Xamenei və Netanyahunun məlumatlarını kim ötürüb?

İsrailin Baş naziri Benyamin Netanyahunun öldüyünə dair iddialar var.  Maraqlıdır ki, bənzər iddialar İranın🇮🇷 yeni ali lideri Müctəba Xamenei ilə bağlı da səsləndirilir.
Netanyahunun bir müddət əvvəl canlı yayıma çıxmasının ardından ölümü ilə bağlı iddialara son qoyulacağı gözlənilirdi. Lakin canlı yayımın onun özü tərəfindən deyil, süni intellekt vasitəsilə hazırlanmış müraciət olduğu barədə daha ciddi iddialar ortaya çıxdı. Maraqlıdır ki, həqiqətən də videodakı bəzi detallardan bunun süni intellekt məhsulu olduğu açıq şəkildə hiss edilir.
Müctəba Xamenei ilə bağlı iddialar isə fərqli istiqamətdədir. Məlumata görə, o, fevralın 28-də Tehrana edilən hava hücumları zamanı yaralanıb və daha sonra gizli şəkildə Rusiya🇷🇺 hərbi təyyarəsi ilə Moskvaya aparılıb.
Nəticə etibarilə, müharibənin əsas iştirakçı ölkələrinin liderləri ya yaralanıb, ya da ölüb. Lakin hər iki hadisə indiki mərhələdə o qədər də təəccüblü görünmür. Məsələ ondadır ki, həm Müctəba Xameneinin, həm də Benyamin Netanyahunun sıradan çıxması faktiki olaraq tək bir ölkəyə sərf edir: ABŞ!
Qəribə səslənsə də, Vaşinqton üçün artıq hər iki lider baş ağrısına çevrilib. Sadəcə fərq ondadır ki, Benyamin Netanyahu köhnə, Müctəba Xamenei isə yeni problemdir.
İsrail ilə İran arasında davam edən müharibə bitmək bilmir, əksinə, uzandıqca uzanır. Bu isə ABŞ üçün getdikcə daha böyük xərc deməkdir. Keçmiş ali rəhbər Əli Xameneinin ölümü müharibəni bitirmədiyi kimi, onun yerinə daha mühafizəkar və müharibə tərəfdarı olan oğlu hakimiyyətə gəldi. Daha doğrusu, o, SEPAH tərəfindən hakimiyyətə gətirildi. Yəni Əli Xameneinin ölümü ABŞ üçün heç bir müsbət nəticə yaratmadı, əksinə, prosesi faktiki olaraq sıfırladı.
Netanyahu isə israrla İrana qarşı hərbi müdaxiləni dəstəkləyir və bununla kifayətlənməyərək açıq şəkildə tələb irəli sürürdü. Vaşinqtonun və ABŞ Prezidenti Donald Trampın təmkinli mövqeyi fonunda isə müxtəlif şantaj və təhdidlərin səsləndirildiyi iddia edilir.
Hər halda, 12 günlük müharibə zamanı ABŞ tərəflərin bir-birinə açıq zərbələr endirməsinə necə şərait yaratdısa, indi də liderlərin sıradan çıxmasına imkan verən proseslərin formalaşmasına göz yumur. Hətta demək olar ki, bununla kifayətlənməyərək pərdə arxasında kəşfiyyat məlumatlarının paylaşılmasına da şərait yaradır.
İsraildə heç də hamı İranla müharibəni və ya regionda aqressiv genişlənmə siyasətini dəstəkləmir. İranda isə xüsusilə islahatçı qanad dövlətin hazırkı siyasətinin yanlış olduğunu anlayır.
İstisna deyil ki, Vaşinqton hər iki tərəflə təmasdadır. Lakin bunun üçün indiki mərhələdə Netanyahu və Müctəba Xameneinin siyasi səhnədən getməsi lazımdır.
Bu ssenari baş tutmaya da bilər. Lakin belə olan halda, gərginlik müvəqqəti bitsə də, sonra yenidən başlayacaq. ABŞ isə son ana qədər İrana birbaşa müdaxilə etməməyə çalışacaq.
Əgər Netanyahu və Müctəba Xamenei sıradan çıxmasa, gərginlik daha da böyüyəcək. Türkiyə🇹🇷 istiqamətinə ballistik raketlərin atılması, regiondakı kürd qruplarının aktivliyi, eləcə də ABŞ-ın İrana məxsus Xark adasına hücum edib oranı işğal etmək və hərbi baza yaratmaq ehtimalı bu prosesləri daha da sürətləndirə bilər.
Müəllif: Turan Rzayev,politoloq