Filologiya üzrə fəlsəfə doktoru Şahnzaxanım Şükürzadənin yaradıcğından…
Gecə
Sən neçə sirləri ört-basdır edib,
Şahidsən neçə göz yaşına, gecə!
Nə qədər şənliyə xoş avaz olub,
O qədər bulaşdın yasına, gecə!
Hərdən sükunətin ninnisi oldun,
Hərdən aşiqlərin türküsü oldun,
Postda əsgərimin himnisi oldun,
Neçə kəşfiyyatın yoldaşı, gecə!
Nənə nağılıyla söhbətimizə,
Çəkib yorğanını üzərimizə,
Bihuşdarı səpib gözlərimizə,
Yer-göyü, aləmi oyadan gecə!
Ey gecə, hicranın ən sadiq dostu,
Ey gecə, vüsalın daimi postu,
Ey gecə, səhərlər cilvəni pozdu,
Sultanlığın sürər sübhədək, gecə!
25.11.2022
Yağ yağışım!
Yağ yağışım, süzül-süzül üstümə,
Sərinlətsin ciyərimi su mənim.
Durul damcı-damcı ax ürəyimə,
İslat məni, günahımı yu mənim.
Düşünməkdən yorğun olan eynimi,
Savaşlara axın alan eynimi,
Bu dünyadan baş açmayan beynimi,
Xəyal, fikir, qərarımı yu mənim.
Yusifə nur salan dərin quyum ol,
Ürəyi yanana bircə doyum ol,
Dəstəmaz almağa təmiz suyum ol,
Öləndə də məzarımı yu mənim.
02.11.2022
Yaman dərdliyəm, bilin, dadü-fəğan içində
Yaman dərdliyəm, bilin, dadü-fəğan içində
Axşam-səhər gözdən yaş axar giryan içində!
Fikirlər məni boğur, sağa sola vurnuxub,
Darmadağın olmuşam, qaldım tufan içində!
Dünya çətin sınaqdır, belə imtahan olar?
Çəkilmişdir sorğuya ruhum divan içində!
Çırpınıram qurtulam sualların əlindən
Beynimi çulğalamış cavab bəyan içində!
Bu yay yaman yavadır, elə yaman dartılıb
Yaralıyam oxundan könüm də qan içində!
Fəqət dərdin səbəbi necə gözəldir, Allah!
Elə bil ki, yazılıb Furqan Quran içində!
13.11.2022

Müəllif:Şahnzaxanım Şükürzadə