Monqolustanın şimalında yaşayan, maralçılıqla məşğul olaraq köçəri həyat sürən Türk tayfası Duhalar türk dillərinin Sibir qolunda Sayan qrupuna aid bir dildə danışmaqdadırlar. UNESCO-nun yayımladığı təhlükə altında olan dillər atlasında Duhaların dili “ciddi şəkildə təhlükə altında olan dil “ kimi göstərilib.
Monqolustan əhalisini təşkil edən 24 tayfadan dördü türk tayfasıdır: Kazak, Hoton, Tuva və Duhalar (Tsaatanlar).
Duhalar Monqolustanın Hövsgöl elinin şimalında, Tsagaannur ( Duhaca “Ağ göl”) qəsəbəsində və tayqalarda yaşayırlar . Bu bölgə şimali-şərqdə Buryat Özək Cumhuriyyəti, şimali-qərbdə isə Tuva Cumhuriyyəti ilə qonşudur. Duhalar üç fərqli bölgədə yaşamaqdadırlar: Qərbi və Şərqi Tayqa olaraq ayrılan yüksək tayqalarda; Harmay və Hogrok çayları bölgəsində; Tsagaannuur qəsəbəsində.
Tayqa bölgəsində yaşayan Duhalar köçəri həyat tərzi sürür, Ren maralı bəsləyir, ovçuluq edir, meşədən meyvə və giləmeyvə toplayır, bəzən isə balıq tutmaqla məşğul olurlar. Tsagaannuur qəsəbəsində və çay yaxınlığında yaşayanlar isə monqolların yaşamına oxşar həyat tərzi sürürlər. Onlar heyvançılıqla məşğul olub sığır, at, dəvə, qoyun, keçi bəsləyirlər.
2010-cu ilin məlumatına görə, Duhalar 282 nəfərdirlər. Təqribən 44 ailədən ibarətdirlər. 2000-ci ildəki siyahıya almada Duhaların sayı 303 nəfər olmuşdur. Rəqəmlər Duhaların sayının ilbəil azaldığını göstərir.
Duhalar özlərinə “Tuha ulas” – “Duha xalqı” deyirlər. Tuha isə Sibirdə yayaılmış tuva/ tuba kəlmələrinin fonetik variantıdır. Ancaq Monqolustanda onları tsaatan “Ren maralı sahibləri” (tsaa – Ren maralı və isimdən isim düzəldən + tan şəkilçisi) adlandırırlar. Monqol qaynaqlarında Duhaları Uranhay, Tayqa Uranhay, Taigin İrged “tayqa xalqı” , Oin İrged “Orman xalqı” və Soyat olaraq adlandırıblar. Monqollar rəsmi olaraq Duhaları və Monqolustandakı müsəlman olmayan digər türk xalqlarını ümumiyyətlə Uyğur adlandırırlar.
Bəzi türkoloq və tarixçilərin fikrincə “tuva/tuba etnoniminə sahib xalqlar əslən Samoyed və Yeniseyli olub tarixin çeşidli dönəmlərində türkləşiblər.
Du-bo – Tu-po etnonimi ilk olaraq VII yüzilliyin əvvəllərində ( 581- 618 illəri əhatə edən) Çin Sui-Şu təqvimində qeyd edilib. Çin Tang-Shu (618-906) kitabəsində bu xalq , Uyğurlar və bir qism Oğuz boylarının da mənsub olduğu T ieh-le boylar birliyində göstərilmişdi. Bu mənbələrə görə Tu-po xalqı Birinci ilə İkinci Göytürk Xaqanlıqları (551-744) və Uyğur Xaqanlığı (744-840) dönəmlərində Qırğızların və “kiçik göl”ün ( böyük ehtimalla Baykal Gölü) cənubunda, Uyğurların isə şimalında yaşayırdılar. Bu coğrafiya bugünkü Tuva və cənub Hövsgölü ərazisini əhatə etməkdədir. Əslən Samoyed və Yeniseyli, ya da digər qeyri-türkdilli xalqlardan olduğu, Uyğur Xaqanlığının (744-840) tabeliyində ikən türkləşdikləri qəbul edilir. Bir çox arxeoloji qazıntılar və runik yazılı Uyğurca abidələr də bu düşüncəyi təsdiqləyir ( Ragagnin 2011. 13-21).
Duhaların adı ilk dəfə Çində hakimiyyətdə olmuş Tan sülaləsi ( 618- 907) dövrünün salnamələrində anılıb.
On üçüncü yüzillikdən etibarən bu bölgə Monqol İmperatorluğunun hakimimiyyəti altına girmişdir. 1240-cı ildə yazılmış, Çingiz xanın şəxsiyyəti, yürüşləri, bir sıra ölkələri, o cümlədən Türküstanı istila etməsilə bağlı “Monqolların gizli tarixi “ əsərində Tubas və Tuqas ( – s monqolcada cəm şəkilçisidir) adlı xalqlardan bəhs edilmişdir. Bunlar Çingiz xanın oğlu Cuçiyə (Joçi) tabe olan şimaldakı orman toplumlarından olduğu göstərilir. Duhaların ən ünlü tədqiqatçısı Elizabeta Ragagnin belə hesab edir ki, kitabda adı keçən Tuqaların indiki Duhalar olması ehtimalı böyükdür: “Tuqa sözündəki içsəs q-nın – h- < *p və *q səsini təmsil etdiyi açıq göründüyündən Duhaların bunlarla bağlılığı ehtimal oluna bilinər. On üçüncü yüzillikdə tuqa və tuba xalqlarının ayrı xalqlar olduğu söylənə bilinir. Bəzi boyların monqollaşması və bəzilərinin də bəlkə monqollaşdıqdan sonra Türkləşmələrinin bu dönəm və ya bu dönəmdən qısa bir vaxt öncə var olduğu düşünülür.”( E. R. “ Kayıp olmayan bir türkofon halk”)
XIX əsrdə Sayan bölgəsində ekspedisiyada olan Fin dilçisi Matias Aleksandr Kastren türkləşmiş olan Samoyed boylarından yazmış, onların əski dillərini hələ unutmadıqlarını qeyd etmişdi.
1732-ci ildən 1911-12 illərə qədər monqollar və Tuva Çinin hakimiyyəti altında idi. 1911-1912 –ci illərdə hər iki ölkə müstəqilliklərini elan etdilər.
1926-1927 –ci illərdə Monqolstan və Tuva arasında şərti sərhədlər müəyyən edilir. Bu sərhəd Duhaların köçəri yaşadıqları əraziləri iki hissəyə ayırır. 1947-ci ildən isə Tuva Sovet İttifaqının tərkibinə daxil olur və Monqolustan ərazisində yaşayan Duhalarla onların əqrabaları arasında əlaqələr kəsilir. 1947-ci ildə Duhaların Tuvada qalan yaşlı insanlarının çoxu Monqolsutana qaçdılar.
Duhalar yalnız 1956-cı ildə Monqolustan vətəndaşı olublar.
DUHA DİLİ
Duha dili türk dillərinin Şimali-Şərq Sibir qurupu içində yer alan Sayan türk dillərinin tayqa altqrupuna mənsubdur. Digər Tayqa Sayan türk dilləri isə İrkutsk oblastında yaşayan Tofaların dili – Tofalarca, Tuva Respublikasının Şərqində Toca və Tere-Höl bölgələrindəkilərin dilləri Toca-Tuvacası və Terə- Höl Tuvacası ilə Buryat Respublikasının Oka bölgəsində yaşayan Soyotların dili Soyotcadır.
Duhacada əsas sözlərin əksəriyyəti türkcə kökənlidir ;gis “qız” , hün “ gün”, utə- “uyu-”, per- “ver” və s.
Duhaca əsas saylar aşağıdakılardır : pir və piree “bir”, ixə “iki”, üş~üüş “üç”, tört~ töört “dört” ,peş~peeş “beş” , altə “altı”, jetə~jeetə “yeddi”, ses “səkkiz” , tos “doqquz”, on “on”, jeer~jeersə “iyirmi” , üjon~üjön ~üjen “otuz” , törton~törtön ~törten “qırx” ,pejon~pejön~pejen “əlli” , alton~altan “altmış”, Jeton~jetön~jeten “yetmiş”, seson~sesen “səksən”, toson~tosan “doxsan” , jüs “yüz”, min “min”, saya “on min”.
Məlumdur ki, türk dillərində saylar çox cüzi fonetik dəyişikliklərlə bir-birindən fərqlənir. Duha dilində sayların digər türk dilləri ilə eyniliyi, əsas sözlərin türk kökənli olmağı bizi Duhaların türk kökənli olmaması fikrinə şübhə ilə yanaşmağa vadar edir.
Duha dilinə monqolcadan da çox sayda söz toplanıb. Son altmış ildə Duha dilinə monqol dilinin basqısı daha aydın görünməkdədir. Çünki Duhalı uşaqlar monqol məktəblərində və monqol dilində tədris alırlar. Hazırda uşaqlar və gənc nəsil Duha dilini, demək olar ki, bilmirlər. Onlar dili bilməməklərini məktəbdə monqolca təhsil almaqları ilə əsaslandırırlar. Duhaca yalnız yaşlı adamlar öz aralarında danışırlar və bu da yaşlı nəsil dünyanı tərk edəndə Duha dilinin də öləcəyi ehtimalını və təhlükəsini yaradır. Elə buna görə də Duha dili ölməkdə olan dillər siyahısına salınıb.
DUHALARIN YAŞAM TƏRZİ.
Duhalar , Duhaca alajə öy “dirək evi” deyilən çadırlarda yaşayırlar. Bu çadırları Çum da adlandırırlar . Oval şəkildə tikilən monqol çadırlarından fərqli olaraq, Duhaların çumları şişucludur. Duhalar bundan 2 min il öncə necə yaşayırdılarsa, indi də o şəkildə yaşayırlar. Toplum içində başçı, lider yoxdur, ovdan əldə etdiklər qidanı, ova qatıldı-qatılmadı, bütün ailələr arasında bölürlər, qadınlar kişilərdən və yaxud da kişilər qadınlardan heç nə ilə üstün sayılmırlar, təbiəti öz çumlarından da təmiz saxlayırlar, çayda əllərini yumurlar ki, çay çirklənməsin, evlilik olmadan da uşaq dünyaya gətirilə bilər, bütün canlılara və cansızlara sayğı duyur, hörmət edirlər. Duhalara görə, canlı, ya cansız, hər şeyin ruhu var. Onlar ovladıqlar ovun ruhundan üzr istəyirlər.
Yuxarıda qeyd olunduğu kimi, köçəri həyat sürən Duhaların əsas məşğuliyyəti maralçılıqdır. Onlar maralın südündən qidalanır, dərisindən geyim kimi istifadə edir, buynuzundan və sümüyündən müxtəlif əşyalar hazırlayırlar. Ancaq onlar, xüsusi zərurət olmasa, maral ətini yeməzlər. Ov əti, nadir hallarda balıq və dağdan topladıqları bitki və yabanı meyvələrlə, giləmeyvələrlə qidalanarlar.
İNANCLARI
Duhalar Şamanizmə tapınırlar. Şamanlar ruhlarla Duha dilində danışırlar və onlar belə hesab edirlər ki, çağırdıqlar qüvvələr, ruhlar başqa dildə bilmirlər. Yeni nəsil Duha dilini bilmədiyi üçün, onlar şamanlıq edə, ruhlarla anlaşa bilməzlər. Duha mədəniyyətində dil və şamanizm bir-biri ilə sıx surətdə bağlıdır. Gənc nəsil dili bilmədikcə, öyrənmədikcə ayinlərdə deyilən dualar, xüsusi sözlər də işlədilmədiyi üçün unudulacaq. Uzun müddət şamanizm Monqolustanda qadağan edilib və şamanlar sürgün olunub.
Duhaların dillərinin qorunması, bütün dillərin qorunması kimi, sadəcə onlara deyil, bütün insanlığa aid bir məsuliyyətdir. Duhaların timsalında bir xalq, bir həyat tərzi, bir dil məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Şahnaz Kamalova
525.az