“Azərbaycan lideri İlham Əliyevin liderliyində daha da güclənən modern Azərbaycanın uğurlarını məmnuniyyətlə müşahidə edirik. Biz eyni millətin övladlarıyıq. “Üç dövlət, bir millət” şüarı ilə başlatdığımız görüşlərimizə görə qürur duyduğumu bildirmək istəyirəm”.
KANAL32.az Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Milli Məclisdə Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin işçi qruplarının bu gün təşkil edilən birgə görüşündə bildirib.
“Bu gün Yaxın Şərqdə olan hadisələr dost-müttəfiq, qardaş ölkələrin dostluğunun nə qədər doğru olduğunu göz önünə gətirir. Bölgəmizdə cərəyan edən müharibədə həm Şimali Kiprin cənubu, həm Türkiyə, həm də Azərbaycan dron hücumuna məruz qalmışdı. Çox şükür ki, ölənlər olmamışdı. Bu müharibənin ən qısa zamanda bitməyini arzu edirik. Bölgədə güclərimizi möhkəmləndirmək üçün Türk dünyasının ayrılmaz parçası olan Şimali Kiprin Türk Dövlətləri Təşkilatına və TÜRKPA-ya daxil olması üzv dövlətlərlə münasibətlərin daha əhəmiyyətli nöqtəyə gəlməsinə səbəb olacaq. Azərbaycan parlanmenti ilə iş birliklərimizin bütün türk dünyası ölkələri ilə edilməsinin vacibliyini xatırlatmaq istəyirəm”, – Ziya Öztürkler qeyd edib.
***
Görüşdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım da çıxış edib: “Türkiyə Azərbaycanın istəmədiyi heç bir işin içində ola bilməz. ABŞ-də Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflandı, amma sülh sazişi imzalanmadı. Prezident İlham Əliyev dedi ki, Ermənistan Konstitusiyada dəyişiklik etdikdən sonra sülh sazişi imzalayacağıq. Yəni Ermənistanla Azərbaycan arasında qalıcı sülh imzalandıqdan sonra Türkiyə sərhədlərini açacaq”.
***
Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem qeyd edib ki, Şimali Kipr bir vaxtlar Azərbaycanın da yaşadığı haqsızlığı yaşayan bir ölkədir: “Göz görə-görə Qarabağı illərlə işğal etdilər. Azərbaycanın müdaxiləsinə qədər bu işğala heç kim heç nə demədi. Azərbaycan öz ordusu ilə öz torpaqlarını işğaldan azad etdi. Şimali Kipr də 1500-cü illərdə atalarımızın aldğı torpaqlardır”.