Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yevlax Regional Xəstəxanasının açılışı olub.
Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yevlax Regional Xəstəxanasının binası əsaslı yenidənqurma işlərindən sonra vətəndaşların istifadəsinə verilib.
KANAL32.az-a verilən məlumata görə,açılış mərasımında TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Yevlax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev, Yeni Azərbaycan Partiyasının Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Yevlax Regional Xəstəxanasının baş həkimi Mirrəhim Nəbiyev, Səhiyyə Nazirliyi HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosunun əməkdaşları Fuad Salmanov, Hüseyn Abbasov və Ənvər Kuçkaryov, Yevlax və digər ətraf rayon mərkəzi xəstəxanaların direktorları və baş həkimləri, həmçinin Səhiyyə Nazirliyinin Gigiyeva və Epidemiologiya Mərkəzinin regional şöbələrinin rəhbər şəxsləri, Ağciyər Xəstəlikləri Mərkəzinin regional xəstəxanalarının baş həkimləri iştirak edib.

Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov bildirib ki, Yevlax Regional Xəstəxanası Yevlax rayonu ilə yanaşı, Mingəçevir şəhəri, eləcə də Kürdəmir, Ucar, Ağdaş, Zərdab, Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonları daxil olmaqla ümumilikdə 1 şəhər və 9 rayonun əhalisinə tibbi xidmət göstərəcək. Bu isə region üzrə vətəndaşların ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığının təmin olunmasında mühüm rol oynayır.

İki mərtəbədən ibarət olan xəstəxanada İnzibati bölmə, Şüa-diaqnostika, Ambulator, Anesteziologiya, reanimasiya və intensiv terapiya, eləcə də Stasionar şöbələr təşkil olunub.
Şüa-diaqnostika şöbəsi rəqəmsal rentgenoqrafiya, flüoroqrafiya, habelə elektrokardioqrafiya (EKQ) və ultrasəs müayinə (USM) avadanlıqları ilə tam təchiz edilib.
Tənəffüs funksiyalarının qiymətləndirilməsi və diaqnostikası məqsədilə Spirometriya otağı yaradılıb.
Stasionar şöbədə xəstəxanadaxili infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə basilyar xəstələr üçün tək çarpayılıq palatalar yaradılıb.

50 çarpayılıq Stasionar şöbənin palataları da müasir tələblərə uyğun şəkildə təchiz edilib.
5 çarpayılıq Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi oksigen təchizatı, monitor kompleksləri, süni tənəffüs cihazları və digər müasir tibbi avadanlıqlarla tam təmin olunub.
Xəstəxanada ikinci səviyyəli mikrobakterioloji və klinik-diaqnostik laboratoriya təşkil olunub ki, burada mikobakteriyaların moleykulyar-genetik müayinələri aparılacaq.
Xüsusi yaradılmış Video-müşahidə otaqlarında müasir telekommunikasiya sistemləri quraşdırılıb. Bu sistemlər vasitəsilə tibb bacıları tərəfindən ambulator müalicədə olan pasiyentlərlə fasiləsiz və operativ əlaqə təmin olunur, müalicə prosesi, eyni zamanda dərman qəbulu da gündəlik nəzarətdə saxlanılır.
Bu təşəbbüs müalicənin səmərəli təşkili, pasiyentlərin uzunmüddətli müalicəyə sadiqliyinin artırılması, dərman vasitələrinə əlçatanlığın təmin edilməsinə xidmət edir.

Xəstəxana ümumilikdə ventilyasiya, isitmə və soyutma sistemləri ilə təchiz olunub. Həmçinin Aptek bölməsi pasiyentlərin dərman vasitələri ilə fasiləsiz təminatını həyata keçirir. Pasiyentlərin və əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə tibb müəssisəsində kitabxana da yaradılıb.
Yevlax Regional Xəstəxanasının istifadəyə verilməsi regionda ağciyər xəstəliklərinin, xüsusilə vərəmin vaxtında aşkarlanması, effektiv müalicəsi və profilaktikasının gücləndirilməsi istiqamətində atılmış mühüm addımdır.



