Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan “Yüksək Mədəniyyətli İnsan” layihəsinin ilk Ustad dərsi keçirilib.
Kanal32.az-a verilən məlumata görə 25 yanvar 2025 ci il tarixində Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə “Yüksək Mədəniyyətli İnsan” kulturoloji layihəsinin ilk ustad dərsi və təlimi keçirilib.
Layihə Azərbaycan Respublikasının yeni sosial-mədəni strategiyasının uğurla həyata keçirilməsinə vətəndaş yardımı məqsədi ilə aparılır. O, xalqın ruhi – intellektual və mənəvi, mədəniyyətinin tərəqqisinə, Azərbaycanın davamlı, rəqabətədözümlü və təhlükəsiz inkişafı üçün strateji, yenidən bərpa olunan resursu – yüksək mədəniyyətli vətəndaşların formalaşması və inkişafına yönəlib.
Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Azərbaycanda kulturologiya elminin yaradıcısı, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov layihənin açılışını edərək deyib:
“Benefisiarlar insan inkişafında, həyat qabiliyyətli cəmiyyətin və güclü dövlətin tərəqqisində kulturologiyanın əvəzolunmaz kreativ rolu haqqında, daimi dəyişikliklər və zamanın çağırışları ilə şərtlənən, təhsil sisteminin təkmilləşdirilməsi, daimi kulturoloji transformasiyaların həyata keçirilməsi haqqında yeni biliklər öyrənmək imkanı əldə edəcəklər.”
O həmçinin yüksək mədəniyyətli vətəndaşların yetişdirilməsinin Azərbaycanın dayanıqlı və təhlükəsiz inkişafı üçün zəruri olduğunu vurğulayıb.Layihə hər bir azərbaycanlının intellektual və mənəvi tərəqqisini təmin edərək, güclü və həyat qabiliyyətli bir cəmiyyətin formalaşmasına xidmət edir. Bununla yanaşı, layihə mədəniyyətin müxtəlif aspektlərini, o cümlədən intellektual, etik, hüquqi, siyasi, ekoloji və əmək mədəniyyətini əhatə edən geniş bir təlim proqramı təqdim edir.
Tədbirdə tanınmış şəxslər və mütəxəssislər də iştirak ediblər. Onlar arasında Azərbaycanın əməkdar jurnalisti və Bakı Dövlət Universitetinin professoru Xalid Niyazov, Azərbaycan Turizm və Menecment Universitetinin professoru tarix elmləri doktoru Minaxanım Əsədova, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası nın direktoru İlqar Talıbov, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, Dayanıqlı İnkişaf və Kommunikasiya üzrə eksperti Liya Bayramova, Təhsildə Keyfiyyət Təminatı Agentliyi – TKTA eksperti, qabaqcıl təhsil işçisi, pedaqoq Sədaqət Məmmədova, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin radio aparıcısı Nailə Məmmədova , “Space” müstəqil teleradio şirkətinin layihə rəhbəri teleaparıcı Fəxriyyə Lilpar ,Şairə – publisist “Tərəqqi” medalı mükafatçısı AYB və AJB-nin üzvü. Çağdaş Azərbaycan Kültür Dərnəyinin nümayəndəsi Nəsibə İsrafilqızı , Bakı şəhər Mədəniyyət Baş Idarəsi Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə Iş üzrə Mərkəzin baş mütəxəssisi Səmray Əliyeva, “Azedu” Təhsil Portalının müxbiri Esmira Əliyeva və bir çox nümayəndələr iştirak ediblər
Ustad dərsi iştirakçılara mədəniyyətin və kulturologiyanın inkişafı ilə bağlı geniş müzakirələr aparmaq imkanı verib. Fuad Məmmədov layihənin yalnız nəzəri deyil, həm də praktiki məqsədlərə xidmət etdiyini, iştirakçıların şəxsi inkişafına dəstək verəcəyini, emosional intellektin gücləndirilməsi, çətinliklərin öhdəsindən gəlmək və sağlam həyat tərzinin qorunması kimi aspektləri əhatə etdiyini bildirib.
Təlimlərin yekununda iştirakçılara “Yüksək Mədəniyyətli İnsan” sertifikatları təqdim ediləcək. Həmçinin, layihənin növbəti mərhələlərində Azərbaycan Mədəniyyət Nazirliyi və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən “Yüksək Mədəniyyətli İnsan” xüsusi müsabiqələrinin keçirilməsi planlaşdırılır.
Layihə rəhbəri Leyla Hacıyeva bu təşəbbüsün daha geniş miqyasda davam etdiriləcəyini və yüksək mədəniyyətli vətəndaşın formalaşmasının Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacağını bildirib.