Yeni dönəmdə yeni uğurların, yeni hədəflərin partiyası

Yeni Azərbaycan Partiyasının VII qurultayı çağdaş tariximizin ən yeni mərhələsinin başlanğıcıdır…

Görkəmli siyasi xadim, böyük dövlət adamı Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 32 il ərzində böyük inkişaf yolu keçərək sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Bir siyasi təşkilatın ümumxalq partiyasına çevilməsini şərtləndirən çox vacib amillər var. Bunlardan biri sistemli şəkildə təşkilatlanaraq monolit qüvvəyə çevrilmək, siyasi-ideoloji xəttini tamlıqla toplumun-cəmiyyətin maraqlarına cavab verən səviyyəyə gətirmək və ən önəmlisi xalqa xidmət etməkdir. Ötən dövr ərazində YAP Azərbaycan siyasətinin bayraqdarı kimi üzərinə götürdüyü milli maraqlarımıza söykənən tarixi missiyanı ləyaqətlə, uğurla yerinə yetirərək çağdaş tariximizə öz damğasını vurmağı bacardı.

Ulu öndər Heydər Əliyevin bütün varlığı ilə inandığı, güvəndiyi və onun işıqlı yolunun çox başarılı davamçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasına sədrliyi də mühüm tarixi hadisələrdən biridir. Məhz onun rəhbərliyi dövründə partiyanın keçirilən hər bir qurultayı Güney Qafqazın ən böyük siyasi təşkilatının idarəçilik mexanizmlərinin yenilənməsi, qarşıya qoyulan hədəflərə çatması və  güclənməsi ilə müşayət olunub.

Bütün bunların fonunda cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi və elan etdiyi prioritetlər ötən müddətdə ərzində uğurla reallaşıb. Bu dövrün ən böyük tarixi hadisəsi isə milli birliyimiz sayəsində II Qarabağ savaşında qazanılan Böyük Zəfər olub. 44 gün davam edən savaşda İlham Əliyev əsl dövlət başçısı, qətiyyətli lider və Ali Baş Komandan kimi öz missiyasını şərəflə, cəsarətlə, böyük qəhrəmanlıqla, yerinə yetirib.

2020-ci ilin noyabrından sonra  bölgədə tam fəqrli yeni ictimai-siyasi, ideoloji və geostrateji reallıqlar yaranıb. Bu reallıqların ən mühümü təbii ki, Azərbaycanın suveren hüquqlarına söykənməklə, öz ərazi bütövlüyünü bərpa etməsi və bu reallıqlar konteksində Güney Qafqazda lider dövlət kimi mövqelərini daha da möhkəmləndirməsidir.

Beləliklə, son illərdə qazanılan möhtəşəm uğurların ardından Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi qaçılmaz idi. Əvvəlki qurultaylarda olduğu kimi YAP-ın son qurultayına da cəmiyyətin, eyni zamanda regioan ölkələrinin diqqət və marağı olduqca böyük idi.

5 mart 2021-ci il tarixdə keçirilən VII qurultay taleyüklü məsələlərin həlli baxımından mühüm qərarların qəbulu ilə yadda qaldı. Belə qərarlardan biri də yeni idarəçilik sisteminin tətbiqi oldu. Yeni tərkibdə formalaşdırılan idarə heyəti partiyanın effektiv idarəçiliyinin daha da təkmilləşdirilməsi və ölkədə aparılan siyasi islahatlar baxımından olduqca mühüm əhəmiyyətə malikdir. O cümlədən, yeni nizamnamənin qəbulu daha mobil şəkildə təşkilatlanma və  çevik partiya fəaliyyətinin həyata keçirilməsinə geniş imkan yaradır.

YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasınının real nümunəsidir. Prezident İlham Əliyevin iradəsi əsasında həyata keçirilən islahatlar çərçivəsində siyasi dialoq prosesinə də start verilib. Bunun nəticəsidir ki, siyasi qüvvələr arasında etimad artıb, inteqrasiya prosesi sürətlənib. 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi də partiyamızın yüksək nüfuzunun, inam və etimad ünvanı olmasının əyani ifadəsidir. Bu fakt həm də siyasi birlik və milli həmrəylik örnəyi, yeni siyasi mədəniyyət nümunəsi kimi təqdirəlayiq addım kimi qiymətləndirilməldir.

VII qurultayda partiyanın siyasi sistemdə strateji istiqamətləri, partiya daxili münasibətlərin meyarları, ideoloji və sosial-iqtisadi hədəflər də öz əksini tapıb. YAP-ın təşkilatçılığı ilə bütün şəhər və rayonlarda şəhid ailələri, qazilər və müharibə veteranları ilə mütəmadi görüşlər keçirilib, onlara daim qayğı və diqqət göstərilib və bu qəbildən olan addımlar davam etməkdədir. Həmçinin, Silahlı qüvvələrə Yardım Fondu” na, “YAŞAT” Fonduna, o cümlədən, qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərilib.

Yeni Azərbaycan Partiyası digər ölkələrlərin hakim partiyaları ilə sıx əməkdaşlıq edir. Eyni zamanda,Yurd savaşından sonra regionda yaranmış yeni geostrateji reallıqların fonunda Yeni Azərbaycan Partiyası ilə  Türkiyənin hakim  Ədalət və İnkişaf Partiyası arasındakı əlaqələrinin də keyfiyyətcə yeni mərhələyə qədəm qoyması siyasi münasibətlər konteksində olduqca mühüm əhəmiyyətə malikdir.Hər iki hakim siyasi partiya dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək əlaqələri daha da gücləndirməyi, inkişaf etdirməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə müvafiq siyasi, hüquqi addımlar atılır. Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının (AK Partinin) yüksəksəviyyəli rəsmiləri ilə görüşlər keçirdi. Bütövlükdə, bu siyasi təmaslar “Bir millət, iki dövlət” siyasi-ideoloji konsepsiyası çərçivəsində Azərbaycan ilə Türkiyənin mənəvi-siyasi birliyinin güclənməsinə öz töhfəsini verir. Dost ölkələrin hakim partiyaları ilə əlaqələrimizin bundan sonra da uğurla davam etdirilməsi partiyamızın əsas prioritetlərindəndir.

Bir sözlə,Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi elitasını təşkil etməklə yanaşı, milli kimliyimizin qorunmasını, dövlət müstəqilliyinin möhkəmləndirilməsini, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, sosialyönümlü iqtisadiyyatın inkişafını, milli-mənəvi dəyərlərin yaşadılmasını təmin edən, taleyüklü problemlərimizin həllinə nail olan ən etibarlı və ən böyük siyasi təşkilat kimi xalqımızın, millətimizin həyatında mühüm yer tutur.

Aygün Qasımova,

Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru,YAP fəalı,

Nizami Gəncəvi adına Mill Azərbaycan Ədədiyyatı Muzeyinin doktorantı