Vətənə gərək qardaşlar-İlkin və Elçin-Biri canını,digəri qanını verdi

Torpaq uğrunda biri qanını, digəri canını verdi…!

 

İslam dinində də göstərilir ki, Vətən, torpaq uğrunda cihada qalxmaq savab əməldir. Səni öldürməyə qalxan düşəmənin üzərinə getdinsə, son məqamın cənnətdir. Bu yolda şəhidlik də var,  qazilik də…

Qrabağın Azərbaycandan qoparılması, illərlə işğal altında saxlanması xalqımızın milli heysiyyatına da ağır zərbə idi. 2020-ci ilin sentyabr ayının 27-də başlayıb, cəmi 44 gün davam edən və qalib ordumuzun Zəfəri ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyması həm də mərd, qorxmaz, cəngavər oğullarımızın şəhadəti və qaziliyi ilə qazanıldı.

Müharibə anaların, ataların göz bəbəyi tək oğlularını da apardı. Lakin tək, övladını Vətənə qurban verən analar,atalar qəddini bükmədilər: “Vətən sağ olsun”! – Dedilər.

 

Gəlin İlkinlə Elçinin Vətən uğrunda candan-qandan necə keçdikləri ilə bağlı  yazılan bu dastanı birgə oxuyaq…

Salmanov Elçin Habil oğlu 27 sentyabr 2001-ci il tarixində Yevlax şəhərində kasıb bir ailədə anadan olub. Əslən Kəlbəcər rayonu, Çaykənd ərazi dairəsi Kəndyeri kəndindən olan ailə məcburi köçkün kimi Yevlax şəhərində müvəqqəti olaraq inzibati idarə və zavod binalarında məskunlaşmışdı. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar  2010-cu ildə Yevlax şəhərində məcburi köçkünlər üçün salınmış 615 ailəlik yeni yaşayış məntəqəsində (32-ci məhəllə) 5 nəfərdən ibarət Salmanovlar ailəsi  də iki otaqlı mənzillə təmin olunur.

Ailədə üç oğlan uşağı böyüyürdü: 2000-ci ildə anadan olan İlkin, bir yaş ondan kiçik Elçin və sonbeşik, on il qardaşından sonra dünyaya göz açan Elgün Habil oğlu Salmanov.

Ortancıl qardaş Elçin Salmanov ibtidai təhsilini Yevlax şəhər məktəblərinin birində alsa da, sonradan Kəlbəcər rayon 30 saylı tam orta məktəbdə oxuyub. Təhsil aldığı müddətdə həm də musiqiyə həvəsi olub. Qardaşı İlkinlə birlikdə Yevlax şəhərində fəaliyyət göstərən 11 nömrəli Ağdam musiqi məktəbinə yazılıb. İlkin qarmon, Elçin isə nağara sinfinə qəbul olub. Ailənin  vəziyyətini, yəni güzəranın çətinliyini dərk edən Elçin orta təhsilini IX sinifdə saxlayıb, avtomobil rəngsazı sənətini öyrənmək üçün usta yanına gedib.

Uşaqlıqdan kövrək çiyinlərinə ağırlıq düşən Elçin Salmanov hər kəsin sevimlisi və eyni zamanda öz əxlaqı, mədəniyyəti ilə cəmiyyət içində böyük hörmət qazanıb.

2019-cu il oktyabr ayında hərbi xidmətə yollanan Elçin xidmətə Ağdam və Xocavənd istiqamətində başlayıb. Hərbi xidmətini qüsursuz və nizam-intizamla yerinə yetirən Elçin Salmanov 26 sentyabr 2020-ci il tarixdə yoldaşları ilə birlikdə post növbəsində olub. Saat, təxminən  səhər 06:15 radələrində qəflətən post komandiri rabitədə onlara səslənərək: “Diqqət! Diqqət! Düşmən təxribatı gözlənilir, hazır olun!”- Xəbərdarlıq məlumatını verir. O, düşmən istiqamətini müşahidə edir və  bir qədər həyəcanlanır. Çünki bu, sıradan bir təxribat yox,  Vətən müharibəsinin başlanması demək idi. Düşmənin pilotsuz təyyarəsinin onların başları üstündən uçmasından, yəni kəşfiyyatından sonra  döyüşlər başlamışdı.

Vuruşan əsgər yoldaşları ilə birgə həmin gündən etibarən döyüşərək işğalda olan Xocavənd rayonuna qədər irəlilədi. Bu torpaqları düşməndən azad elədikcə böyük fəxr və qürur hissi duyurdu. Bu da onları  bir daha irəli getməyə  həvəsləndirirdi.

Bir gün vaxt tapıb  o, evlə də əlaqə saxlaya bilmişdi. Ailəsi çox narahat idi, vəziyyətinin yaxşı olduğunu və ondan nigaran qalmamalarını demişdi. Artıq döyüşlər bitmişdi. O,  öz xidməti yerinə qayıtmışdı.

Bir müddətdən sonra xəbər tutur ki, ailə onu görmək istəyir. Onların valideynləri ilə görüşməsinə şərait yaradılır. Həftə sonu valideynləri onlarla görüşə gedirlər. Elçini görəndə çox sevinirlər. Bir az döyüşdən, bir az da xidmətdən söz açır, söhbət edir, deyib-gülür, verilən vaxtı səmərəli keçirirlər.

Elçinin qüsursuz xidmətlərinə görə hərbi hissə komandanlığı tərəfindən “Təşəkkürnamə”yə layiq görüldüyü valideynlərinə  bildirilir. Hərbi xidmətini 1 il 6 ayda bitirməli olan Elçin 3 ay əlavə xidmət edərək 1 il 9 ay sonra 2021-ci il iyul ayında ehtiyata buraxılır. Elçin xidmətdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, “Xocavəndin azad olunmasına görə” və 10 fevral 2022-ci il tarixli Sərəncamına əsasən, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunur.

Hərbi xidmətini başa vurduqdan sonra bir çox iş yerlərində özünü sınayır. Fikri-zikri hərbidə qaldığına görə, Elçin yenidən hərbi xidmətə qayıtmağı planlaşdırır. Əsas səbəb isə uşaqlıqdan heç vaxt ayrı qala bilmədiyi qardaşı İlkinin “Komando”da müddətdən artıq xidmət etməsi olur.

Qardaşı İlkinin xidməti yaxşı keçdiyi üçün onu Türkiyə Respublikasına kurs keçməyə göndərmişdilər. Bunu görən Elçin yenidən hərbi xidmətə qayıdır. Xidmətə dönmək üçün bəzi kurslardan keçir. Elçin Salmanov 2022-ci ilin mart ayında “Komando” briqadasına, qardaşı İlkin Salmanovun yanında xidmətə  qəbul olunur. Xidmətə kəşfiyyatçı kimi və Kalaşnikov pulemyotu (PK) silahı təhkim olunaraq başlayır. Döyüşlərdə dəqiq nişan və səlist atışına görə yoldaşları arasında hər zaman seçilir. Elçin qardaşı ilə birlikdə çox tapşırıqlardan məharətlə çıxır. Hətta, ac-susuz qaldıqları günlər də olur. Amma iki qardaş bir-birlərindən heç vaxt ayrılmır.

2022-ci ilin sentyabr ayında hər iki qardaş birlikdə “Cermux” əməliyyatında iştirak edir. 10 günlük əməliyyatı uğurla tamamlayırlar.

Elçin Salmanov xidməti dövründə nizam-intizamı ilə seçilərək, bir neçə dəfə komandirləri tərəfindən sertifikatlara da layiq görülür.

…Günlərin birində tapşırıq gəlir. Tapşırıq Ağdərə rayonunda icra olunacaqdı. Yerinə yetirilmiş əvvəlki  tapşırıqlarda olduğu kimi, buna da həvəslə və gülər üzlə hazırlaşıb gedirlər. Elçin 2023-cü il sentyabr ayının 19-da Ağdərə uğrunda başlamış antiterror əməliyatına, qardaşı İlkin ilə birlikdə Ağdamın Məlikli kəndi ərazisində qatılır. Hər iki qardaş fərqli istiqamətlərdə döyüşə girirlər. Döyüş başlayandan bir neçə saat sonra İlkin Salmanov düşmən tərəfindən snayperin hədəfi olur. Çiyin nahiyəsindən və ayağından ağır yaralanan İlkin Salmanov 40 dəqiqədən çox ərazidən təxliyyə oluna bilmir. Bir-birindən xəbərsiz qardaşlar döyüş meydanında düşmənə təslim olmurlar. Elçin Salmanov qardaşından xəbərsiz döyüşü davam etdirir.

Artıq sentyabr ayının 20-də səhərə yaxın idi. Onlar meşənin kənarında düşmən pusqusuna düşürlər. Saat 7 radələrindən başlayan atışma təxminən günorta saatlarınadək çəkir. Tez qərar qəbul edərək düşməni sağ və sol cinahlardan sıxışdıraraq məhv etmək qərarına gəlinir. Elçinə pulemyot ağır döyüş silahı təhkim olunduğu üçün komandirləri tərəfindən tapşırıq gəlir ki, düşmənin təminat yolunu bağlamaq  lazımdır. Elçin bu tapşırığı layiqincə həyata keçirir və düşmənin bir çox döyüş avtomobillərini canlı qüvvəsi ilə birlikdə məhv edir. Daha sonra düşmənə sağ cinahından zərbə endirir. Qrupla bərabər onları dərinliyə doğru geri çəkilməyə məcbur edir.

…Elçin təxminən günorta saatlarında sentyabar ayının 20-də Ağdamın Məlikli kəndi ərazisində Ağdərə uğrunda gedən döyüşlərdə hər zaman arzuladığı şəhidlik zirvəsinə ucalır. 21 sentyabr 2023-cü il tarixində Yevlax şəhəri Şəhidlər xiyabanında dəfn olunan Elçin Habil oğlu Salmanov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunur.

Şəhid qəhrəman  Elçinin təltif edildiyi  orden və medallar onun 44 günlük Vətən Müharibəsindən qalan yadigarları olduğu üçün ailədə göz bəbəyi kimi qorunur, əzizlənir: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Xocavəndin azad olunmasına görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı, “Vətən uğrunda” medalı və bir neçə sertifikatlar,  Quru Qoşunları Komandalığı “Komando” Dağ Təlim Mərkəzindən “Komando başlanğıc döş nişanı”.

 

Elçin öz yolunu özü seçdi..

 

Atası Habil Salmanov deyir ki, balam özü öz yolunu seçmişdi, hələ uşaqlıq illərindən: “Elçin bizim ailənin ortancılıydı. İlkinlə arasında bir yaş fərqləri var idi. Ümumiyyətlə, hərbiyə həvəsi olan uşaq idi. Amma bilməzdik o, nə zamansa doğrudan da xidmət eşqinə düşər. Həqiqətən də o, öz dediyini eləyə bilərmiş. Biz Elçindəki bu forma sevgisini sıradan bir həvəs sanmışdıq. Amma onu ordu sıralarında görəndə bildim ki, Elçin seçdiyi yol sıradan deyil, əsl kişiyə xasdır. İlkinlə birgə xidmət edirdilər. Bütün tapşırıqlara birgə gedib, birgə qayıdırdılar. Amma bilməzdim ki, bu tapşırıq onları bir-birindən ayırar.

…Sonuncu dəfə 16 sentyabr 2023-cü il tarixində Elçinlə danışdım. O da mənə “narahat olmayın, hər şey yaxşı olacaq”,-dedi. Sonuncu dediyi söz də elə o oldu. Ayın 19-da, döyüşdən bir saat qabaq zəng vurub, qısa bir danışığı oldu:

– Nigaran qalmayın, yaxşıyam. İlkin də yaxşıdır. Mən başlamışam, mən də bitirəcəm…

Ondan sonra evi bir də yığmadı. Sentyabrın 19-da İlkinin yaralandığını bildik. Başımız İlkinə qarışanda ayın 20-də Elçinin şəhid xəbəri gəldi. Bilmədim İlkinin vəziyyəti ilə maraqlanım, yoxsa  Elçinlə! Başımı itirdim. Bu fələk məni elə sınadı ki, hansı oğlumun üstünə qaçacağımı bilmədim. Bunu görmək və dilə gətirmək bir ata üçün çox ağırdı: iki oğlumdan biri qazi, digəri şəhid kimi evimə gəldi…”

 

“Ana, bu döyüş mənimlə başlayıb, mənimlə də bitəcək”

 

Anası Gülnarə Salmanova bu sözləri şəhid balası Elçinin dilindən eşidib. Yazıq ana, bundan sonra nə desin düşmən qabağında olan oğluna? Desin ki, məni eşitmədin, yalvarışlarıma, göz yaşlarıma baxmadın?! Necə desin? Bəs o düşmən üzərinə qorxmadan yeriyən oğulların ana-bacısı, sevdiyi… yox idimi?!

Ona görə də Gülnarə xanım bir az  səbrlə danışır: “Elçinin uşaqlığı çox şən və gülərüz idi. Kiminləsə dava-dalaş etməzdi, ünsiyyətcil bir uşaq idi. İdmanı sevirdi. Boş vaxtlarında idman salonuna məşqlərə gedirdi. Boy, bədən ölçülərinə görə İlkindən hündür və cüssəli idi. Qardaşından ayrı qalmazdı. Hara getsəydilər birgə gedərdilər, istər mülki, istərsə də xidmət illərində. İlkin ondan böyük olmasına baxmayaraq, deyirdim ki, Elçin, qardaşından muğayat ol. O, sənin kimi məsuliyyətli deyil. Elə sonuncu dəfə 19.09.2023-cü il tarixində İlkin mənimlə  telefon əlaqəsi saxladı. Hər şeyin yaxşı olduğunu dedi. Elçini soruşanda dedi ki, narahat olma, burdadı, al, danış. Elçinlə danışdım, yaxşı olduğunu dedi.

Əsgərlik müddəti 44 günlük Vətən müharibəsinə düşdüyü üçün dedi: “Ana, bu döyüş mənimlə başlayıb, mənimlə də bitəcək”. Amma bilməzdim ki, Elçinimlə son danışığımızdır. 20 sentyabr 2023-cü il tarixində, saat 11:30 olardı. Tanımadığım nömrədən zəng gəldi telefona. Cavab verəndə əvvəlcə tanımadım. Sonra:

– Ana, mənəm, İlkindi, yaralıyam, xəstəxanadayam, amma narahat olma, yaxşıyam, – dedi.

Ondan sonra halım necə dəyişdisə, gerisi yadımda qalmayıb. Özümü ələ alıb təlaşlı vəziyyətdə qardaşıma zəng edib, vəziyyəti danışdım. Qardaşım dərhal gəldi və birlikdə İlkinin olduğu xəstəxanaya Gəncə şəhərinə getdik. Vəziyyətinin yaxşı olduğunu gördükdən sonra bir az özümə gəldim. Vaxt az olduğundan, sağollaşıb evə qayıtdıq. Amma hələ Elçindən xəbərimiz yox idi. Oradan qayıdanda evin qabağında xeyli adamın toplaşdığını gördüm. Əvvəl elə sandım ki, İlkin yaralı olduğu üçün hamı toplanıb. Sonra biləndə ki, Elçin şəhid olub, sanki dünya başıma çökdü. Bilmədim hansı balamın başı üstündə duram. Biri yaralı, o biri şəhid…

Çox ağır bir dərddi bir ana üçün. Allah torpaq yolunda bu dünyadan köçənlərin yerini behişt etsin. Tanrım heç bir anaya övlad acısı göstərməsin. Elçinin üç mərasimində dedilər ki, İlkinin halı pisləşib, qaçdım onun xəstəxanada yanına. Balamın yas mərasimində iştirak edə bilmədim. Çox ağır itkidi, bir ana üçün. Allah cəmi şəhidlərimizin məkanını cənnət etsin!”

 

“Qardaşıma deyin qisasını aldım!”

 

Qardaşı Salamnov İlkin deyir:  Elçin ailəmizin ortancıl övladı idi onunla xatirələrim çox olub istər məktəb illərində istərsədə xidməti dövürdə məndən yaşca balaca olsada böyük bir ürəyə sahib idi.  Elçinlə ən yadda qalan xatirələrim onunla birlikdə xidmət həyatına atıldıqdan sonra başladı. Beləki bəzi əməliyyatlara birgə gedərdik ancaq heç bir zaman mənfi fikirlərə qapılmazdıq, sanki ölümü özümüzə ən yaxın dost hesab edərdikcəsinə dağlarda, dərələrdə insan ayağı dəymədiyi yerlərdə gəzərdik. Qardaşım ilə bağlı xatirələrim çox olub. Hərdən yadıma düşəndə dərin xəyallara dalıram çox pis oluram. Hər zaman çalışıram ki, onu layiqincə hamının qəlbində yaşadam. Onunla bağlı bir xatirəm “Cermux” əməliyyatında olmuşdu. Qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün təyin olunmuş ərazilərə keçərkən bir neçə gün yolu piyada gedəsi olduq. Şəxsi heyyətlə birlikdə düşmən postlarının önündən keçməli olduq ərazidən keçən zaman iri caplı pulemyotlardan atəşə tutulduq bu sırada mən tez yerə çökdüm və Elçinə dedim ki, nə durmusan çök yerə yaralanarsan bu sözümə gülərək belə cavab verdi qardaşım qalx ayağa güllədənmi qorxacam? Mən Elçinə iradımı bildirərək məsələ qorxmaqdan yox yaralanaraq tapşırığı ləngitməkdən getdiyini izah etməyə çalışdım.. Əslində mən onu başa düşürdüm, cünki 44-günlük  “Vətən” müharibəsində iştirak etmiş və qəhrəman kimi geri dönmüş bir şəxsdə qorxru hissinin olmaması anlaşılan idi. Beləliklə biraz irəlidə olan təpəlikləri keçdikdən sonra 10 dəqiqəlik fasilə verildi. İki gün ağır yüklə yol getdiyimiz üçün yemək və suyumuz bitmişdi. Mən artıq yorğun halda bir qayaya söykənərək Elçinə çox ac və susuz olduğumu bildirdim. Elçin mənə çantamı çıxararaq yerə qoymağımı və yanına yaxınlaşmağımı istədi. Mənim ərzaq tədarüküm bitdiyi üçün Elçin öz yemək və su ehtiyyatından çox az miqdarda istifadə edərək tamamını mənə Verdi. Bəli bu cür davranışlarına görə mən ondan yaşca  böyük olsamda Elçini özumə böyük qardaş kimi bilmişəm.

19 sentyabr 2023-cü il tarixində başlamış Antiterror əməliyyatı zamanı tapşırığımız Ağdərə rayonuna daxil olmaq idi. Biz Ağdamın Məlikli kəndi ərazisində döyüşə başladıq. Mən yaralandım və təxliyyə olundum.Qardaşımdan xəbərim olmayıb. Birdə 20 sentyabr tarixində Gəncə şəhərində yerləşən Regional hospitalda gözümü açdım. Özümü toparlayıb anama zəng vuraraq yaralı olduğumu dedim. Atam,anam və dayım yanıma gəldilər ancaq anama icazə verdilər məni görməyə. Söhbət əsanasında anamın qardaşım Elçindən xəbəri olmadığını öyrəndim.Çox nigaran idi. Daha sonra ailəm Yevlaxa evə qayıtdılar. Həmin gün 20 sentyabr tarixində axşam saatlarında Elçinin Şəhid olduğun biliblər.Ancaq mənə heçkim heçnə demədi. Elçinin Şəhid olduğunu mən üç mərasimindən sonra xəsətəxanada bilmişəm. Onun ruhu qarşısında baş əyirəm çünki onun yaşarkən mənə etdiklərinin bir faizin belə özünə etmədi sanki nə vaxtsa şəhadətə ucalacağını bilirmiş bu səbəbdən hər bir yöndə mənə dəstək oldu. Mənim həyat hekayəmdə qəhrəman rolunu Elçin oynadı. Mən yaralanandan sonra  “komandir İlkinə deyərsiniz qisasını aldım” kəlməsini dilinə alan yeganə döyüşcü məhz Elçin olmuşdur. Hər zaman özünü Mübariz kimi görərdi. Bəli elə də oldu. Düşmənlə apardığı mübarizə onu “Mübariz”ə apardı. Hər zaman deyərdi, gülərdi ancaq heçnəyin ciddiyətinə varmazdı sanki bu həyata qısa bir müddətlik gəldiyini bilirmiş. Onun bir sözü var idi ” hər şey boş şeydir” həqiqətəndə mən indi başa düşürəmki hər şey tamamilə boş bir yalandır. Artıq onun yoxluğu mənə bu həyata bel bağlamamağa bir səbəbdir. Elçin komandir və rəislərinin etimadını doğruldan və xidmətdə hörmət qazanan biri olub. Döyüşlərdə, təlimlərdə hər zaman yüksəy əzm və dayanıqlılıq göstərdiyi üçü onu bölmədə hər kəs “Rembo” deyə çağırardı. Elçin hər kəsə qismət olmayan ancaq öz qismətinə yazılan adların ən alisinə ucaldı. Uca rəbbimiz onu bizlərdən aldı və öz yamnına apardı. Bəli Şəhidlər ölmür. Həyatda olduğum müddət ərzində Elçinin adını yaşadacam və yaddaşlara həkk edəcəm.

 

“Bu yol Mübariz yoludur”

 

Dayısı Aqil Əhmədova qulaq asdıqca hiss edirsən ki, sanki Elçin elə şəhidlik üçün bu dünyaya göz açıbmış. Həyatın qəribəlikləri var imiş: “Elçin mənə tək bacı oğlu yox, həm də  dost-yoldaş idi. Elçinin uşaqlığı mənim yanımda olub. Uşaq vaxtlarından hamının sevimlisi idi. Üç bacım, yeddi bacıoğlum var idi. Həmişə də onlarla fəxr edirdim. Mən tək olmuşam, yəni qardaşım olmayıb. Onları özümə qardaş bilmişəm. Bu 7 bacıoğlunun arasından Elçini özümə daha yaxın, dost-yoldaş kimi seçmişdim. Mən heç vaxt onu kədərli görmədim. Həmişə gülərüz idi. Ümumiyyətlə, hər iki qardaş İlkin və Elçin  nə məsələ olsaydı həllini mənimlə müzakirə edər və mənə danışardılar.

Hərbi xidmətdə olarkən bir gün mənə zəng vurub dedi:

– Dayı, posta qalxıram, düşmənlə qarşı-qarşıya olacam. Komandirimlə danış, məni posta qaldırmasınlar.

Düşündüm ki, yəqin tərəddüd edir. Uşaqdır da, danışım bəlkə posta qaldırmayalar. Buna görə komandirə zəng vuraraq danışdım. Sağ olsun, komandirən “narahat olmayın, həll edəcəm”, – deyə cavab aldım.

Xidməti biritib evə gələn Elçin mənə həmin vəziyyəti necə olmuşdusa, danışdı. Sən demə, bu elə həmin postda imiş, sadəcə, komandir əmr verib ki, Elçin Salmanov artıq posta çıxmasın, xidmətini postdan kənar, hərbi hissənin daxilində davam etdirsin.

Elçin  mənə demişdi:

– Dayı, mən isə razı olmadım və düşməndən qaçmaq yox, üzərinə getmək istədiyimi bildirdim. Nə isə, sənin zəngindən sonra məni postda saxladılar. 2020-ci il sentyabr ayının 26-da komandir əmr verdi ki, Elçin Salmanov postu dəyişsin və yaxınlıqdakına çıxsın. Mən əmri yerinə yetirdim, postu dəyişdim. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda düşmənin kəşfiyyat qrupu ilk hücumu mənim əvvəl çıxdığım posta etdi və orada əsgər yoldaşlarım şəhid oldular. Özümü heç bağışlamıram ki, mən niyə o postdan çıxdım və şəhid olmadım.

Bunu mənə danışan Elçin həm üzülür, həm də gözləri dolurdu. Elçin çox qürurlu və mərd idi. Heç vaxt medallarını sinəsinə taxıb hansısa tədbirə getməzdi. Hər zaman deyərdi ki, mən bu medalları reklam və hansısa işdən istifadə üçün almamışam. Mən bunları vətən, torpaq uğrunda qəhrəmancasına döyüşüb almışam.

Elçinin ölümündən sonra onun hələ hərbi xidmətdə olarkən yazdığı cib dəftərini əldə etdim və açıb oxuyarkən həm qürurlandım, həm də, təbii ki, kədərləndim.

Onun özünə arzuladığı sözlərini demək istəyirəm: “Mən bura könüllü gəlmişəm. Mən də Mübariz İbrahimov kimi olmaq istəyirəm. O yol burdan başlayır. Bu yol Mübarizi şəhadətliyə ucaltdı. Onun da arzuları, sevdikləri var idi. Yolundan dönmədi, mən də dönməyəcəm! Bəlkə də o yoldayam, sonuna qədər gedəcəm, çünki mən də Mübarizəm!..”

Təsadüfi deyil ki, Elçin Salmanov da Mübariz İbrahimov kimi kəşfiyyatçı və pulemyotçu olub. Elçin şəhid olacağın bilirdi və öz dostlarına bunu demişdi. Şəhidliyindən bir müddət sonra istifadə etdiyi şəxsi telefonuna baxdım. Telefonunda özünə aid şəhidlik videoları və şəkilləri hazırlamış və qeydlər əlavə etmişdi. Hətta, başdaşına vurulacaq şəklini belə hazırlamışdı. Danılmaz faktdır ki, Elçin öz sosial şəbəkə hesablarında tez-tez şəhid video və şəkilləri paylaşırdı.

Şəhidlik hər kəsə nəsib olmur, onlar yalnız seçilən şəxslərdir. Mənim bacım oğlu Elçin Salmanov bu zirvəyə özünü layiq bildi və arzusuna çatdı. Bir dayı kimi mənim üçün çətin və ağır olsa da, fəxr edirəm ki, şəhid dayısıyam və Elçin kimi oğullarla bir dönəmdə yaşdım. Allah bütün şəhidlərə rəhmət eləsin”!

 

“Mən də onun kimi olmaq istəyirəm…”

 

Eyyubov Fərid Teyyub oğlu Elçinin döyüş yoldaşı olub. Elçinlə tanışlığı, dediyi kimi, hərbi kurslardan başlamışdır. İkisi də Yevlaxdan getdikləri üçün həmişə bir yerdə  görmək olarmış onları: “…İstər təlimlərdə, istər dərslərdə bir-birimizdən ayrılmazdıq. Kursun ilk günlərində Elçinlə bir az söhbət etdim. Özüm könüllü olaraq 44 günlük Vətən müharibəsində iştirak etdiyim üçün bu işlərin həm əvvəlini, həm də sonunu bilirdim. Elçinlə söhbətimdə mənə dedi ki, qardaşı da hərbiçidir. Ona baxıb Elçin də hərbçi olmaq həvəsinə gəlib.

Bir az Elçini dinlədim, sonra ona dedim:

  • Dostum, bir qardaşın hərbiçidirsə, sən başqa bir peşə seç.

İsrarla dedi:

  • Yox, mən də onun kimi olmaq istəyirəm…

Artıq bu cavabdan sonra ona heç nə demədim. Kursumuz iki ay çəkdi. Sonra Elçinlə eyni hərbi hissəni seçdik və ora yollandıq. Elçin qardaşını görəndə üzündə bir təbəssüm oyandı, görüşdülər. Bir az söhbət etdikdən sonra qardaşı İlkin bizi bölüklə tanış etdi. Artıq Elçinlə birgə İlkin də bizimlə bir yerdə qalırdı. Uzun müddət bir yerdə xidmət etdik. Bir-birimizi daha yaxşı, daha da yaxından tanıdıq.

Bir gün İlkin gəldi. Elçinə dedi ki, üç-dörd gün buralarda olmayacam, özünə yaxşı bax. Həmin ərəfələrdə Ağdərə istiqamətinə getməyi planlaşdırmışdıq. Amma bilmirdim ki, İlkin bizdən qabaq gedib-gəlirmiş. Elçindən soruşdum ki, İlkin hara gedir belə? O isə mənə dedi ki, arada düşmən postlarına dronla baxmağa bir-iki günlük gedir, gələcək.

İlkin üç gündən sonra qayıtdı. Amma bir az kefsiz idi. Səbəbini Elçindən soruşdum. Dedi ki, heç, sadəcə, yorğundur. Əslində, onları narahat edən qarşıda çətin bir tapşırığın gözlənilməsi idi və nəhayət, həmin gün yetişdi.

18 sentyabr 2023-cü il tarixində Ağdam istiqamətində yollandıq. Son tamamlama işlərini görüb, silahımızı götürüb yollandıq tapşırıq rayonuna. Saat təxminən 17 radələrində düşməni müşahidə etməyə başladıq. Sentyabrın 19-da saat 12 radələrinədək müşahidə altında olan düşmənin postlarındakı bütün yolları, səngərləri öyrəndik. Nəhayət, təxminən saat 13 radələrində əks-həmlə hücumla düşməni məhv etməyə başladıq. Sırada Elçinlə bərabər irəliləyən mən idim. Onunla birlikdə düşmən səngərinə girər-girməz Elçin birini məhv etdi. Səngərdə irəliləyərkən mən iki, Elçin isə üç erməni  silahlı quldurunu zərərsizləşdirdik. Nəhayət, postu tam ələ alanda Elçin qardaşı İlkinin yaralandığını hiss etdi. Birdən mənə səslənərək:

  • Fərid, İlkin vuruldu eləmi?

Vurulan İlkin olsa da, İlkin də fikri qalmasın deyə dedim:

  • Qardaşım, İlkin deyil. Döyüşməyə davam elə.

Nəhayət, postu aldıq. Birdən Elçin posta sancılmış erməni xaçını çıxarıb, səngərdən aşağı dərəyə atdı. Bir az sonra yolda qabağına çıxan, əlindəki avtomatı bizə tuşlayıb atmaq istəyən dığanın ağzına silah dirəyib, başını bədənindən ayırdığını gördüm. Rabitədə bölük komandirinə, “komandir, qardaşıma deyərsiniz, qisasını aldım”, – dedi.

Açığı, bu görüntü məni çox təsirləndirdi. Bir müddət fikri İlkində qaldı. Sonra Elçini başa salıb dedik ki, narahat olma, qardaşın yaxşıdır, sağdır. Heç bir şey olmayıb ona. Bir az fikri dağıldı: dedi-güldü, kefi yerinə gəldi.

Yenidən təchizatımızı toplayıb qaydasına salaraq başqa bir təyin olunmuş yerə doğru hərəkət etdik. Həmin yerə çatıb bir balaca dincəldik də. Sabaha yaxın olardı ki, yolumuza yenidən düzəldik. O qədər yol  getmişdik ki, həm yorğun, həm yuxusuz, həm də susuz idik. Mən susuzluqdan əldən düşmüşdüm. Artıq ayaqlarım tab gətirmədi. Getdiyim yerdəcə çökdüm. Birdən gördüm Elçin başımın üstündə deyir:

  • Bir az da döz, qabaqda su var, su gətirəcəm.

Birtəhər qalxdım, irəlilədim. Təxminən 10-15 addım atmışdım ki, düşmən pusqusuna düşdük. Bir qədər pusquya qarşı döyüşdükdən sonra Elçin qrupla bərabər hərəkət edəndə düşmən snayperi onu hədəfə aldı.

Elçin vurulan kimi şəhid olmadı. O, iki saat yanımızda yaralı halda qaldı. Başından vurulmasına baxmayaraq, ayağa qalxıb addım atmaq istədi. Amma yeriyə bilmədi, dizləri üstə çökdü və sürünə-sürünə bizə tərəf gəldi. Elçini götürüb tez yarasını sarıyıb, təxliyyə qrupu ilə göndərdik. Əməliyyatdan sonra təxliyyə qrupundan aldığımız məlumata görə, Elçinin dörd saat huşu özündə olub.

…Onun yoxluğu bu həyatdan susuz getməyi mənə çox ağır bir dərd oldu. O, mənim, həm Dostum, həm də qəhrəman silahdaşım idi. Allah ona rəhmət etsin. Məkanı Cənnət olsun şəhid qardaşımın.

 

Millət səni qürur ilə yad edir,

Sən Vətənin cəsarətli, nər oğlu!

Şəhid adlı bir məqama yetmisən,

Allah ora layiq görməz hər oğlu!

 

Sevdiklərin üzülməsin, amandır!

Bir oğlunu min eylədi Yaradan!

Sən canını Vətən üçün pay etdin,

Təki düşmən itib-getsin aradan!..

 

Elçin adın ləyaqətli bir addır,

Sən adının layiqini vermisən!

Vətən eşqi necə gözəl bir eşqdir,

Sən Vətəni məhəbbətlə sevmisən!