Abbasov Akif İlyas oğlu 01 iyul 1970-ci ildə Daşkəsən rayonunun Əhmədli kəndində anadan olub. 1977-ci ildə Daşkəsən rayon Əhmədli kənd 8 illik orta məktəbin 1-ci sinifinə daxil olub, 1985-ci ildə həmin məktəbin 8-ci sinfini bitirib və təhsilini peşə məktəbində davam etdirib. Peşə məktəbini bitirdikdən sonra, 1988-ci ildə Sovet ordusu sıralarında xidmətə yollanıb və 1990-cı ildə hərbi xidməti başa vurduqdan sonra valideynlərinin yanına geri dönüb.
Əmək faliyyətinə 1991-ci ildə Daşkəsəndəki “Azərbaycan dəmir filiz saflaşdırma kombinatı”nda fəhlə kimi başlayıb. Bir müddət işlədikdən sonra orada bir qızı sevib və 1993-cü ilin noyabrında həmin qızla ailə qurub. Noyabrın 20-də, toyundan 1 həftə sonra könüllü olaraq müharibəyə getməyə qərar verib. Akif vətən sevgisini hər şeydən üstün tutub, ata- anasının təkidinə baxmayaraq həyat yoldaşını onlara tapşıraraq könüllü olaraq cəbhəyə yola düşüb. Arxada isə gözüyaşlı valideynlər, bir də gözüyaşlı yarı qalıb.
Ancaq onlar bilmirdi ki, bu gediş Akifin son gedişi olacaq. Akif haqqında ilk və son xəbər Ağdam rayonunun Güllücə kəndindən gəlib. Bu xəbər isə ata-ananı dünyanın ən ağır dərdinə düçar etməkdə idi. Onlar əlinin xınası solmayan gəlinlərindən xəbərsiz xəlvətə çəkilib göz yaşı tökürdülər. Tək ümidləri Tanrıya dua etmək,ondan imdad diləmək idi.
-Gəlin isə utana-utana atadan soruşurdu:
-Akifdən xəbər varmı?
-Verməyə cavabı olmayan ata:
-Qızım, inşallah qayıdıb gələcək, narahat olma.
Ancaq toyunun səsi hələ qulaqlardan getməyən,əlinin xınası solmayan gəlin bilmirdi ki, yarından itkin xəbəri alacaq. Hamı onun üçün dua edirdi ki, Tanrının köməyi ilə o, tezliklə tapılsın, gözü yolda qalan ata-anasında, gecələr göz yaşı tökən yarına qovuşsun. Çox heyif ki, Akif ömrünün ən qaynar vaxtında həyatla vidalşmalı oldu. Ata oğul yolu gözlədi, ana oğul dərdindən yatağa düşdü. 10 il yar yolu gözləyən gəlin isə ata evinə döndü. Xınalı gəlinin sonarkı taleyi isə… Həyatdan nakam gedən Akifin bir yadigarı belə qalmadı. Anası Gülgəz xanım oğlunun şəkilləri ilə yatıb durdu. Hər qapı açıldıqca Akifdən bir xəbər varmı deyə sual dolu baxışlarla hamının üzünə baxdı. Amma çox heyif, o, suallarına cavab ala bilmədi. Yalnız bir məlumat vardı: Akif Abbasov 28 dekabr 1993- cü ildə Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.
Uzun müddətli axtarışlar heç bir nəticə vermədi. Sonralar da ata oğlundan heç bir xəbər ala bilmədi. Hər gün ümidlə hərbi komandanlığa gedən ata hər dəfə oradan da çarəsiz evinə dönürdü. Nə az, nə çox, düz 17 il oğlunun yolunu gözləyən ata 2010-cu ildə xəstəlikdən dünyasını dəyişdi . Oğul həsrəti ilə qovrulan, hər dəqiqə oğlundan bir xəbər gözləyən ana uzun sürən ağır xəstəlikdən sonra 2016-cı ilin martında oğul həsrəti ilə dünyadan köçdü.
Akif Abbasovun axtarışları isə düz 31 ildən sonra nəticə verdi və onun yolunu gözləyənlərin həsrəti acı da olsa, sona çatdı. Onun nəşi 2024-cü ildə Bərdə şəhər şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunan məzarlıqdan tapıldı . Şəhid Akif İlyas oğlu Abbasovla doğulduğu Daşkəsən rayonunun Əhmədli kəndində keçirilən vida mərasimindən sonra 18 iyul 2024-cü ildə Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olundu. Dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və rayon sakinləri iştirak ediblər. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yayılım atəşi açıldı. Şəhidin tabutuna bürünmüş qutsal Azərbaycan Bayrağı şəhidin qardaşı Nizaməddin Abbasova təqdim edildi.
Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət,qazilərimizə, döyüçülərimizə can sağlığı diləyərik!
Şəhid oldun qoruyanda vətəni,
Çox cavan apardı bu tale səni,
Atanın, ananın soldu gülşəni,
Dözməyib hicrana köçübdür qardaş!
Yolunu gözlədi sevdiyin gözəl,
Çağırdı, yalvardı, Akif qayıt gəl!
Getdiyin yolları örtübdür xəzəl,
Toyunun gülləri solubdur qardaş!
Qardaş, bacıların kədər içində,
Sağalmaz yara tək qaldın sinəmdə,
Hökmü belə imiş bu taleyində,
Səni bu məzara salıbdır qardaş!
Şeirin müəllifi : Şəhidin qardaşı Oktay Abbasov,
Yazının müəllifi: Samir Mustafayev
Kanal32.az