Noyabrın 27-də “Davam” Gənclər Hərəkatının Bakı ofisində “Zəfər yolu” sənədli filminin təqdimat mərasimi keçirilib.
Kanal32.az asiya.az-a istinadən xəbər verir ki, “Masal prodakşın”-ın istehsal etdiyi ekran əsəri Masallıdan olan şəhidlərin əziz ruhuna ithaf olunub. Filmin premyerasında Milli Məclisin deputatları – Razi Nurullayev, Aydın Mirzəzadə, Aydın Hüseynov, Ceyhun Məmmədov, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, ziyalılar, kino mütəxəssisləri, şəhid ailələri, qazilər, ictimayət və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Masal prodakşın”-ın baş direktoru Cəfər Cəfərov bildirib ki, bugünkü informasiya dövründə audio-vizual, xüsusilə sənədli filmlərin çox böyük əhəmiyyəti var. Ölkəmiz tarixinin ən gözəl günlərini yaşayır. Buna görə də Ali Baş Komandan İlham Əliyev başda olmaqla qüdrətli Ordumuza təşəkkür edirəm. Vətən müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Ekran əsəri haqqında məlumat verən Cəfər Cəfərov qeyd edib ki, filmdə Vətən Müharibəsi dövründə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər Masallı sakinlərinin ümumi Qələbədə oynadığı rol göstərilir:
“Həm əsgərlərimiz, həm də sadə vətəndaşların müharibə dövründə keçirdiyi mənəvi-psixoloji ruh yüksəkliyi, ortaya çıxan yeni müsbət cizgilər və ən əsası hər bir azərbaycanlı kimi Masallı sakinlərinin Qələbəyə sona qədər inam bəsləməsi, onların keçdiyi ZƏFƏR YOLU filmdə öz əksini tapıb”.
Sonra “Zəfər yolu” sənədli filmi nümayiş olunub. Nümayişdən sonra çıxış edənlər filmin ərsəyə gəlməsində “Masal prodakşın”-a minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, “Zəfər yolu” sənədli filminin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montajçısı isə Faiq Mirzədir.
TƏQDİMATIN VİDEOSU:
Təqdimatın fotoları:
ZƏFƏR YOLU – sənədli filmi
/asiya.az/