Xurşudbanu Natəvanın “Gül dəftəri” şeirlər albomu UNESCO-nun reyestrində-FOTO

Xalqımızın zəngin mədəni  irsi dünya mədəniyyətinin vacib tərkib hissəsidir. Odur ki, beynəlxalq mədəni platformalarda bu mədəni irsin tanıdılmasının zəruriliyi heç kimə sirr deyil. Azərbaycan Demokratik Cümhuriyyəti dönəmində qadınlara seçki hüququnun verilməsi Şərqdə qadın fenomeninin ən-ənələrə söykəndiyinin  parlaq təzahürüdür. Bu mənada İslam şərqində özünəməxsus yeri olan Azərbaycan qadınları içərisində Xurşudbanu Natəvanın məxsusi yeri vardır.   Natəvanın “Gül dəftəri” şeirlər albomunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması da Azərbaycanda qadın fenomeninin səciyyələndirən vacib amillərdəndir.  UNESCO İcraiyyə Şurasının 216-cı sessiyasında  Azərbaycanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) salınması üçün “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” (“Flower Book” of Khurshidbanu Natavan – album of illustrated verses) adlı nominasiya İcraiyyə Şurası tərəfindən qəbul olunması ( nominasiyanı AMEA-nın əməkdaşı Nigar Babaxanova tədim etmişdi) mədəni irsimizin zənginliyindən xəbər verir.

Xurşidbanu Natəvan  (Şuşa 6 avqust 1832, Şuşa 2oktyabr 1897XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. “Xan qızı” adı ilə tanınan, xeyirxah işləri və nəcibliyi ilə el içində dərin hörmət qazanan görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvan gözəl şair və ictimai xadim kimi tanınmaqla yanaşı, həm də çox incə zövqə malik rəssam və bədii tikmə ustası olub. Özünün rəssamlıq fəaliyyətini poetik yaradıcılığından bir an belə ayrı təsəvvür etməyən Natəvan deyilənə görə bu sənətin sirlərini ona həm də ilk təhsil verən bibisi Gövhər xanımdan alıbmış. Onun bizim dövrə gəlib çatmış bədii irsi bir o qədər çox olmasa da, onlar Azərbaycan incəsənətini yeni çalarlarla zənginləşdirən sənət nümunələri kimi qəbul olunurlar.

ALEKSANDR DÜMA İLƏ GÖRÜŞ

Tarixdən də məlumdur ki, məşhur fransız yazıçısı Aleksandr Düma Qafqaz səfərində    Xan qızı Natavanla görüşmüş onlar  şahmat oynamış, və Şairə  ona şahmatda qalib gəlmişdir. Məğlub olduğunu görən Düma özüylə gətiridiyi şahmatı və Napalionun kiçik büstünü Natavana bağışlamışdır. Xan qızının həyat yoldaşı, farnsızca səlis danışan Knyaz Xasay xan İsmiyev isə A.Dümaya “Devim” tipli tapança hədiyyə etmişdir.

Xan qızı Natavanın Dümaya hədiyyəsi haqqında isə  yazıçı özünün “Qafqaza səyahət” adlı əsərində qeyd edir: “ Xasay xandan təmiz fransızca yazılmış bir məktub aldım.: “Möhtərəm cənab siz ən yaxşı silaha maliksiniz , sizin kolleksiyanıza bir şey əlavə etmək məqəsdi ilə  bu iki arxalıqla kisəciyi qəbul etməyinizi knyagina sizdən xahiş edir. Kisəcik kinyaginanın öz əli ilə toxunmuşdur”.

Rəssam Çingiz Mehbaliyev “Xurşudbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu”.  

  

 UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil edilmiş  Xurşidbanu Natəvanın “Gül dəftəri”  

       

Xurşudbanu Natəvanın hazırda AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan 1886-cı ildə hazırladığı 227 səhifəlik albomda onun bənzərsiz gözəllik duyumu ilə tanış olmaq mümkündür. Mütəxəssislərin həm də “Gül dəftəri” adlandırdıqları bu albomda şairə-rəssamın yazdığı on üç qəzəllə yanaşı onun sulu boya və karandaşla çəkdiyi müxtəlif güllər – qızılgül, bənövşə, qərənfil, eləcə də yasəmən, lalə və süsən əks olunmuş rəsmlər toplanıb. Rəsmlərin arasında mənzərə və müxtəlif bitkilərin təsvirinə də rast gəlmək mümkündür. Onların sayı otuza çatır. Bütünlükdə götürsək, onların həm rəngarəng motivlərində, həm də dəyişkən rəng çalarlarında ifadə olunan təsiredici ovqat şairənin poetik irsinin daşıdığı lirik ruhla həmahəng səsləşir. Bunu əksər hallarda albomun səhifəsində yanaşı yerləşdirilmiş şeir və təsvirin oxucuya-tamaşaçıya aşıladığı bədii-psixoloji əhvali-ruhiyyə də təsdiqləyir. Yuxarıda qeyd etdiyimiz kimi, Natəvanın bədii yaradıcılığı həm də çoxəsrlik tarixə malik Azərbaycan təsviri sənətinin yeni bədii-estetik məziyyətlərlə yeniləşməsinə xidməti ilə diqqət çəkir.

Xurşudbanu Natəvan haqqında söz açdığımız alboma çəkdiyi “Bülbül”, “Bənövşə”, “Gül”, “Qərənfil” və “Pərvanə” təsvirlərinin yanında zərif və incə varlıqlara həsr etdiyi şeirlərini yerləşdirməklə haradasa ədəbiyyatla təsviri sənətin yaddaqalan sintezini yaratmağa nail olub. Əslində bunun özü də zəngin tarixə malik qədim Azərbaycan kitab sənəti ənənələrinə yeni forma-biçim verməyin əyani nümunəsi sayıla bilər…

Bu rəsmlərin toplandığı 227 səhifəlik albomun zahiri bədii tərtibatı da çox diqqətçəkəndir. Belə ki, albom ilk növbədə cildindəki tirmə üzərində rəngli saplarla və muncuqlarla işlənmiş bəzək elementləri ilə diqqət çəkir. Cildin bir tərəfində nərgiz, qızılgül və miladi tarixlə “1886-cı il”, o biri tərəfində isə küknar, qovaq, şam ağacı və hicri tarixlə “1304-cü il” toxunub.

ŞEYX ŞAMİLİN EVİNİN RƏSMİ

Xurşudbanu Natəvanın  “Gül dəftəri”nə daxil edilmiş bədii yaradıcılıq nümunələri arasında tarixi əhəmiyyətə malik digər rəsmlər də mövcuddur. Bunların arasında məşhur Şeyx Şamilin evinin və Qunib qalasının rəsmi diqqət çəkir. Ehtimal etmək olar ki, bu rəsmlər şairənin həyat yoldaşı Xasay xan Usmiyevlə birlikdə Dağıstana səfərləri zamanı çəkilib…

Xasay xan Usmiyev

UNESCO tərəfindən tərtib olunan və nominasiyaların qısa təsvirini ehtiva edən sənəddə XIX əsr Avropasında qadın yazıçıların kişi təxəllüslərindən istifadə etdikləri bir vaxtda Xurşidbanu Natəvanın İslam Şərqində yerləşən ölkədə ədəbi məclisə sədrlik etdiyi göstərilir. Qarabağ xanlığının son varisi hesab edilən Natəvanın mükəmməl savada və təhsilə sahib olduğu bildirilir. Natəvanın şəxsiyyəti Azərbaycan qadının fenomeni kimi təqdim olunur. Natəvanın Azərbaycanın ictimai həyatına və mədəni inkişafına verdiyi töhfə vurğulanır. Natəvanın “Gül dəftəri” şeirlər albomunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması ölkəmizin Qarabağ bölgəsinin XIX əsrə aid irsinin UNESCO və üzv ölkələr tərəfindən yüksək səviyyədə qiymətləndirildiyini göstərir.

Xurşidbanu Natəvan 1897-ci il, 2 oktyabrda vəfat etmişdir və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunmuşdur. Ağdam rayonu işğaldan azad olunandan sonra, məlum olmuşdur ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılmış, qəbiri isə təhqir olunmuşdur, qazılıb və sümükləri də qəbrindən çıxarılıb aparılmışdır. Bu haqda məşhur fransız fotojurnalisti Rza Diqqəti məlumat da dərc etmişdir,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də bu faktı təstiqləmişdir.

 

ADPU-nun filologiya fakultəsinin dekanı, f.ü.f.doktoru, dosent,

 UNESCO klubunun rəhbəri Könül Həsənova

Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov