Üzü-gözü qanlı o məsum uşağı xatırladınızmı?-FOTOLAR

Üzü-gözü qanlı o məsum uşağı xatırladınızmı? Dağıntılar arasından çıxardılarkən üzündən qan damcıldayırdı… Necə də məsum üzü, qorxudan ürkmüş gözləri var idi… Xatırladınızsa, deməli, ötən ilin müharibə günlərində baş vermiş “Gəncə terroru”nu unutmamısınız. O çığırtılar, o günahsız insanların qətli, anaların fəryadı, hər iki valideynini itirmiş körpə Nilayın, Sevil və qardaşı Hüseynin gözlərindəki kədər yəqin ki, bir daha gözləriniz önünə gəlmiş oldu. Fulya Öztürkün gecənin bir yarısı həyəcanlı səslə canlı yayıma çıxıb “Gəncəni vurdular” – deməsi yəqin ki, bir daha qulaqlarınızı cingildətdi… ““Gəncə terroru”nun bir ili tamam olur, sabah Gəncəyə gedəcəyik!” – telefonda eşitdiyim bu sözlərdən sonra ötənilki hadisələr yenidən gözlərimdə canlandı. Özümü toparlayıb telefonda “yaxşı” desəm də, o kədəri həmin an yenidən yaşadım… O kədər ki, Gəncəyə yaxınlaşdıqca çox ağır şəkildə üzərimə çökürdü. Sanki o günlərə bir daha qayıdırdım, o acıları bir daha yaşayırdım.

Ötən ilin bu günündə bütün dünyanın diqqəti Azərbaycanda idi. Cəbhədə gərgin döyüşlər gedir, Azərbaycanın mərd oğulları mənfur düşmənin – ermənilərin başına Dəmir Yumruq endirir, hər gün torpaqlarımızı işğaldan azad edirdilər. Ölkə əhalisi sanki bir-birindən fərqlənən 10 milyon deyil, eyni düşüncələrə və duyğulara sahib bir adam idi. Hamının bir istəyi vardı: düşməni torpaqlarımızdan qovmaq, ana yurdumuzu işğaldan azad etmək. Sentyabrın 27-dən başlayaraq hər gün cəbhədən şad xəbərlər eşitməyə alışmışdıq. Şəhidlər barədə xəbərlər nə qədər acı olsa da, Vətən uğrunda canından keçənlərin igidliyi və rəşadəti bizi qürurlandırırdı. Onlar elə bir müqəddəs zirvəyə yüksəlirdilər ki, bütün elin örnək və qürur mənbəyinə çevrildilər… Hər birimiz müharibənin yalnız cəbhə boyu davam edəcəyinə inanırdıq… Düşünməzdik ki, bu savaşın coğrafi məkanı dəyişə bilər, cəbhə xəttindən uzaqlarda dinc əhali arasında itkilər barədə xəbər eşidərik. Amma təəssüf ki, mənfur düşmən öz vəhşiliyindən əl çəkməmişdi… Erməni işğalçıları insanlıqdan tamamilə uzaq olduqlarını bir daha dünyaya göstərmiş oldular. Gecəyarısı Gəncə şəhəri ballistik raketlərdən atəşə tutuldu. Mərmilərin ünvanı isə günahsiz insanların daha sıx məskunlaşdığı ərazilər idi. Qocalar, qadınlar və uşaqlar mərmi yağışının altında qaldılar. Evlər dağıldı, şəhər meydanı qan gölünə döndü, ürəklərə dağ çəkildi…

Bütün beynəlxalq yayımlar diqqəti Gəncədə baş verənlərə yönəltdilər. Faciə dünya tarixinə “Gəncə terroru” kimi düşdü. Dağıntılar altında qalan insanların xilas edilməsi ilə bağlı operativ tədbirlərə başlanılmaqla yanaşı, bütün dünyaya ermənilərin qəddarlığı bir daha nümayiş etdirildi… Gəncədəyik… Terror aktı törədilən ərazidə… Gördüyüm mənzərə sözlə ifadə olunası deyil… Dağılmış evlər, külə dönmüş ev əşyaları arasında yaşlı insanların fəryadını, körpələrin iniltisini duyuram… Telefonun kamerasını işə salıb danışmaq istəyirəm… Bacarmıram. Kəlmələr boğazımda düyünlənib qalır… Susuram. Əvəzimə çəkdiyim görüntülər danışır… Bu kadrlarda təkcə mənim yox, mənimlə birgə bu müdhiş mənzərəni ürək ağrısı ilə seyr edənlər yox, həmin gecə xəsarət almış 120-dən çox insanın, 27 şəhidin səsi eşidilir. Bu səs vəhşiliyin təcavüzünə məruz qalmış insanlığın səsidir.

Bu – haqqın və ədalətin səsidir. Dünya əhalisinin qəbul etdiyi Cenevrə Konvensiyasının beynəlxalq hüquq və normalarını ayaq altına atanlara sülhsevər insanların etiraz səsidir. Bu səs həm də #PrayForGanja haştağının yayılması ilə beynəlxalq aləmin uzun illər xalqımın haqq və ədalət uğrunda müqəddəs savaşına qarşı haqsızlıqlarına “Dur!” deyən Dəmir Yumruqlu Azərbaycanın səsidir. Vaxt gələcək, bu gün açıq səma altında muzeyə çevrilmiş bu məkan beynəlxalq aləmin erməni faşizminə kor qalmış gözlərini açacaq və susmuş vicdanını üzü qanlı Bəxtiyarın kədərli olsa belə, gerçəkliyə dik baxan gözləri danışdıracaq… Çünki yumruğumuz – möhkəm, səsimiz – gurdur.

Könül Quliyeva,

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri

Kanal32.az