Yevlax şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 26 iyun- Silahlı Qüvvələr Günü ilə bağlı dəyirmi masa keçirilib.
Kanal32.az xəbər verir ki, tədbirdə Milli Qəhrəmanlar Tanıtıma İctimai Birliyinin Yevlax nümayəndəlyinin rəhbəri, Qarabağ qaziləri, Qızıl Aypara Cəmiyyətinin Yevlax şəhər şöbəsinin rəhbəri və ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova açıb. O bildirib ki, Silahlı Qüvvələr Günü ərəfəsində Vətən uğurunda döyüşən qəhrəmanlarımızla bir arada olmaq, onların döyüş yolu haqqında məlumat əldə etmək qürurvericidir. 44 günlük Vətən savaşında adını dünya hərb tarixinə yazdıran hərbiçlərimiz görkəmli siyasi xadim,Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Ordu quruculuğu siyasəti sayəsində yetişən və formalaşan nəslin nümayəndələridir.
Milli Qəhrəmanlar Tanıtıma İctimai Birliyinin Yevlax şəhər nümayəndəliyinin sədri, Azərbaycan Bayrağı Ordenli, Vətən müharibəsi qazisi, ehtiyatda olan mayor Mədəd Süleymanov, yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, hərbi ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin üzvü, ehtiyatda olan mayor Natiq Əlisoy, qazilər- gizir Emin Baxşəliyev, gizir Seymur Əliyev, MAHHXHQ Nicat Əsgərov, EL TV-nin aparıcı-redaktoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinli, Yevlax Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Jalə Həsənova və Qızıl Aypara Cəmiyyətinin Yevlax şəhər bölməsinin sədri Həbibə Məmmədova Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto sərgi ilə tanış olduqdan sonra çıxış edərək ordumuzun yaranma tarixindən, vətənpərvərlik təbliğatından, dövlətimizin siyasi-ideolji sahədə həyata keçirdiyi strateji fəaliyyətlərdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız uğurlardan söhbət açıblar.
Sonra Qızıl Aypara Cəmiyyətinin Yevlax şəhər bölməsinin sədri Həbibə Məmmədova 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə qazilərimizi və Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini təbriklərini çatdırıb və tədbirdə iştirak edən hərbiçilərə cəmiyyətləri adından hədiyyələr təqdim edib.
Tədbirin sonunda yazıçı Natiq Əlisoyun “Heydər Əliyev fenomeni və ordu quruculuğu” , “Müharibənin görünməyən qəhrəmanları” adlı kitbaları Yevlax şəhər Heydər Əliyev Mərkəzinin rəhbərinə təqdim edilib.Həmçinin mərkəzin direktoru Aygün Qasımova Milli Qəhrəmanlar Tanıtıma İctimai Birliyinin “Fəxri Fərman” ı ilə təltif olunub.
Sonda xatirə fotoları çəkilib.
Kanal32.az