İranın öncə ABŞ-yə məxsus F-15E qırıcı təyyarəsini, daha sonra isə qırıcının pilotlarını axtarmağa göndərilən “Black Hawk” tipli helikopteri vurub. Bundan başqa, İranın ABŞ-a məxsus F-35 qırıcılarını vurması ilə bağlı iddialar da var.
ABŞ Prezidenti Donald Tramp hadisəni müharibənin ayrılmaz hissəsi kimi şərh edib: “Bu, müharibədir. Biz müharibədəyik”. Lakin o, bir müddət öncə İran HHM sistemlərinin sıradan çıxarıldığını demişdi.
İranla müharibənin asan olmayacağı ilk gündən bəlli idi. Tehranın müqavimət göstərməsi də təəccüblü deyil. Lakin son günlər ABŞ qırıcısının, helikopterinin, habelə PUA-larının vurulması başqa bir məsələni aktuallaşdırır: Müharibə Rusiya–Ukrayna müharibəsinə bənzəməyə başlayır.
İranın müqavimətində, eyni zamanda hədəfləri vurmasında dəyişiklik bariz şəkildə görünür. Tehran əvvəlki günlərlə müqayisədə yeni texnologiya və silahlardan istifadə etdiyi hiss olunur. İstisna deyil ki, Tehran Pekindən dəstək alır. Çin istehsalı yüksək texnologiyalı silahların müharibədə, xüsusilə ABŞ-a qarşı istifadə edilməsi istisna deyil. Elə məhz buna görə deyirəm ki, müharibə Rusiya–Ukrayna müharibəsinə bənzəyir.
ABŞ və Avropa
ölkələrinin dəstəyi olmasa, Ukrayna da Rusiya ordusu qarşısında uzun müddət tab gətirə bilməzdi. İndi eyni tərzdə Çin də böyük ehtimalla İrana dəstək verir və artıq bu dəstək fonunda İran ABŞ-a ciddi itkilər verə bilir.
İstisna deyil ki, Vaşinqton bunun fərqindədir.
Çinin pərdəarxası dəstəyi ABŞ itkilərini artırdığı kimi, müharibənin uzanmasına da səbəb olur. Vaşinqton qarşında iki seçim var:
1. İtkilərə və risklərə baxmayaraq müharibəni şiddətləndirib İrana daha böyük zərbə vurmaq;
2. Şərtlərini yumşaldıb İranla danışıqlara başlamaq.
Müəllif: Turan Rzayev