Azərbaycan Respublikasının xarici siyasət gündəliyinin əsas prioritetlərindən biri TDT-nin və təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsidir. TDT unikallığı ilə seçilən beynəlxalq təşkilatdır. Digər regional təşkilatlarda olduğu kimi, TDT yalnız üzv dövlətləri birləşdirən ümumi baxış, qarşılıqlı maraqlar və ya inteqrasiyadan ibarət deyil. Bu təşkilat bizim ortaq tariximiz, dilimiz, mədəniyyətimiz və adət-ənənələrimizə əsaslanır. Ona görə də TDT-yə üzv dövlətlər və xalqlar arasında münasibətlər qardaşlıq münasibətləridir.
Ümumi məqsəd: Qlobal arenada güc mərkəzi olmaq
Azərbaycan türk dünyasının birliyinə hər zaman töhfə verib və bundan sonra da bu birliyə sadiq qalacaq. Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimində dediyi kimi, “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki o, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”. 2009-cu ildə Naxçıvan Sazişinin imzalanması ilə yaradılan TDT 14 ildən artıqdır ki, siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəniyyət, təhsil, səhiyyə, rəqəmsal transformasiya və turizm kimi müxtəlif sahələrdə əməkdaşlıq platformaları yaradıb. Türk dövlətləri arasında Təşkilat damı altında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq müntəzəm və sistemli şəkildə davam etdirilmiş və ildən-ilə daha da möhkəmlənmişdir. Lakin dünyada mövcud olan beynəlxalq təhlükəsizlik problemləri, münaqişələr, siyasi və sosial-iqtisadi böhranlar hər bir dövlətin sabitliyini və rifahını qoruyub saxlamağı zəruri edib. Bu baxımdan qardaş türk dövlətlərinin daha sıx bir araya gəlməsi, həmrəyliklərini gücləndirməsi və nəhayət vahid güc kimi çıxış etməsi vacibdir. Hər tərəfdən təhdid və çətinliklərlə əhatə olunmuş regionumuzda ölkələrimizin təhlükəsizliyi və sabitliyi gücləndirilməli, geosiyasi diversifikasiya və transformasiya tədbirləri həyata keçirilməlidir.
Hazırkı geostrateji vəziyyət bu istiqamətdə inkişaf üçün əlverişlidir və türk dövlətləri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olması üçün ən münasib şərait mövcuddur. Xəzər dənizi, Qara dəniz və Aralıq dənizini əhatə edən coğrafiyada güclü varlığı ilə geostrategiyanın müəyyənedici elementi olan Türk dünyasının yeni qlobal nizamın müəyyən edilməsində mühüm rola sahib olması 21-ci əsr türk ideologiyasının tarixi missiyasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, “Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, geniş bir coğrafiya, böyük torpaqlar, böyük hərbi güc, böyük iqtisadiyyat, təbii sərvətlər, nəqliyyat yolları, gənc əhali, artan əhalidir və eyni kökdən gələn xalqlardır. Bundan daha güclü birlik ola bilərmi? Təbii ki, yox. Türk Dövlətləri Təşkilatının qlobal arenada güc mərkəzi olması üçün birgə səy göstərməliyik. Biz buna ancaq birlikdə nail ola bilərik”. Azərbaycan Prezidentinin bu müdrik və uzaqgörən fikirləri strateji xarakter daşıyır və türk dünyasının daha sıx inteqrasiyası üçün son dərəcə mühüm çağırışdır.
Türk dövlətləri arasında əməkdaşlığın əhəmiyyəti
Bu mərhələdə türk dövlətləri arasında təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı yardımı təmin edəcək mexanizmin yaradılması nəzərdə tutula bilər. Bu istiqamətdə səylərimizi birləşdirmək ölkələrimizin suverenliyinin və müstəqilliyinin möhkəmlənməsinə, sabitliyə və inkişafa xidmət edəcək, eyni zamanda dünyada sülh, sabitlik və təhlükəsizliyə mühüm töhfə verəcək. Eyni zamanda qeyd etmək lazımdır ki, türk dünyası inkişafa, sabitliyə xidmət edən sülhsevər cəmiyyətdir. Dövlətlərimiz arasında əməkdaşlıq və inteqrasiya ilə yanaşı təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı fəaliyyətlər heç bir dövlətə və ya dövlətlər birliyinə yönəlməyib. Asiyanı Avropa ilə birləşdirən Mərkəzi Dəhlizdə yerləşən türk dövlətlərinin nəqliyyat və kommunikasiya infrastrukturlarının səmərəli inkişafı, gömrük və tranzit prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılması regionun ticarət və tranzit potensialının artırılmasına töhfə verəcək. İqtisadiyyat, sənaye və maliyyə sahələrində əməkdaşlıq layihələrinin hərtərəfli həyata keçirilməsi türk dövlətləri arasında mal və xidmətlərin dövriyyəsini asanlaşdıracaq, eyni zamanda bölgəmizin istehsal və ixrac qabiliyyətini artıracaq.
Cəmiyyətlərimizin sağlam inkişafı üçün sağlamlıq potensialından maksimum istifadə olunmalıdır. Bu kontekstdə qardaş türk dövlətləri arasında bilik, təcrübə və texnologiyanın paylaşılmasını və qabaqcıl sağlamlıq imkanlarının həyata keçirilməsini təmin edəcək mexanizmlərin yaradılması istiqamətində konkret addımların atılması vacibdir. Türk dövlətlərinin əhalisinin 40 faizə yaxınını gənclər təşkil edir. Türk dünyasının intellektual potensialının gücləndirilməsi, təhsil sahəsində institusional qarşılıqlı əlaqə və qabaqcıl təhsil təcrübələrinin bütün türk dövlətlərinin təhsil sistemlərinə inteqrasiyası əsas məqsədimiz olmalıdır. Bundan əlavə, türk dünyası regionunda müasir dövrün çağırışları qarşısında koordinasiyalı ümumi informasiya məkanının yaradılması və kibertəhlükəsizlik sahəsində səmərəli fəaliyyətin və əməkdaşlığın təmin edilməsi də mühüm vəzifələrdəndir. Həmçinin türk mədəni irsinin qorunması və təbliği, eləcə də bu irsin beynəlxalq səviyyədə tanıdılması istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi və müvafiq beynəlxalq təşkilatlarda bu məsələdə ortaq mövqe nümayiş etdirilməsi çox vacibdir. Dövlət başçılarımızın siyasi iradəsi imkan verir ki, mənim qeyd etdiyim istiqamətlər üzrə TDT-in gücləndirilməsinə və konkret nəticələrin əldə olunmasına yönəlmiş fəaliyyətlər həyata keçirilsin. Dövlətlərimizin və xalqlarımızın birgə fəaliyyəti nəticəsində birliyimizin güclənməsi türk dünyasının dünyanın aparıcı güc mərkəzlərindən birinə çevrilməsinə şərait yaradacaq”.