“Türk Dünyasına vəfa və sevgi borcu olmayan bir türk yaxşı alim ola bilməz”
Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyi rektorlarının 6-7 iyun 2023-cü il tarixlərində Səmərqənddə Özbəkistan İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universiteti, Türk Universitetlər Birliyinə hazırda sədrlik edən Azərbaycan Dövlət İqtisad Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universiteti ilə birgə xüsusi toplantısı keçirilib.
Millət vəkili, təhsil eksperti Etibar Əliyev sosial şəbəkədə Nobel mükafatı laureatı, Prof. Dr. Əziz Sancarın həmin toplantıda etdiyi çıxışın mətnini paylaşıb. Türk Dünyası üçün son dərəcə dəyərli çıxışı təqdim edirik:
Əziz qardaşlar!
İlkin olaraq bildirmək istəyirəm ki, Türk Dövlətləri Təşkilatına bağlı Türk Universitetlər Birliyinin toplantısında sizə müraciət etmək mənim üçün böyük qürur mənbəyidir. Uzun müddətdir bir-birindən ayrı düşmüş türklərin bir araya gəlməsi, güclərini birləşdirməsi, həm özlərinin, həm də dünyanın inkişafına töhfə vermək imkanı əldə etməsi, hər zaman gənclik arzumuz olub. Ona görə də mən çox şadam ki, siz Türk Dünyasının Mədəniyyət Paytaxtı Səmərqənddə bir araya gəlib, millətimizin elm və təhsil problemlərini, bu problemlərin ortaq həll yollarını müzakirə edirsiniz.
Nobel mükafatını alanda hiss etdim ki, mən təkcə özümü deyil, təkcə Türkiyə Cümhuriyyətini deyil, bütün Türk Dünyasını təmsil edirəm, bunu bilirəm və bundan çox qürur duyuram. Amma eyni zamanda içimdə bir təssüf hissi var idi. Biz böyük sivilizasiyalar yaradan böyük türk millətiyik. Niyə mən Nobel mükafatı alan ilk türk olmalıyam? Biz, öz tariximizlə fəxr edirik. Tarix kitablarında bizə öyrədirdilər ki, biz türklər böyük mədəniyyətlər yaratmışıq.
Düzünü deyim, mən ibtidai sinifdə, orta məktəbdə buna inanırdım. Amma liseyə, universitetə gedəndən sonra buna şübhə etdim və bu məndə bir maraq olaraq qaldı. İllər sonra Qərb müəlliflərinin əsərlərini oxudum və anladım ki, 750-1250-ci illər arasında Türk Dünyası elm dünyasının mərkəzi olub. Həqiqətən də biz böyük mədəniyyətlər yaratmışıq. Amma bir çox səbəblərə görə bundan sonra elmlə məşğul olmağı dayandırdıq və Avropa, Amerika Birləşmiş Ştatları bizi qabaqladı. Biz bunu həll etməliyik. Həqiqətən də göz qabağındadır ki, biz türklər son 500 ildə elmə layiqincə töhfə verə bilməmişik. Bəs niyə etmədik?
Bəzi insanlar “ağıllı olmadığınıza görə” cavabını verirlər. Amma elmlə məşğul olmaq genetika və ya zəkaya aid deyil, ənənə məsələsidir. Yəhudi qardaşlarımız dünya əhalisinin 0,2 % təşkil edir və elm üzrə yüzdə 20% Nobel mükafatını alıblar. Onlar digər insanlardan daha ağıllıdırlar? Əsla deyil. Sadəcə onların mədəniyyətində elmə, təhsilə önəm verilir. Ona görə də biz bunu ənənəyə çevirməli və uşaqlarımıza erkən yaşda aşılamalıyıq.
Xüsusilə sosial elm adamları bu məsələ üzərində işləməlidirlər.
Getdiyim türk ölkələrində texnologiyaya əhəmiyyət verməyə başlanıldığını gördüm. Texnologiya vacibdir, lakin fundamental elm olmadan texnologiya yoxdur. Avropadan, Amerikadan avadanlıq alıram, texnologiya düzəldirəm, patentim var kimi təşəbbüslərlə nə Türkiyə, nə də Türk Dünyası yüksələ bilər. Bu mənim düşüncəmdır. Dünyada ad çıxarmaq istəyiriksə, bir güc kimi tanınmaq istəyiriksə, başqaları tərəfindən idarə olunmaq istəmiriksə, elmlə məşğul olmalıyıq, elmdə güclü olmalıyıq ki, dünya bizi ortaya qoyduğumuz elmlə tanısın. Unutmaq lazım deyil ki, biz çalışdıqca, istehsal etdikcə üstün olacağıq. Əks halda, üstünlük genetik deyil. Bütün insanlar bərabərdir.
Şübhəsiz ki, Türk Dünyasında elmi geriliyin çoxlu institusional və sosial səbəbləri var. Təəssüf ki, onların necə həll olunacağını yaxşı bilmirəm. Amma mənim başa düşdüyüm odur ki, maliyyə sərmayələri qoymaqdan daha çox elmi mühiti inkişaf etdirmək lazımdır. Uluq bəy, İbn-i Sina, əl-Biruni yoxdan ortaya çıxmadı. O dövrdə Türk Dünyasında elmi mühit var idi, yüzlərlə uğurlu alim var idi, elmə maraq çox idi və əhəmiyyət verilirdi. Eyni zamanda Uluq bəy və onun kimi Orta Asiya Qızıl Dövrünün digər alimləri də Türk Dünyası elm adamları ilə əməkdaşlıq edərək elmlə məşğul olurdular. Bu gün bunlara əhəmiyyət versək, Türk Dünyasında elm və cəmiyyət inkişaf edər, tərəqqi edər.
Türk Dünyasındakı elmi geriliyin səbəblərini tapmaq və onların çarə yollarını göstərmək üçün sosio-humanitar elm adamlarımızın birgə və ətraflı araşdırmalarına ehtiyac olduğu şübhəsizdir. Amma mən burada öz təvazökar müşahidələrimə əsaslanaraq, Türk Dünyasında elmi inkişaf etdirmək, dünya ilə rəqabət aparmaq üçün nə etməli olduğumuzu ümumiləşdirmək istərdim:
Birincisi, elm ədalətin, azad düşüncənin və sorğu-sualın mövcud olduğu mühitlərdə inkişaf edir. Biz bunu unutmamalı və uşaqlarımızı bu ruhla, bu vərdişlə böyütməli, onlara bu mühiti təmin etməliyik. Elmdə azad düşüncə çox vacibdir. Türk Cümhuriyyətlərinə gedəndə məni mərasimlə qarşılayır, böyük hörmət göstərirsiniz. Bir insan olaraq, təbii ki, bu mənim xoşuma gəlir. Amma bunlar elmdə baş verə bilməz. Mənimlə işləyən ən uğurlu alimlər və yetişdirdiyim ən uğurlu tələbələr mənimlə mübahisə edən tələbələr olub. Bu baxımdan biz, xüsusən də azyaşlı uşaqlarımıza sərbəst düşünməyi, yaşlıların, mənim kimi insanların dediklərinə tənqidlə yanaşmağı öyrətməliyik.
Üçüncüsü, biz oğlan və qızlarımıza eyni təhsil imkanını verməliyik. Başda Türkiyə Cümhuriyyəti olmaqla, bütün türk cəmiyyətlərində bunun problem olduğunun fərqindəyəm. Bunu həll edə bilməsək, cəmiyyətimizin yarısını təşkil edən qadınlarımızın potensialından inkişaf yolunda yararlana bilmərik, bu potensialı reallaşdıran cəmiyyətlərlə rəqabət apara bilmərik.
Dördüncüsü, uşaqlarımıza çox erkən yaşlarından eksperimentlər aparmağı öyrətməliyik. Elm təcrübə etməklə öyrənilir, bunu unutmaq olmaz. Amerikaya gələndə Türkiyə məni təhsil və nəzəri elm baxımından çox yaxşı yetişdirmişdi, amma təcrübədə çatışmazlıqlarım oldu. Bunu uşaqlarımıza erkən yaşda öyrətməliyik. Bu vərdiş halına gəlməli və edərək öyrənilməlidir. Bunu sadəcə oxumaqla əldə edə bilməzsiniz.
Beşincisi, siyasət və din elmlə qarışdırılmamalı, onları ciddi şəkildə ayrı tutmaq lazımdır. Siyasət, din və elmi qurumlar məqsəd və metod baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Onları qarışdırsan, əvvəl elm əziyyət çəkər, etibarını itirər, irəliləyə bilməz, inkişaf edə bilməz.
Altıncısı, elm adamlarını dindən və siyasətdən uzaq tutmaq lazımdır. Əgər din və siyasət elm adamlarına müdaxilə edirsə, nəticə elmin yox olmasına gətirib çıxarar. Əslində, bunun ən gözəl nümunəsi kimi Uluq bəyin Səmərqənddə qurduğu rəsədxananın taleyini göstərə bilərik. Dini və siyasi ifratçılıq, o vaxtlar dünya miqyaslı elmi mərkəz olan bu rəsədxananın dağıdılması, alimlərinin dünyanın müxtəlif bölgələrinə qaçması ilə nəticələndi. Elm adamları dinə, əqidəyə qarışmamalıdırlar. Bununla onlar cəmiyyətin böyük bir hissəsini kənarda qoyar və onlarda etibarsızlıq düşüncəsi formalaşar.
Yeddincisi, alimlərə ləyaqətə əsaslanan imkanlar təmin edilməlidir. Onları təyin etmək, yüksəltmək üçün yeganə meyar ləyaqət olmalıdır. Məsələn, mənim işlədiyim Amerikada sizin dünən etdiyiniz işlərə baxmırlar. Nobel mükafatını aldıqdan sonra dərc olunmaq üçün ilk məqaləm rədd edildi. Amerikada işləyəcəksənsə əgər, dayanmadan işləyəcəksən və nəsə tapacaqsan. Onun ölçüsü budur. Başqa cürə sənə nə alimlər qulaq asır, nə də ABŞ Səhiyyə Departamenti kimi elmi fəaliyyətləri maliyyələşdirən qurumlar. Ona görə də işini davam etdirməlisən. Davam etməsək, dəstəkləməyəcəklər, Nobel filan dinləməzlər.
Elmlə bağlı vəzifələrə təyinatlarda da bu nəzərə alınır və bu vəzifələrə dünya və Amerikadan ən yaxşı kadrların gətirilməsi üçün səy göstərilir.
Səkkizincisi, insanlar elmlə məşğul olmağa başlayanda onlara azadlıq verilməli, “bunu et, bunu etmə” deyilməməlidir. Alim azadlıq istəyir. Onların bir şeyə marağı var və onu izləyir və siz ona bu barədə sərbəstlik verməlisiniz. Ömrünü buna həsr etdiyinə görə də, şübhəsiz ki, insanlığa faydalı bir iş görəcəkdir. Bir sözlə, alimə sərbəst şəkildə öz elmi məqsədlərini qoyub, onlara nail olmaq imkanı verilməlidir.
Doqquzuncusu, bütün bunlardan başqa, məncə, Türk Dünyasına vəfa və sevgi borcu olmayan bir türk yaxşı alim ola bilməz. Mən elmə bir dərəcə kimi öz suallarıma cavab tapmaq üçün daxil oldum. Bilmədiyimi öyrənmək üçün içəri girdim. Halbuki, mən elmlə məşğul olarkən, xüsusən də yad ölkədə bir şeyi həmişə ağlımda saxlayırdım, heç vaxt unutmadım; düşünürdüm ki, burada təkcə özümü deyil, Türk Millətini təmsil edirəm. Və bu mənə həm güc, həm də məsuliyyət verdi. Hər dəfə bir işi etdiyimdə düşünürdüm ki, mən bundan nə alacağam, Türk Milləti nə əldə edəcək? Və bu mənim üçün güc mənbəyi oldu.
Nəhayət, bildiyimə görə, Türk Universitetləri Birliyi Türk Cümhuriyyətlərinin universitetləri arasında tələbə və professor-müəllim heyətinin mübadiləsini təmin etmək və Türk Dünyasında ortaq tədris sahəsi yaratmaq üçün işlər aparır. Mən bunları yaxşı inkişaf tendendensiyaları kimi görürəm.
İstərdim ki, bunlar Türk Dünyasında birgə elmi araşdırmaları əhatə edəcək şəkildə genişlənsin və Türk Cümhuriyyətlərinin idarəçilərinə bu fəaliyyətlərə daha çox büdcə ayırmağı tövsiyə edirəm.
Hamınıza təşəkkür edirəm və sizə uğurlar arzulayıram.
Qeyd edək ki, Etibar Əliyev Əziz Sancarın çıxışının mətnini bu qeydlə paylaşıb: “Çıxışı mənə göndərdiyinə görə dəyərli dostum və həmkarım Rəşad Mahmudova və çıxışın dilimizə çevrilməsindəki dəstəyinə görə Marmara Universitetinin məzunu Rəşad İlyasova dərin təşəkkürümü bildirirəm”.
“AzPolitika”