Xocalı soyqırımı: Tariximizin silinməz yarası və qanla yazılmış qəhrəmanlıq yaddaşımız…
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 34 il ötür.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Xocalı soyqırımı – bəşəriyyət tarixinin ən dəhşətli səhifəsidir. Xocalı faciəsi bizim qan yaddaşımızdır. 1992-ci il fevralın 26-sı Xocalı faciəsi xalqımıza qarşı törədilmiş soyqırımı—genosiddir. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələrin ən dəhşətlisi Xocalı soyqırımıdır. Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindəndir. Xocalı soyqırımı tariximizin qəhrəmanlıq səhifəsidir. Xocalı faciəsi: misli görünməmiş soyqırımı aktıdır. Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Xocalı soyqırımı – erməni faşizminin əsl simasıdır. Tarix bəşəriyyətin inkişaf yolunda həm qəhrəmanlıq, həm də faciələrlə dolu hadisələrin yaddaşını özündə daşıyır. Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir. Xocalı soyqırımı XX əsrin sonunda insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri kimi yadda qalır. İnsan hüquqlarının pozulması halları arasında soyqırım ən qəddar və ən qeyri-insani hal olaraq dəyərləndirilir. Soyqırım dini, siyasi və etnik müxtəlifliyi səbəbiylə bir qrupun məqsədli şəkildə yox edilməsidir. Bu cinayətin insanlıq əleyhinə işlənən digər cinayətlərdən ən böyük fərqi də məhz hər hansı bir etnik qrupun tamamilə yox edilməsinə istiqamətlənməsidir. Təsadüfi deyil ki, soyqırım sözünün ingiliscə tərcüməsi olan “genocide” sözü yunancada irq, millət mənasını verən “genos” və latıncada öldürmək mənasında işlənən “cide” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Tarixə nəzər saldıqda, ayrı-ayrı xalqların müxtəlif dövrlərdə təqiblərə, qətliamlara, soyqırımlara məruz qaldıqlarını müşahidə edirik. İnsanlıq tarixinin ən dəhşətli soyqırımlarından biri də ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı olmuşdur. Qarabağ problemi 1988-ci ildən etibarən gündəmə gətirilsə də, kökləri 1905-ci il Rus İnqilabına qədər gedib çıxan tarixi bir məsələdir. Problemin özəyində ruslar tərəfindən buraya yerləşdirilən ermənilərin qədim Azərbaycan torpağı olan Qarabağ üzərindəki ərazi iddiaları dayanmaqdadır. Sözügedən iddialar səbəbiylə Azərbaycan türkləri dəfələrlə erməni vandalizminə məruz qalmışdır. XX əsrin 80-ci illərinin ikinci yarısında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü, eləcə də azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin sistemli şəkildə öyrənilməsinə çox böyük ehtiyac duyulur. Bu problem indiyədək alimlər və mütəxəssislər tərəfindən araşdırılmış, bir sıra müxtəlif elmi əsərlər, monoqrafiyalar yazılmışdır.
Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin fevralında Xocalıda üzləşdi. Yaxın tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk olundu. Təəssüflər olsun ki, Xocalı şəhəri tarixə Xocalı faciəsi kimi düşdü. Bu faciə görünməmiş amansızlıq, qəddarlıq və qətl faktları, öz miqyası və üsulları ilə dünyada və tarix qarşısında bir daha ermənilərin xislətini bütün aydınlığı ilə ortaya qoydu. Bəli, Xocalı faciəsi dünyada qətl və qəddarlıq simvoludur. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərində misli görünməmiş soyqırım aktı həyata keçirdi. Bu faciə yalnız bir şəhərin və ya bir xalqın deyil, bütün bəşəriyyətin faciəsi idi. Qadınların, uşaqların, yaşlı insanların amansızcasına qətlə yetirilməsi, işgəncələrə məruz qalması dünya ictimaiyyətini sarsıtsa da, bu soyqırım uzun illər beynəlxalq səviyyədə lazımi hüquqi qiymətini almamışdır.
Xocalı soyqırımı təkcə bir hərbi əməliyyat və ya müharibənin nəticəsi deyildi. Bu, məqsədyönlü şəkildə azərbaycanlıların Qarabağ torpaqlarından qovulması, etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Faciənin əsas məqsədlərindən biri Azərbaycan xalqının iradəsini qırmaq, onu öz doğma torpaqlarından imtina etməyə məcbur etmək idi. Lakin Xocalı soyqırımı əksinə, Azərbaycan xalqının həmrəyliyini daha da gücləndirdi, onun haqq səsini dünyaya çatdırmaq uğrunda apardığı mübarizəyə yeni güc verdi.
Xocalı soyqırımı 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin ən faciəvi səhifələrindən biridir. Qarabağ bölgəsi tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur. Lakin erməni millətçilərinin ərazi iddiaları nəticəsində münaqişə alovlanmış, Ermənistan Azərbaycanın suveren ərazilərinə qarşı açıq təcavüzə başlamışdır.
1905-1906-cı illərdə ermənilərin Bakıdan sonra Qarabağ, Zəngəzur və Şuşada törətdiyi qətliamlar ardıcıl olaraq, 6 Fevral 1905 Birinci Bakı qətliamı, 5 May 1905 Naxçıvan qətliamı, 23 May 1905 Rəvan qətliamı, 3 İyun 1905 Əcmiədzin qətliamı, 13 İyun 1905 Cəbrayıl qətliamı, 12 İyul 1905 və 16 Avqust 1905 Şuşa qətliamları, 20 Avqust 1905 İkinci Bakı qətliamı, 26 Sentyabr 1905 Cavanşir qətliamı, 18 Noyabr 1905 Gəncə qətliamı, 24 Noyabr 1905 Tiflis qətliamı, 22 Yanvar 1906 Qazax qətliamı, 29 İyul 1906 Zəngəzur qətliamı ilə davam etmişdir. Erməni tarixçi S.Zavaryanın verdiyi məlumata görə, bu qətliamlar əsnasında Şuşada 12, Cavanşir bölgəsində 15, Cəbrayılda 5, Zəngəzurda 43 olmaqla, ümumilikdə 75 türk-müsəlman kəndi yandırılıb, dağıdılmışdır. 1906-cı ildə İrəvan, Gəncə və digər bölgələrdə 200-dən çox kənd və qəsəbə talan edilmiş, sakinləri öldürülmüşdür. Təkcə Qarabağda 158 türk kəndi dağıdılmış, minlərlə türk qətlə yetirilmişdir. Bütün bu qırğınlarla kifayətlənməyən ermənilər bir neçə il sonra öz vandal kimliklərini ortaya çıxaran növbəti dəhşətli soyqırımı – 31 Mart soyqırımını törətdilər.
“Ermənilər heç kəsə mərhəmət etmədən, uşaq, körpə demədən qarşılarına çıxan bütün müsəlmanları qətlə yetirmişdilər. Bakının küçələri çılpaq qadın cəsədləri, kəsilmiş başlarla, demək olar ki, dolub-daşırdı. …uşaqların cəsədləri itlərə atılmışdı”.
İnsanların divarlara mismarlandığı bu qətliamda, sadəcə bir yerdə 57 qadının parçalanmış cəsədi tapılmışdır. Başqa bir yerdə isə, çıxarılmış gözlərin, kəsilmiş qulaqların və burunların yığıldığı otaq aşkarlanmışdır.
Bakınski Raboçi qəzetinə görə üç gün içərisində Bakıda 17000-dən çox insan öldürülmüşdür.
Bakı ilə yanaşı digər ərazilərdə də qanlı qətliamlar törədilmişdir. Zəngəzur, Göyçay, Qarabağ, Gəncə, Gümrü və Üçkilsə qəzalarında onlarla türk kəndi yandırılmış, dağıdılmış, yüzlərləsi yağmalanmışdır. Bundan əlavə, Bakıda törədilən vəhşiliklər Şamaxı, Salyan, Kürdəmir, Quba və Lənkəranda da təkrarlanmışdır.
Ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı törədilən qətliamlarla bağlı bir sıra yerli qaynaqlar da mövcuddur. Lakin, əsas məsələ bu dəhşətli cinayətlərin erməni mənbələri tərəfindən etiraf edilməsidir. Erməni və rus mənbələrə görə 1918-1920-ci illər aralığında Ermənistanda beş yüz min Azərbaycan türkü soyqırıma məruz qalmışdır.
Xocalı soyqırımı dünya ictimaiyyətinin diqqətini çəksə də, beynəlxalq təşkilatların və böyük dövlətlərin bu hadisəyə münasibəti yetərincə ədalətli olmamışdır. Xocalı soyqırımı törədildikdən sonra dünyanın müxtəlif ölkələrində və beynəlxalq təşkilatlarda bu faciəyə münasibət birmənalı olmamışdır. Hadisənin baş verdiyi dövrdə dünya siyasəti postsovet məkanında gedən proseslərə yönəlmişdi və Ermənistanın Azərbaycana qarşı təcavüzü lazımi səviyyədə gündəmə gətirilmirdi. Buna baxmayaraq, bəzi beynəlxalq media qurumları və jurnalistlər Xocalıda baş verən dəhşətli hadisələri işıqlandırmış, müxtəlif ölkələrin parlamentləri son illərdə bu faciəyə hüquqi-siyasi qiymət verməyə başlamışdır. 1992-ci ildə müxtəlif xarici jurnalistlər və beynəlxalq müşahidəçilər Xocalıya gedərək faciənin izlərini sənədləşdirmişdilər. Xüsusilə britaniyalı jurnalist Tomas de Vaala, amerikalı jurnalist Tomas Qolts və digər müstəqil jurnalistlər Xocalıda baş verən vəhşilikləri dünyaya çatdırmağa çalışmışdılar.
Dünya mediasının Xocalıya münasibəti
Xocalı soyqırımı barədə ilk məlumatları xarici jurnalistlər, humanitar təşkilatlar və şahidlər dünyaya çatdırmışdır. Müstəqil jurnalistlər və beynəlxalq media qurumları hadisə ilə bağlı müxtəlif hesabatlar hazırlamış və Xocalıdakı dəhşətləri sənədləşdirmişdir.
- “The New York Times” (ABŞ): 3 mart 1992-ci ildə dərc olunan məqalədə Xocalıda dinc əhalinin kütləvi qətliamı haqqında məlumat verildi.
- “The Washington Post” (ABŞ): 28 fevral 1992-ci ildə yazılan məqalədə erməni qüvvələrinin Xocalıda qadınları və uşaqları xüsusi amansızlıqla öldürdüyü vurğulandı.
- “The Times” (Böyük Britaniya): Britaniyalı jurnalist Kris Uoker Xocalıda yüzlərlə azərbaycanlının qətlə yetirildiyini və bu hadisənin müharibə qaydalarına uyğun gəlmədiyini yazmışdır.
- Human Rights Watch beynəlxalq insan haqları təşkilatı Xocalı qırğınını müharibə cinayəti kimi qiymətləndirmiş və Ermənistanın bu hadisəyə görə məsuliyyət daşıdığını bildirmişdir.
Bu cür məlumatlar Xocalıda baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmağa kömək etsə də, uzun illər beynəlxalq təşkilatlar və dövlətlər Xocalıya hüquqi qiymət verməkdən çəkinmişdir. BMT və digər beynəlxalq təşkilatlar Xocalı soyqırımına hüquqi qiymət verməkdə gecikmişdir.
XX əsrin əvvəllərindən etibarən Qarabağ torpaqlarının özlərinə aid olduğunu iddia edərək ilhaq etmək istəyən ermənilər, bu ərazidə türklərin sayının artmasından narahatlıq duymaqda idilər. 1987-ci ildən etibarən ermənilərin buraya hücumları daha da güclənmişdir. Hücumların məqsədi ermənilərin Azərbaycan türklərini bölgədən çıxarmaq istəməsi idi.
Ermənilərin işğal etdikləri bütün yerlərdə həm mülki ermənilər, həm də əsgərlər türklərə qarşı təxribatlar, talanlar, cinayətlər törədirdilər. Sovet hakimiyyətinin onları dəstəkləməsi, törətdikləri cinayətlər önündə susqunluq nümayiş etdirməsi ermənilərə öz insanlıqdan kənar əməllərini çəkinmədən davam etdirmək cəsarəti vermişdir. 1990-cı ilin Avqust və Sentyabr aylarından etibarən onların Azərbaycan türklərinə qarşı cinayətləri birbaşa və sərhədsiz bir hal almışdır.
Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər . Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Belə bir məqamda, Xocalının coğrafi-strateji mövqeyi erməni silahlı birləşmələri üçün çox vacib idi. Belə ki, Xocalı Ağdam, Şuşa, Əsgəran yolları üzərində strateji bir mövqeyə sahib idi. Qarabağdakı tək hava limanının burada yerləşməsi, eləcə də dəmiryolunun buradan keçməsi şəhərin strateji əhəmiyyətini daha da artırırdı. Qarabağı Ermənistanla birləşdirən yol da Xocalıdan keçirdi. Bu cür əhəmiyyətli bölgədə türklərin məskunlaşması Ermənistan üçün sözün əsl mənasında qəbuledilməz idi. Xocalı, eyni zamanda, müxtəlif dövrlərdə ermənilərin Azərbaycan türklərinə qarşı apardıqları qırğın və sürgün siyasəti nəticəsində tarixi bir türk torpağı olan Ermənistandan zorla qovulan azərbaycanlıları qarşılayan bir şəhər idi. 1980-ci illərin sonunda, ermənilər torpaq iddialarına başladıqda, Xankəndidə yaşayan azərbaycanlı ailələrə qarşı mənfi münasibət və təzyiqlər onların şəhərdən zorla çıxarılması ilə nəticələndi. Beləliklə, Xankəndidən qovulan ailələr də Xocalıda yaşamağa başladılar.1991-ci ilin oktyabr ayından etibarən Xocalı blokadada idi. Oktyabrın 30-da şəhərlə quru yolu vasitəsilə əlaqə kəsilmiş, tək nəqliyyat vasitəsi kimi helikopter qalmışdı. Xocalıya son helikopter 1992-ci il yanvar ayının 28-də getmişdir. Şuşa səmalarında bir mülki helikopterin vurulması və nəticədə 40 nəfərin həyatını itirməsindən sonra şəhərlə yeganə nəqliyyat əlaqəsi də kəsilmişdir.
2 Yanvardan etibarən şəhərin elektriklə təminatı dayanmışdır. Fevralın ikinci yarısından etibarən, Xocalı erməni silahlı birləşmələrinin blokadasına salınmış, hər gün toplar və pulemyotlarla hücuma məruz qalmışdır.
O dövrün məlumatlarına görə, Xocalını dörd tərəfdən əhatə edən Daşçeşmə, Mehdikənd, Ballıca, Həsənabat, Pirəməki, Noraguh və Mirzəcan kimi ermənilərin sıx məskunlaşdığı kəndlərdə təxminən 515 nəfərdən ibarət silahlı birləşmə, 3 “Alazan” raketi, 10 zirehli texnika, 3 piyadaların zirehli texnikası və bir neçə tank yerləşdirilmişdi.
Xocalı sakini Nəbiyev Niftəli İbad oğlu o tarixlərdə Xocalının vəziyyəti haqqında demişdir: “Xocalı ermənilər tərəfindən müxtəlif silahlarla atəşə məruz qaldığından yerli sakinlər daim qorxu içində yaşamaqda idilər. Nəqliyyat yolu bağlandığı üçün son 3-4 ayda nəqliyyat işləri həyata keçirilmirdi. Nəticədə, Xocalı tam bir əsarət içində idi”.
1992-ci il Fevral ayının 25-dən 26-a keçən gecə Xocalını bombardman edən erməni silahlı birləşmələri, keçmiş Sovet İttifaqı 366-cı Motorlu Piyada Alayının dəstəyi ilə şəhəri üç tərəfdən mühasirəyə aldılar. 25 Fevral 22:00 radələrindən etibarən şəhər helikopter və ağır zirehli texnikalardan şiddətli atəşə məruz qalmışdır. Alazan tipli zenit silahlardan 2 saatlıq atəşdən sonra qoşunlar tank və toplarla şəhərə daxil oldular. Hücumda Xankəndi tərəfdən öndə 366-cı alayın əsgərləri, arxada Rusiya-Ermənistan silahlı birləşmələri və Əsgəran istiqamətindən mindən çox silahlı quldur hərəkətə keçmişdir.Xocalının hücum qarşısındakı müdafiəsi olduqca məhdud idi. Şəhərin müdafiəsi əsasən ov silahları ilə təchiz olunmuş yerli müdafiə ordusundan, polisdən və milli silahlı qüvvələrin əsgərlərindən ibarət idi.Bundan əlavə, Xocalılar Qarabağdakı türklərə qarşı qırğınlardan narahat olaraq, 15 noyabr 1991-ci ildə 150 nəfərdən ibarət yerli müdafiə bölməsi qurmuşdular. Amma bu birlik də məhdud imkanlara və yüngül silahlara sahib idi. Bunun səbəbi Sovet lideri M. Qorbaçovun 25 İyul 1990-cı il qərarı ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi Qarabağda da mülki əhalinin əlindəki ov silahları da daxil olmaqla bütün silahların yığılması barədə qərarı idi. Beləliklə həm yerli əhali, həm də formalaşmış yerli müdafiə bölməsi yetərli silah-sursata sahib deyildi. Belə bir şəraitdə, Xocalının hər hansı bir hücumdan müdafiəsi, demək olar ki, mümkünsüz idi.
Ermənilər tərəfindən mühasirəyə alınan şəhərdə qalan təxminən 2500 nəfər azərbaycanlıların yaşadığı qonşu rayon olan Ağdamın mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməli oldu. Ancaq insanların çoxu bu məqsədinə çatmadı. Çünki şəhəri dağıdan erməni silahlı qüvvələri və motorlu alayın əsgərləri canlarını qurtarmaq üçün qaçmağa çalışanların ardınca gedərək, onları amansızcasına öldürürdülər. Erməni silahlı qüvvələrinin əsas məqsədləri Xocalı bölgəsinin dağıdılması, bu ərazidən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və hava limanının ələ keçirilməsi idi.
Xocalıya hücum üç istiqamətdən olduğu üçün xalq Əsgəran istiqamətində qaçmaq məcburiyyətində qaldı. Lakin sonradan bunun tələ olduğu ortaya çıxdı. Naxçıvanik kəndi yaxınlığında ermənilər tərəfindən önü kəsilən əliyalın əhali mərmi yağışına tutuldu.
Xocalıya hücum zamanı cəmi 10 yaşında olan Ramin Həsənov o dəhşətli gecədə yaşadıqlarını bu cür təsvir edir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə saat 11 radələrində Ermənistan və Rusiya silahlı qüvvələri Xocalını mühasirəyə aldılar. Mən həmin vaxt paltarlı yatmışdım. Anam ermənilərin hücum etdiyini söylədi. İzdihamla beton evlərin zirzəmilərinə qaçdıq. Bir neçə saat orada qaldıq. Biri qışqırdı ki, şəhər yanır. Ermənilər şəhəri dağıdırdılar. Zirzəmidən çıxıb çaya tərəf qaçdıq. Geriyə baxanda ermənilərin silahsız insanları vurduğunu gördük. Çayı keçib meşələrə və dağlara sığındıq”.
Qaçmağa çalışan əliyalın əhali ermənilər tərəfindən ya öldürülür, ya da əsir götürülürdü. Qarlı dərələrdə və meşələrdə zəifləyən insanların əksəriyyəti erməni silahlıları tərəfindən Əsgəran-Naxçıvanik düzündə vəhşicəsinə qətlə yetirilmişdir. Erməni silahlıları qətlə yetirdikləri insanlara işgəncələr edir, baş dərilərini soyur, bədən üzvlərini kəsir, körpələrin gözlərini çıxarır, hamilə qadınların qarınlarını yarır, kişiləri diri-diri basdırır və ya yandırdılar. Fevralın 28-də, milli mətbuat mənsubları da daxil olmaqla bir qrup şəxs, iki helikopter vasitəsiləfaciənin yaşandığı Xocalı şəhərinə gətirilmişdir. Gördükləri mənzərədən dəhşətə gələn jurnalistlər hər yerdə cəsədlərin olduğunu söyləmişlər.
1992-ci ilin 26 Fevralında Xocalıda yaşanan o dəhşətdən sonra ortaya çıxan mənzərə xarici media nümayəndələri tərəfindən də təsvir edilmişdir. “New York Times” qəzetinin müxbiri Tomas Qolz demişdir: “Xocalıda gördüklərimiz tamamilə dəhşətli idi. Sanki cəhənnəmdə idim. Hər yerdə insan meyitləri var idi. İnanmıram ki, insanlar belə bir şey edə bilər. Cəsədlərin əksəriyyəti dəhşətli vəziyyətdə idi. Orada gördüyüm bir cəsəd var idi ki, bu günə qədər gözümün önündən getmir. Hamilə bir qadının qarını yarılaraq körpəsi çıxarılmışdı”.
O qan donduran mənzərənin şahidi olan başqa bir jurnalist isə Xocalıda yaşananları bu cümlələrlə ifadə etmişdir: “…şəkillər və video çəkilişlər yolu ilə bir gündə 1300 Azərbaycan türkünün erməni quldur dəstələri tərəfindən öldürüldüyünü bütün dünyaya elan etdim. Xocalı qətliamı izah edilə bilməyən bir vəhşilik idi. O dövrkü rəhbərlik və Ayaz Mütəllibov hadisəni dörd gün ictimaiyyətdən gizlətməyə çalışdı. Baş verənlərdən bütün Azərbaycan şoka düşdü. Erməni bıçaqlarından və güllələrindən xilas olmağı bacaranlar -qadınlar, uşaqlar və qocalar qarlı dağlardan keçərək Ağdama çata biləndə çoxunun ayaqları donmuşdu. Bəzilərinin qanqrena səbəbi ilə ayaqları kəsildi. Ermənilər sanki göz dağı olsun deyə, hər cür vəhşiliyi etmişdilər. …cəsədlər Xocalı ilə Ağdam arasındakı 12 kilometrlik meşə boyunca düzülmüşdü”.
O gecə ermənilər Azərbaycan türklərinə təsvir və təsəvvür edilməsi belə çətin olan, ağlagəlməz işgəncələr etmiş, insanlıq tarixinin ən dəhşətli cinayətlərindən birinə imza atmışlar.
Beynəlxalq təşkilatların mövqeyi
- BMT – Xocalı soyqırımı ilə bağlı ayrıca bir qətnamə qəbul etməsə də, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi işğalı pisləmiş və işğalçı qüvvələrin Azərbaycan torpaqlarını tərk etməsini tələb etmişdir.
- Avropa Şurası və ATƏT – 2001-ci ildən etibarən Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra Xocalı soyqırımına dair məsələ bu təşkilatlarda da müzakirə olunmuşdur. 2010-cu ildə Avropa Parlamenti Xocalı qətliamını insanlıq əleyhinə cinayət kimi qiymətləndirmişdir[4].
- İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – 2012-ci ildə İƏT Parlament İttifaqı Xocalı hadisələrini soyqırım kimi tanımışdır.
Son illərdə Azərbaycanın diplomatik səyləri nəticəsində bir sıra dövlətlərin parlamentləri Xocalı faciəsini soyqırım kimi tanımışdır. Bu ölkələr arasında Türkiyə, Pakistan, Kolumbiya, Meksika, Çexiya, Sudan, İordaniya, Honduras, Peru, Bosniya və Herseqovina, Cibuti və digər ölkələr yer alır. Bu tanınma aktları Ermənistanın Xocalıda törətdiyi cinayətlərin beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımına beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi, dünya ictimaiyyətinə çatdırılması və erməni vandalizminin ifşa olunması üçün ardıcıl və sistemli fəaliyyət aparmışdır. Bu fəaliyyət həm diplomatik, həm də beynəlxalq platformalarda müxtəlif səviyyələrdə davam etdirilmişdir.
2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” (Justice for Khojaly) beynəlxalq kampaniyası Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtmaq istiqamətində böyük uğurlar əldə etmişdir. Bu kampaniya çərçivəsində müxtəlif ölkələrdə anım tədbirləri keçirilmiş, beynəlxalq mediada məqalələr dərc edilmiş və Xocalıya dair faktlar geniş auditoriyaya çatdırılmışdır. Prezident İlham Əliyevin dəstəyi ilə bu kampaniya Azərbaycan diplomatiyasının əsas prioritetlərindən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif beynəlxalq forumlarda, konfranslarda və dövlət başçıları ilə görüşlərində Xocalı soyqırımı məsələsini daim gündəmə gətirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı faciəsinin Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu vurğulamış və dünya ictimaiyyətini bu hadisəyə ədalətli yanaşmağa çağırmışdır.
- BMT Baş Assambleyasında və digər beynəlxalq tribunalar – Prezident İlham Əliyev çıxışlarında Ermənistanın müharibə cinayətlərini, o cümlədən Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmışdır.
- Türkiyə, Pakistan, İslam Əməkdaşlıq Təşkilatı və digər strateji tərəfdaşlarla əməkdaşlıq – Azərbaycanın diplomatik səyləri nəticəsində Xocalı faciəsi təkcə regionda deyil, dünyanın müxtəlif yerlərində də soyqırım kimi tanınmağa başlanmışdır.
2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini işğaldan azad etdi. Bu tarixi qələbə həm də Xocalı qurbanlarının qanının yerdə qalmadığını sübut etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq və bu faciəyə beynəlxalq hüquqi qiymətin verilməsi üçün mübarizəsini davam etdirəcəkdir.
Azərbaycan dövləti Xocalı şəhərinin və digər azad edilmiş ərazilərin bərpası üçün genişmiqyaslı layihələr həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan yenidənqurma işləri Xocalının yenidən çiçəklənməsini təmin etmişdir.
Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış, onun tarixi və milli kimliyinin ayrılmaz bir parçasına çevrilmişdir. Bu faciə təkcə Xocalı şəhərinin deyil, bütün Azərbaycan xalqının yaşadığı ağır bir sarsıntıdır. Xocalıda baş verənlər həm ölkə daxilində, həm də beynəlxalq miqyasda insan hüquqlarının pozulması, müharibə cinayətləri və etnik təmizləmə siyasətinin ən acı nümunələrindən biri kimi qiymətləndirilir.
Xocalı faciəsi Azərbaycan cəmiyyətində milli birlik və həmrəylik hissinin daha da güclənməsinə səbəb olmuşdur. 1992-ci ildə baş vermiş bu soyqırım xalqın öz tarixi keçmişini qorumaq, ədalət uğrunda mübarizə aparmaq əzmini daha da möhkəmləndirmişdir. Xalqın sosial və psixoloji travması hələ də davam edir və bu hadisə Azərbaycan cəmiyyətinin yaddaşında dərin yaralar açmışdır. Xocalı hadisələri ölkədə vətənpərvərlik hisslərinin yüksəlməsinə, şəhidlərin xatirəsinə hörmətin artırılmasına və milli-mənəvi dəyərlərə bağlılığın daha da güclənməsinə gətirib çıxarmışdır. Azərbaycan gəncliyi bu faciəni unutmur və onu gələcək nəsillərə ötürmək üçün müxtəlif maarifləndirmə və sosial tədbirlər təşkil edir.
Hər il 26 fevralda ölkə daxilində və xaricdə keçirilən anım tədbirləri Xocalı qurbanlarının xatirəsinə ehtiramın ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində məqsədyönlü fəaliyyət aparılır. Bakı şəhərində “Ana harayı” abidəsi önündə keçirilən rəsmi anım tədbirləri, Xocalı faciəsinin şahidləri ilə görüşlər, məktəblərdə, universitetlərdə təşkil olunan xüsusi dərslər və seminarlar bu faciənin unudulmaması üçün həyata keçirilən vacib addımlardır. Həmçinin, Azərbaycanın xarici diplomatik nümayəndəlikləri hər il müxtəlif ölkələrdə Xocalı soyqırımı ilə bağlı anım tədbirləri təşkil edir, sərgilər, konfranslar, elmi müzakirələr keçirilir. Xüsusilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində müxtəlif ölkələrdə bu faciənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər görülür. Xocalı faciəsi beynəlxalq hüquq və tarix üzrə aparılan tədqiqatların mövzusu olmuş, müxtəlif ölkələrdə keçirilən akademik simpozium və konfranslarda bu mövzu müzakirə edilmişdir.
Xocalı soyqırımı Azərbaycan mədəniyyətində də dərin iz buraxmışdır. Yazıçılar, şairlər, rəssamlar, bəstəkarlar bu faciəni öz əsərlərində əks etdirmişlər. Azərbaycan yazıçıları Xocalı soyqırımı haqqında romanlar, hekayələr və poeziya nümunələri yaratmışdır. Bu əsərlər faciənin yaddaşlarda qalması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır. Xocalı soyqırımı haqqında bir sıra sənədli və bədii filmlər çəkilmişdir. “Xoca” filmi, “Sonsuz dəhliz” (Litva-Azərbaycan istehsalı) kimi filmlər Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Xocalı faciəsini əks etdirən çoxsaylı rəsm əsərləri və abidələr yaradılmışdır. Bakı şəhərində ucaldılan “Ana harayı” abidəsi bu soyqırımın rəmzinə çevrilmişdir.
Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri olmaqla, təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin tarixində qara bir ləkə kimi həkk olunmuşdur. Bu faciə təkcə bir şəhərə və ya bir xalqa qarşı törədilmiş hücum deyil, bütövlükdə insanlıq əleyhinə bir cinayət idi. Xocalıda baş verənlər bir daha sübut etdi ki, müharibənin ən ağır fəsadları günahsız insanların üzərinə düşür və etnik təmizləmə siyasətinin qurbanı olanlar əsasən dinc əhali olur.
Bu soyqırımı Azərbaycan xalqının milli kimliyinin formalaşmasında mühüm rol oynamış, ölkənin siyasi, sosial və beynəlxalq siyasətində istiqamətverici amillərdən birinə çevrilmişdir. 1992-ci ilin fevralında baş verən bu faciə Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı ən ağır sınaqlardan biri olsa da, xalqın mübarizə əzmini sarsıtmamış, əksinə, daha da gücləndirmişdir.
Xocalı faciəsi həm də Azərbaycan dövlətinin beynəlxalq siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət aparmaqdadır. “Xocalıya ədalət” beynəlxalq kampaniyası, dünyanın müxtəlif ölkələrinin parlamentlərinin bu hadisəni soyqırımı kimi tanıması, müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr bu istiqamətdə görülən işlərin mühüm nəticəsidir. Azərbaycan diasporu da bu məsələdə böyük rol oynayır, müxtəlif ölkələrdə anım tədbirləri təşkil edir və bu faciənin unudulmaması üçün beynəlxalq ictimaiyyətin diqqətini daim bu məsələyə yönəldir.
Bu gün Xocalı qurbanlarının xatirəsi daim yad edilir, onların haqqının bərpa olunması üçün müxtəlif səviyyələrdə işlər görülür. Azərbaycan xalqı bu faciəni unutmur və unutdurmamaq üçün mübarizəsini davam etdirir. Tarixi ədalətin bərqərar olması üçün Xocalı soyqırımının dünya tərəfindən tam şəkildə tanınması və bu cinayəti törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməsi vacibdir.
Xocalı – sadəcə bir şəhərin adı deyil, həm də Azərbaycan xalqının qəhrəmanlıq və faciə dolu tarixinin simvoludur. Bu faciə bizə bir daha göstərdi ki, milli birlik, güclü dövlət və güclü ordu xalqın gələcəyinin təminatıdır. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda mübarizə davam edir və Xocalı soyqırımı heç vaxt unudulmayacaq! Rəsmi statistikaya görə, Xocalı soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla 613 Azərbaycan türkü vəhşicəsinə öldürülmüşdür. Onlardan 56 nəfəri diri-diri yandırılmış, 76 nəfəri uşaq olmaqla 1000-dən çox insan aldığı ağır yaralar nəticəsində əlil olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq bütün ailə üzvlərini, 130 uşaq isə ailəsindən birini itirmişdir. 1275 nəfər ermənilər tərəfindən işgəncə verilərək əsir götürülmüşdür. Bəzi şahidlərin ifadələrinə görə, ölənlərin sayı 1300-ü keçməkdədir.
Ermənilər törətdikləri vəhşiliklə Cenevrə Konvensiyasını da heçə saymışlar. Buna baxmayaraq, inkişaf etmiş Qərb gücləri və dünya dövlətləri bu qırğına laqeyd qaldılar və qırğını həyata keçirən qüvvələrə qarşı sanksiya tətbiq olunmadı.
Xocalıda baş verənlər Meksika, Macarıstan, Pakistan, Kolumbiya, Çex Respublikası, Bosniya və Herseqovina, Honduras, Peru, Sudan və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən “soyqırım” olaraq tanınır.
Bəşər tarixinin ən dəhşətli soyqırımlarından olan Xocalı soyqırımının dünyaya çatdırılması, daha çox ölkə tərəfindən tanınması Azərbaycan Respublikası üçün daim prioritet məsələlərdən biri olmuşdur. Bu istiqamətdə görülən işlər, həyata keçirilən kampaniyalar bugün də davam etməkdədir.
Tarixin müxtəlif səhifələrində öz əksini tapan erməni vandalizmi ən yeni tarixdə də özünü büruzə vermişdir. Belə ki, 27 Sentyabr 2020-ci il tarixində başlayan, əzəli torpağımız olan Qarabağın geri alınması ilə nəticələnən 44 günlük müharibə dövründə də ermənilər mülki əhalini hədəf alaraq öz terrorçu kimliklərini bir daha ortaya qoydular. Əslində bu, atəşkəs dövründə belə, mülki əhalinin, azyaşlı uşaqların öldürülməsinə şahidlik edən, başqa sözlə desək, düşməninin xislətinə bələd olan Azərbaycan xalqı üçün heç də təəccüblü deyildi.
Beləliklə, müharibə dövründə həm cəbhəyanı əraziləri, həm də cəbhədən kənarda yerləşən şəhərləri atəşə tutmaqla ermənilər öz tarixi, vandal xislətlərinin dəyişmədiyini, dəyişməyəcəyini bir daha nümayiş etdirdilər.
Rəsmi məlumata görə, 44 günlük müharibə müddətində Ermənistan ordusunun mülki yaşayış məntəqələrini atəşə tutması nəticəsində 94 mülki şəxs həyatını itirmiş, 414 nəfər yaralanmış, 512 mülki obyekt, 3410 yaşayış evi, 120 çoxmənzilli bina yararsız hala düşmüşdür. Bugün Qarabağ uğrunda canından keçən bütün şəhidlərimizin, Xocalı sakinləri də daxil olmaqla erməni vəhşiliyinə qurban gedən bütün mülki şəxslərimizin ruhu şaddır. Çünki artıq Qarabağımız düşmən tapdağından, işğaldan azad olunmuşdur.
Bundan sonra hər bir azərbaycanlının əsas vəzifəsi tarixi həqiqətləri, Xocalı soyqırımı, Bərdə və Gəncə terrorları da daxil olmaqla olmaqla, erməni vəhşiliyinin bütün nümunələrini dünyaya çatdırmaq, bu məlumatları gələcək nəsillərə ötürməkdir. Şübhəsiz ki, daim öz vətənpərvərlikləri, mərdlikləri, milli məfkurəyə sadiqlikləri ilə seçilən odlar yurdunun övladları bu mənəvi vəzifənin də öhdəsindən layiqincə gələcəkdir.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir .
2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.”
Hazırda bu soyqırımımı törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.
2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19-26-da Türkiyənin İstanbul və daha 25 vilayətində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirmişdir. Bundan başqa, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur . Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü 2010-cu ildə artıq dünyanın 100-dən çox yerində qeyd olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Federasiyasındakı nümayəndəlik tərəfındən İslam Konfransı Təşkilatının (hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır) Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu (İƏT GF) çərçivəsində uğurla davam edir
Xocalı faciəsi dünya soyqırımları ilə bir sırada dayanan, erməni terrorizminin mahiyyətini bütövlükdə ortaya qoyan beynəlxalq cinayət faktıdır. Bu faktın dünyaya və Azərbaycanın taleyi olan gələcək nəsillərə çatdırılması üçün çox işlər görülməlidir. Dünya Xocalı soyqırımını bu qəbildən olan Xatın, Naqasaki kimi faciələrlə bir sırada qəbul etməlidir.
Xalqımızın başına gətirilən erməni terrorizmi, soyqırım hərəkətləri öyrənilərək gələcək nəsillərə çatdırılmalıdır. Əslində taleyimizlə bağlı bir sıra mühüm məsələlər kimi, əsrlər boyu bizə qarşı törədilmiş soyqırım aktlarının da bütün dünyanın diqqətinə çatdırılması, bu faciələrin gələcək nəsillərin yaddaşına ötürülməsi, onlara dost və düşmənlərimizin nişan verilməsi, erməni mifinin dağıdılması işində çox gecikmişik.
Ümummilli lider Heydər Əliyev 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayaraq əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri ictimai-siyasi fikrin diqqət mərkəzinə gətirdi.
Bu fərmanda da göstərildiyi kimi “Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna, mənliyinə qarşı yönəlmiş böhtanlar və hərbi təcavüz üçün ideoloji zəmin hazırlanmış, xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar təhrif olunmuş, ictimai fikir çaşdırılmışdır. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyümələrinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalmışdır”.
Heç şübhəsiz ki, bütün bunların qarşısını almaq üçün ən düzgün yol lüzumsuz və zərərli təvazökarlığı bir tərəfə atmaq, hər şeyi xalqımıza, həm də bütün dünyaya olduğu kimi çatdırmaqdan ibarətdir.Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. İnanırıq ki, bu gün uzaqda deyil.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində ərazilərimiz işğaldan azad edildi, qatillər öz layiqli cəzalarını aldılar. Prezident İlham Əliyev: “İndi hər yerdə quruculuq, bərpa işləri aparılır” .Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb. Dövlətimizin başçısı əvvəlcə kənddə yaradılan şəraitlə tanış oldu. Evlər bərpa edilib, yenidən tikilib. Burada rahat yaşamaq üçün bütün şərait, imkanlar var. Bildiyiniz kimi, Ballıca kəndini biz 2023-cü ilin sentyabrında azad etdik. Torpaqlarımızın işğaldan azad edilməsi mərhələli yollarla təmin olunmuşdur. İkinci Qarabağ müharibəsi və ondan sonra antiterror əməliyyatı ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsinə gətirib çıxardı, separatçıların kökü kəsildi. Azərbaycan ərazisində separatizmin kökü tam kəsilmişdir və Azərbaycan vətəndaşları öz doğma torpağına qayıda bilirlər. İndi hər yerdə quruculuq, bərpa işləri aparılır. Dünən mən Ağdam rayonunda idim. Ağdam şəhəri sıfırdan inşa edilir və gözəl şəhər olacaq. Xankəndini də biz bərpa edəcəyik və vaxtilə burada yararsız vəziyyətə düşmüş binalar indi sökülür, yeni binalar inşa edilir və ediləcək. Bildiyiniz kimi, Qarabağ Universiteti artıq fəaliyyət göstərir və bu il yeni korpuslar inşa olunacaq. Artıq orada mindən çox tələbə oxuyur. Ona görə hər cür şərait var – ali məktəb var, orta məktəblər var, xəstəxanalar, ictimai yerlər, iş yerləri. Bu gün mən tikiş fabrikinin fəaliyyəti ilə tanış oldum. Artıq 200-dən çox işçi var. Özü də əksəriyyəti, demək olar ki, mütləq əksəriyyəti qadınlardır. Qadınlar üçün də iş yerləri yaradılıb. Əsas odur ki, indi tikinti-bərpa işləri sürətlə getsin. Bunun üçün bütün gücümüzü səfərbər etmişik, o cümlədən Ballıca kəndinin bərpası da artıq son mərhələdədir.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Bu 44 günün hər günü bizim şanlı tariximizdir.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyev: Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artiq yoxdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin liderliyi ilə 44 günlük bir müddətdə Azərbaycan dillərə dastan olan bir qələbəyə imza atdı.Aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq. Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazıldı.Tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!
Azərbaycan bir daha həm ön cəbhədə, həm də informasiya müharibəsində apardığı cəsur mübarizəsi ilə birliyinin sarsılmaz və əbədi olduğunu sübut etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 4 il əvvəl əks-sədaları hələ də davam edən qəhrəmanlıq dastanı yazaraq ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını aldı və işğal altında olan torpaqlarımızı azad edərək böyük zəfərə imza atmışdır. Əsir ehtirasları, imperialist istəkləri, düşmən istilası, qlobal blokada xalqımızın qüsursuz imanlı, inaclı və sədaqətli mübarizəsi ilə həm qırıldı, həm də dəf edildi. 8 noyabr – Zəfər Günü Vətənimizin üzərinə qara buludları dağıdan, gələcəyimizin qarşısındakı qalın divarları dağıdan milli diriliş kimi milli vicdanlarda öz yerini tutmuşdur. Azərbaycanımızın quruluş şifrələri, qurucu fəlsəfəsinin əsaslandığı əsas mənəvi və motivasiya qaynaqları 8 noyabr – Zəfər Gününün ruhunda öz həqiqi məna və məzmununu tapdı. Müstəqilliyimizə ,istiqlalalımıza , istiqbalımıza böhtan atmağa, nüfuzumuzu ləkələməyə cəsarət edən daxili və xarici qara dairələr 8 noyabr -da ölkəmizdən qovuldu və layiq olduqları aqibəti yaşadılar. Millətimizin mübarək varlığına qandal vurmaq üçün bir-biri ilə yarışan düşmənçilik ittifaqı meydanlarda haqq etdiyi acı dərsi aldı. Nəhayət, qazanan əziz xalqımız, milli ürəklər olmuşdur.
Əziz vətən torpaqlarının müdafiəsi üçün bir qönçə gül kimi torpağa düşən qəhraman şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin ruhları şad olsun.
Yaşasın Ali Baş Komandan! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan Xalqı! Yaşasın Azərbaycan!44 günlük Vətən müharibəsi bizim şanlı qürur mənbəyimizdir. Allah bütün Şəhidlərə rəhmət etsin!
Qarabağ Azərbaycandır!
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Siyasi İdarəetmə fakültəsinin dekanı