik  şeir  ənənəsi  ilə  müasir  lirikanın  sintezi  olaraq  üslub xüsusiyyətini  daha  dolğun  formada  təqdim  edə  bilirdi.

İnqilab  İsax  yaradıcılığına  son  nəticə  olaraq  baxdıqda,  onun  ədəbi dünyasının   əsas   mahiyyəti  insanın  daxili  aləmi,  zamanla  münasibəti  və  milli-mənəvi   dəyərlərin  müasir  düşüncə  ilə  sintezində  cəmlənirdi.  O,  əsərlərində  sadəcə  hadisə  və  ya  obraz  yaratmaqla  kifayətlənmirdi, əksinə  daha   çox   oxucusunu   düşünməyə,  özünü  və  yaşadığı  cəmiyyəti  yenidən  dərk  etməyə  sövq  edirdi.  Bu  baxımdan  İsax   yaradıcılığı  həm  estetik,  həm  də  fəlsəfi  yük  daşıyırdı.  Onun   yaradıcılığında  diqqət  çəkən  əsas  cəhətlərdən  biri  səmimilik  və  daxili  təmkinlə  qurulan  bədii  dildir.  Şairin  yaradıcılıq  üslubu  zahirən  sadə  görünsə  də,  məna  qatları  dərin  və  çoxşaxəlidir.  İnqilab  İsax  sözə  dekorativ  vasitə  kimi  deyil,  mənanı  daşıyan   canlı   bir   varlıq   kimi   yanaşırdı.  Bu  yanaşma  onun  əsərlərində  emosional  təsirin süni  pafosdan  uzaq,  təbii  və  inandırıcı  olmasını  təmin  edirdi.

Tematik baxımdan İnqilab İsax yaradıcılığı fərdi talelərlə ümumbəşəri problemlər   arasında   körpünü  də  yarada  bilirdi.  İnsanın  tənhalığı,  yaddaş,  zaman,  vicdan, itki  və  ümid  motivləri  onun  mətnlərində  tez-tez  rast  gəlinən  əsas  xəttlərdəndir.  Bu  mövzular  milli  mühitdən  qaynaqlansa  da,  ümumbəşəri məna  kəsb  etməklə  oxucusunun   şəxsi   təcrübəsi   ilə   asanlıqla   səsləşirdi.  Müəllif  cəmiyyətin  ağrılı  nöqtələrini  göstərərkən  ittihamçı  mövqedən  çox,  müşahidəçi  və   düşündürücü  mövqedə  dayanmağı  bacarırdı.

İnqilab  İsaxın  kitablarının  rus,  ingilis,  özbək,  gürcü,  ukrayna  və  türk  dillərinə  tərcümə  edilməsi  onun  yaradıcılığının  beynəlxalq  miqyasda  maraq doğurduğunun  əyani  göstəricisidir.  Bu  kimi  tərcümələr  sayəsində  müəllifin  mövzu  və  ideyaları  müxtəlif  mədəniyyətlərdə  oxuculara  çatdırılır,  əsərlərinin  mənəvi-bədii  dəyəri  daha  geniş  auditoriya  tərəfindən  tanınırdı.  Xüsusilə kitablarının  türk  dillərinə   və   region  ölkələrinin  dillərinə  çevrilməsi,  İnqilab  İsax  yaradıcılığının  ortaq  tarixi  və  mədəni  bağlar  fonunda  qəbul  olunmasını  daha  da  gücləndirmişdir. Eyni  zamanda  ingilis  və  rus  dillərinə  tərcümələr  müəllifin  əsərlərinin  qlobal ədəbi mühitə inteqrasiyasına şərait yaratmaqla bu proses həm Azərbaycan ədəbiyyatının tanıdılmasına, həm də İnqilab İsaxın fərdi üslubunun eləcə də dünyagörüşünün  müxtəlif  oxucu  kütlələri  tərəfindən  dəyərləndirilməsinə  töhfə vermişdir.  Tərcümələr  onun  yaradıcılığını  milli  çərçivədən   çıxararaq   beynəlxalq   ədəbi  dialoqun   bir   hissəsinə   çevirə   bilmişdir.

İnqilab İsaxın yaradıcılığında ənənə ilə yeniliyin vəhdəti də xüsusi olaraq qeyd  olunmalıdır.  O,  klassik  ədəbi  düşüncədən  gələn  mənəvi  dəyərləri  qoruyur,  lakin   onları   müasir  insanın  psixologiyası  və  dövrün  problemləri  fonunda  təqdim  edirdi.  Bu  xüsusiyyət  onun  yaradıcılığını  nə  tamamilə  ənənəvi,  nə  də  radikal  modernist edirdi,  əksinə,  balanslı  və  davamlı  bir  ədəbi  xətt  formalaşdırırdı.  Filologiya   elmlər  doktoru,  professor   Vaqif   Yusifli   isə   İnqilab   İsax  yaradıcılığı  haqqında  yazırdı:  “İnqilab  İsax  təbiətlə  insan  aləmi  arasında  sırf  harmoniya  axtaran  şairlərdəndir.  Elə   bir   şeiri   yoxdur   ki,  o  şeirdə   təbiətdən  bir   parça  olmasın”.

O,  2022-ci  ildə  qardaş  Türkiyə   Cümhuriyyətində keçirilən XXI Uluslararası  Sapanca  şeir  axşamlarının  iştirakçısı  olmuşdur.  “Sapanca  şeir axşamları”  Türkiyənin  Sakarya  vilayətində  yerləşən  Sapanca  şəhərində  təşkil olunan   ənənəvi   beynəlxalq  ədəbi  şeir  festivalıdır.  Bu  tədbir  ölkədən  və  xaricdən  müxtəlif   dillərdə   yazan   şairləri   bir  araya  gətirir,  dinləyicilər  qarşısında  poeziya dinləmələri, təqdimatlar və ədəbi müzakirələr təşkil edir. Festival  çərçivəsində  şairlər  yalnız  səhnədə  şeirlərini  oxumaqla  kifayətlənmir, həm də universitetlərdə, məktəblərdə və şəhərin müxtəlif mədəni məkanlarında ədəbi görüşlərə qatılırlar. 2022-ci ildə keçirilən  XXI Uluslararası Sapanca şeir axşamlarına dəvət olunarkən İnqilab İsaq oraya səfər etməzdən əvvəl Sakarya haqqında  oxuduğu  materiallardan  ilhamlanaraq  çoxlu  yeni  şeirlər  yazmış  və həmin poeziya nümunələri ilə görüşlərdə çıxışlar edərək tədbir iştirakçılarının  təəccübünə   səbəb  ola  bilmişdir. Sakaryada  olduğu  vaxt  ərzində  yaşadığı təəssüratlar   nəticəsində  yazdığı  şeirlər  onun   qələmində   yeni  yaradıcılıq   dönəmi kimi   dəyərləndirilir.

İnqilab  İsax  2014-cü  ildə  Prezident  mükafatına,  2015-ci  ildə  isə Beynəlxalq  Rəsul  Rza  mükafatına  layiq  görülüb.

Nəticə etibarilə, İnqilab İsax yaradıcılığı Azərbaycan ədəbiyyatında düşüncəyə   söykənən,  emosional  dərinliyi  ilə  seçilən  və  oxucu  ilə  səssiz  dialoq quran  bir  sənət  nümunəsidir.  Onun  əsərləri  oxunduqca  tükənmir,  hər  yeni oxunuşda  yeni  mənalar  açır.  Bu  isə  bir  daha  deməyə  əsas  verir  ki,  İnqilab  İsax  təkcə  öz  dövrü  üçün  deyil,  gələcək  oxucu  nəsilləri  üçün  də  aktual  və dəyərli  bir  ədəbi  irs  formalaşdırmışdır.

Müəllif: Anar  Ərtoğrul  Burcəliyev,

teatrşünas-tənqidçi