Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən, 2022-ci il “Şuşa İli” elan olunub.
Şuşa ili çərçivəsində Kompleksdə də müvafiq tədbirlər planı hazırlanmış və bu tədbirlər planına əsasən oktyabr ayının 12-də Bakı şəhərinin 320 nömrəli tam orta məktəbində “XX əsrdə Qarabağda baş vermiş soyqırımlar” adlı tədbir keçirilib.
Tədbirdə kompleksin əməkdaşları tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Abutalib Turabov, məktəbin direktoru Sevinc Niftiyeva, təhsil ocağının kollektivi və şagirdləri iştirak etmişlər. Giriş sözü çıxış edən məktəbin direktoru Sevinc Niftiyeva bu tədbirin önəmindən danışaraq, şagirdlərin maarifləndirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra məruzə ilə çıxış edən kompleksin əməkdaşları Azərbaycanlılara qarşı iki əsr davam edən genişmiqyaslı soyqırımı nəticəsində minlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyini, on minlərlə azərbaycanlının isə böyük qəddarlıqla qətlə yetirildiyini arxiv sənədlərini göstərməklə tədbir iştirakçılarının nəzərinə çatdırmışlar.
Təşkil olunan maarifləndirici tədbirə görə məktəbin direktoru Sevinc Niftiyeva Kompleksin rəhbərliyinə, həmçinin əməkdaşlarına təşəkkürlərini bildirərək, bundan sonra da əməkdaşlığın davam etdirməyin zəruriliyini diqqətə çatdırıb.Sonda Kompleks əməkdaşları tərəfindən təhsil ocağının rəhbərliyinə, tədbirdə fərqlənən şagirdlərə təşəkkürnamə, sertifikatlar, kompleksin fəaliyyətinə aid kitab və müxtəlif adda çap məhsulları təqdim edilib.