Xocalı dirçəlir…

Xocalı soyqırımından 33 il keçir. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.
Prezident İlham Əliyev həmin il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarına ehtiramın ifadəsi olmaqla bərabər, onların qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Prezident İlham Əliyev: “İndi hər yerdə quruculuq, bərpa işləri aparılır”

Prezident İlham Əliyev bu günlərdə Xocalı şəhərinin Ballıca kəndində sakinlərlə görüşdü. Dövlət başçısı torpaqlarımızın işğaldan azad olunmasının mərhələli şəkildə həyata keçirilməsindən, antiterror əməliyyatından sonra ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsindən, separatçıların kökünün kəsilməsindən bəhs etdi. Prezident xüsusi vurğuladı ki, indi hər yerdə quruculuq, bərpa işləri aparılır. Eyni zamanda Ağdam və Xankəndi şəhərlərinin bərpa edilərək gözəl bir şəhərə çevriləcəyindən danışdı. Cənab İlham Əliyev dedi: “Bildiyiniz kimi, Qarabağ Universiteti artıq fəaliyyət göstərir və bu il yeni korpuslar inşa olunacaq. Artıq orada mindən çox tələbə oxuyur. Ona görə hər cür şərait var – ali məktəb var, orta məktəblər var, xəstəxanalar, ictimai yerlər, iş yerləri. Bu gün mən tikiş fabrikinin fəaliyyəti ilə tanış oldum. Artıq 200-dən çox işçi var. Özü də əksəriyyəti, demək olar ki, mütləq əksəriyyəti qadınlardır. Qadınlar üçün də iş yerləri yaradılıb. Əsas odur ki, indi tikinti-bərpa işləri sürətlə getsin. Bunun üçün bütün gücümüzü səfərbər etmişik, o cümlədən Ballıca kəndinin bərpası da artıq son mərhələdədir”.
Qeyd edək ki, Ballıca kəndində 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Kəndə artıq 460 keçmiş köçkün yerləşib.

Prezident Xocalıda tarixi həqiqətlərdən danışdı

Ballıca kəndində Xocalı sakinlərinin Ulu Öndəri xatırlaması Prezidentin bir daha tarixi həqiqətlərə işıq salmasına səbəb oldu. Dövlət başçısı bildirdi ki, Ulu Öndər Heydər Əliyev o vaxt Azərbaycanda hakimiyyətdə olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Prezident Ulu Öndərin Sov. İKP MK-nın Siyasi Bürosundan istefa verməsindən sonra ermənilərin fəallaşmasını xüsusi olaraq vurğuladı.

Prezident İlham Əliyev dedi: “Yəni o, istefa verəndən iki həftə sonra erməni separatçıları baş qaldırıb bizə qarşı ərazi iddiası ilə çıxış etmişdilər. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi bu məsələyə laqeyd yanaşdı. Faktiki olaraq fəaliyyətsiz idi və separatçılar daha geniş imkanlara malik oldular. Mərkəz, yəni Sovet İttifaqının rəhbərliyi onların tərəfində idi, ovaxtkı Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün bütün çirkin əməllərindən də çəkinmirdi. Burada xüsusi komitə yaradıldı və o komitə faktiki olaraq Qarabağı Azərbaycandan ayırmaq üçün bir vasitə idi. Mən sovet dövrünün tarixini qeyd edirəm. O ki qaldı müstəqillik dövrünə, müstəqillik elan olunandan dörd ay sonra Xocalı soyqırımı törədildi, bu da böyük vəhşilik, barbarlıq idi. Ondan sonra digər kəndlərimizin sakinləri soyqırımına məruz qaldılar, bütün azərbaycanlılar Xankəndidən və ətraf kəndlərdən didərgin salındılar. Sonra yeddi rayonumuz işğal edildi. Bütün bunlar ovaxtkı Azərbaycan rəhbərliyinin cinayətləri nəticəsində baş vermişdir. Əgər Heydər Əliyev xalqın tələbi ilə vaxtında hakimiyyətə gəlməsəydi və o vaxt müharibə dayanmasaydı, bəlkə də daha da böyük ərazilər işğal altına düşərdi”.

Əlbəttə ki, biz bu tarixi həqiqətləri yaxşı öyrənməli və gənc nəslə aşılamalıyıq ki, onlar bu hadisələrdən ibrət götürüb belə səhvlərə yol verməsinlər.
Tarixə işıq salaq. Xocalı soyqırımı hansı şəraitdə baş vermişdir?

20 Yanvar faciəsindən sonra biabırcasına ölkədən qaçan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov hakimiyyətdən getdikdən sonra fürsətdən yararlanan Ayaz Mütəllibovun səriştəsiz siyasəti nəticəsində Qarabağ ərazisində yaşayan azərbaycanlıların müdafiəsi təşkil edilmədi. Əksinə, ov silahları belə onlardan yığıldı. Eyni zamanda Ayaz Mütəllibov Azərbaycan xalqının sevimli oğlu, dahi siyasətçi Heydər Əliyevin siyasi hakimiyyətə yolunu bağlamaq üçün süni hüquqi əngəllər yaradaraq dunya təcrübəsində olmayan yuxarı yaş senzini təsbit edən Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsinə nail oldu. Sözügedən qanuna əsasən 65 yaşından yuxarı şəxslərin prezident seçkisində iştirakına məhdudiyyət qoyulurdu.

Bu isə heç kimə sirr deyildi ki, həmin qanun şəxsən dahi siyasətçi Heydər Əliyevə qarşı yönəlmişdir. Nəticə etibarilə Əbdürrəhman Vəzirov Azərbaycan tarixində qara ləkə olan 20 Yanvar faciəsi ilə və yüngül hərəkətləri ilə qaldığı kimi, Ayaz Mütəllibov da formal müstəqillik sənədlərinə imza atsa da, Xocalı faciəsi kimi bəşəri soyqırımı cinayətinin qarşısını ala bilməyərək tarixdə bu faciənin baş verməsinin günahkarlarından biri kimi qaldı. Hətta o dövrün mətbuatında faciədən sonra belə bir soyqırımının olmaması haqqında fikirlər də səsləndi. Bu isə hakmiyyətdəki qüvvələrin nə qədər səriştəsiz olduğunun bariz nümunəsi idi. Xatırladaq ki, 1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başlamış, 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutmuşlar. Dinc əhaliyə qarşı xüsusi amansızlığa görə Seyran Ohanyan fərqlənmişdir.

Xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün məsələlərdə olduğu kimi, Xocalı soyqırımına da siyasi qiymət verilməyə başladı. 1994-cü ildə (“Azərbaycan” qəzeti, 2 mart 1994-cü il) Heydər Əliyevin xocalılılara müraciətinə diqqət edək:

“Əziz xocalılılar! Hörmətli həmvətənlər!

İki il öncə, 26 fevral 1992-ci ildə Xocalı şəhərində dünya misli görünməyən dəhşətli bir vəhşiliyin şahidi oldu. Erməni hərbi quldurları aylarla tam mühasirədə saxlanan Xocalı şəhərini yerlə yeksan etdilər. Köməksiz mülki əhali azğın bir amansızlıqla qətlə yetirildi. Südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Mənəvi-fiziki itkimiz əvəzolunmaz dərəcədə ağırdır”.

Heydər Əliyev eyni zamanda bu soyqırımının baş verməsində səriştəsiz rəhbərliyin rolu barədə də öz fikirlərini bildirmişdir: “Təəssüf ki, son altı ildə Azərbaycanın siyasi həyatında mövcud olmuş hərc-mərcliklər, anarxiya, milli taleyimizə biganə siyasi ambisiyalar, hakimiyyət oyunları və siyasi qruplar arasında münaqişələr də həyatımızda baş vermiş bütün faciələrdə az rol oynamamışdır. Nəticədə tariximizə qara səhifələr yazılmış, xalqımızın qəlbinə sağalmaz yaralar vurulmuşdur. Respublikanın hüquq-mühafizə orqanları günahkarların aşkar edilməsi istiqamətində ardıcıl iş aparır. Əmin ola bilərsiniz ki, törədilmiş cinayətin məsuliyyətindən heç kəs yaxa qurtara bilməyəcəkdir.

Dünyada hər şeyin, dərdin də, əzabların da bir sonu var. O cümlədən məcburən qatıldığımız müharibənin də. Xalqımızı əmin etmək istəyirəm ki, müqəddəs vətənimizin real müstəqilliyi və torpaqlarımızın düşmən tapdağından tam azad olacağı gün uzaqda deyildir. Hamımızın sıx birliyimizlə biz bu ağır tale sınağından qələbəylə çıxacağıq və hər kəs öz doğma od-ocağına qayıdacaqdır”.

Sonra Heydər Əliyev həmin görülmüş işləri qeyd edərək soyqırımının dünya miqyasında tanıdılması ilə bağlı yol xəritəsini cızır: “Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Bu gün ölkəmizin hər yerində Xocalının günahsız qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Xocalı soyqırımı qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyir, onların qohumlarına və bütün Azərbaycan xalqına başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Dahi siyasətçi Heydər Əliyev Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsinə xüsusi həssaslıqla yanaşmışdır.

İkinci Dünya müharibəsindən sonra beynəlxalq humanitar hüququn xüsusi bir sahəsi kimi müharibə qanunlarının təsbit olunması və müharibə zamanı mülki əhalinin təhlükəsizliyi ilə bağlı “Cenevrə Konvensiyaları və əlavə Protokollar” qəbul edilmişdi. Sivil dünyanın məqsədi müharibə zamanı mülki əhalini qorumaq idi. Dünyanın əksər ölkələri bu konvensiyaya qoşulmuşdu. Beynəlxalq hüququn hamılıqla qəbul edilən prinsiplərinə görə, müharibə zamanı mülki əhalinin təhlükəsizliyi bütün dünya tərəfindən birmənalı qəbul edilmişdi. Lakin insanlıq düşməni olan erməni faşizmi sözdə buna tərəfdar çıxsa da, əməldə tamamilə başqa mövqe sərgiləmişdi.

Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsinə və müharibə qurbanlarının müdafiəsinə dair 12 avqust 1949-cu ildə Cenevrədə 4 konvensiya qəbul edilib. Konvensiyaya əsasən, hərbi əməliyyatda iştirak etməyən mülki əhalinin girov götürülməsi qadağan edilmişdir. Sənəddə eyni zamanda hərbi əsirlərlə davranış qaydaları müəyyənləşdirilmişdir. Lakin göründüyü kimi, erməni tərəfi beynəlxalq hüquqla müəyyən edilmiş müharibə qanunlarına məhəl qoymadan insanlıq faciəsi törətmişdir.

Beynəlxalq hüquqa görə soyqırımı etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın (SCQACK) 2-ci maddəsində “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş hərəkətlərdən biri” kimi nəzərdə tutulub.

1998-ci ildə Romada qəbul olunmuş Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Statutunun 5-ci maddəsində aşağıdakı beynəlxalq cinayətlər sadalanır: soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti. Lakin bunlardan təcavüzlə bağlı məsuliyyətə cəlbetmə, ümumiyyətlə, bu cinayətin tərifinin tam və qəti müəyyən olunmaması səbəbindən uzun müddət dayandırılmışdı. 2010-cu il tarixli Kampalada qəbul olunmuş razılaşmaya əsasən, 1 yanvar 2017-ci il tarixdə BCM artıq bu cinayətə görə də yurisdiksiyaya malikdir. Qeyd edək ki, Statutun müddəalarına görə, Roma Statutu onun qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətlərə şamil edilmir (retroaktivlik prinsipi).

Lakin fikrimizcə, burada soyqırımı və təcavüz cinayətlərinə münasibətdə fərqli münasibət olmalıdır. Belə ki, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tətbiqi üzrə Beynəlxalq Məhkəmənin 26 fevral 2007-ci il tarixli qərarında qeyd olunur ki, bu işdə məhkəmənin səlahiyyəti yalnız konvensiyanın 9-cu maddəsi ilə məhdudlaşır. Buradan belə nəticəyə gəlmək olar ki, məhkəmə konvensiyada beynəlxalq hüquqla nəzərdə tutulmuş öhdəliklərin pozuntuları arasında xüsusilə soyqırımı cinayəti ilə bağlı müstəsna qərar çıxarmaq səlahiyyətinə malikdir. Eyni zamanda konvensiyanın 9-cu maddəsi istənilən dövlətə imkan verir ki, soyqırımı cinayətinə görə beynəlxalq instansiyalarda mübahisə tərəflərindən hər hansı birinin sorğusu əsasında məsuliyyət məsələsini qaldırsın. Göründüyü kimi, beynəlxalq hüququn prinsiplərinə görə, Xocalı soyqırımı cinayətini törədən şəxslərin cəzalandırılması məsələsi hələ də öz aktuallığını saxlayır. Bizim üçün bu məsələ prioritet olaraq qalmalı və hüquqşünaslar bu sahədə işlərini davam etdirməlidirlər.

Törədilmiş bu cinayət həm hüquqi tövsifinə, həm də həcminə və digər parametrlərinə görə dünyada misli bərabəri görünməmiş cinayətdir.
Xocalı soyqırımı zamanı mülki əhalinin öldürülməsinə britaniyalı jurnalist Tomas de Vaalın “Xocalı soyqırımı haqqında nə düşünürsünüz” sualına Sarkisyan belə cavab verib: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq. Baş verən hadisə də bu idi”. Bəli, soyqırımı törədən bu xəstə zehniyyətdən bundan artıq nə isə gözləmək düz olmazdı. Bu zehniyyət 44 günlük cəzalandırma əməliyyatından sonra dəyişibmi? Əlbəttə, buna inanmaq sadəlövhlük olardı. Bu soyqırımı zehniyyəti hazırda N.Paşinyanın biabırçı məğlubiyyətindən ruhlanaraq, yenidən hakimiyyətə qayıtmaq istəyir. Daha bir erməni ideoloqu, yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci il fevralın 26-da Xocalıda törətdikləri soyqırımı haqqında yazır: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu.

Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqədən sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”. Sitatın sonuna diqqət etsək, erməni vəhşiliyinin hansı həddə olduğu barədə təsəvvürümüz qətiləşər.

Azərbaycan dövlətinin dünyada Xocalı soyqırımının tanıdılması ilə bağlı irəli sürdüyü konsepsiya özünü doğrultmaqdadır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dünyada apardığı “Xocalıya ədalət!” strategiyası da uğurla davam etdirilir. Əlbəttə ki, bütün dünya bu insanlıq suçunun günahkarlarını tanımalı və lənətləməlidir.

Xocalı soyqırımının baş verməsindən ötən otuz ildən çox vaxt ərzində biz ilk dəfə bu faciəni qalib xalq kimi anırıq. Xocalının qisası artıq alınıb! Bu, Azərbaycan xalqının, Ali Baş Komandan cənab İlham Əliyevin uğurudur. Cənab Prezidentin təbirincə desək, biz bu qələbəyə görə şəhidlərimizə borcluyuq! Lakin unutmayaq ki, Ermənistanda soyqırımı düşüncəsi ilə böyüdülən bir erməni gəncliyi var və onlar bizim gələcək nəsillərimiz üçün təhlükədir. “Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə eyni zamanda ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır” deyən Prezident İlham Əliyevin bu sözləri erməni faşizminin bir daha dirçəlməsinə imkan verilməyəcəyinə əminliyimizdir. Biz güclü olmalıyıq, düşmənimiz “dəmir yumruğ”u daim hiss etməlidir. Yalnız bu halda əbədi qələbəmizi təmin etmiş olacağıq.

Faciəni tam səviyyədə qətliam kimi tanıyan ölkə və təşkilatlar

2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımını pisləyən qətnamə qəbul edib. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı üzvü Sudanda (2014) Xocalı soyqırımını tanıyan rəsmi sənəd qəbul edilmişdir.

2010-cu ildə ABŞ-nin Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. Bundan sonra artıq ABŞ ştatları tərəfindən Xocalı soyqırımının tanıdılması intensiv xarakter almağa başlamışdır.
2011-ci ildə Texas , Nyu Cersi, 2012-ci ildə Corciya, Mendə, 2013-cü ildə də bu proses daha yüksək inkişaf dinamikası ilə davam etməyə başlamışdır. Bu isə cənab İlham Əliyevin artıq beynəlxalq aləmdə diplomatiyasının daha da nüfuz qazanmasının nümunəsi idi. Bu prosesi daha da dinamik vəziyyətə gətirən “Xocalıya ədalət!” hərəkatının fəaliyyətini də yüksək qiymətləndirməliyik. Nyu Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi , Pensilvaniya, Qərbi Virciniya , Konnektikut, Florida, həmçinin 2014-cü ildə İndiana, 2015-ci ildə Arizona və Yuta, 2016-cı ildə ABŞ-nin Nebraska, Havay, Montana və Aydaho ştatları da bu soyqırımını tanıdılar.

Soyqırımı abidələri

Soyqırımının tanınmasında ən effektiv vasitələrdən biri də məhz soyqırımına abidələrin qoyulmasıdır. Prezident İlham Əliyevin diplomatik bacarığı sayəsində Hollandiyada Haaqa şəhərində, Meksikada Mexiko şəhərində, Bosniya-Herseqovinanın Sarayevo şəhərində, Almaniyanın Berlin şəhərində, Türkiyənin Ankara, İzmir, İzmit və Sakarya şəhərlərində Xocalı soyqırımına abidələr qoyulmuşdur.

Cənab İlham Əliyev demişdir: “Ermənilərin fikri özlərinə getməsin. Onlar bəlkə də öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Dağlıq Qarabağdan (Qarabağ iqtisadi zonası), işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar”.

Milli ideyaya, güclü siyasi iradəyə əsaslanan bu fikir 2020-ci ilin sentyabrında real həyatda da öz təsdiqini tapdı. Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən iddialarına, yeni planlarına birdəfəlik son qoydular və xalqımızın tarixinə parlaq Qələbə yazdılar. Bununla da haqq-ədalət bərpa olundu.

Xocalı şəhərini azad etsək də, Xocalı soyqırımı ilə bağlı aparılan strateji hədəflərə hələ çatmamışıq. Odur ki, biz bu platformanı davam etdirməliyik.
Bu gün biz XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edirik. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xocalıya qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdaraq vətənimizin bir parçası olan dağılmış yurd yerlərimizi bərpa edəcəyik!

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri