27 mart Azərbaycan Yazıçılar Birliyinin üzvü, 50-dən artıq kitab müəllifi, 200-dən artıq şerinə nəğmələr bəstələnən tanınmış şair, filologiya elmləri doktoru Dəmir Gədəbəylinin anadan olmasının 85-ci ildönümüdür.
Dəmir Gədəbəyli Gədəbəyin Ataxal kəndində anadan olub. 1961-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. 1975-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor və məsul katib işləyib. 1991-1994-cü illərdə “20 yanvar” qəzetinin baş redaktoru olub. Müstəqillik dövründə müxtəlif Universitetlərdə dərs demişdir (ABU, “Odlar Yurdu” ,“Təfəkkür”). 60-cı illərdən şeirləri çap olunmağa başlayıb. 1972-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının, 1988-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. 1975-ci ildə görkəmli alim Mir Cəlal Paşayevin rəhbərliyi ilə “Azərbaycan poeziyasında qoşma” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1989-cu ildə isə “Azərbaycan dastanlarının poetikası” adlı doktorluq dissertasiyasını müdafiə edib.
Türkiyənin “Zaman” qəzetinin Bakı üzrə təmsilçisi olmuşdur. Dəmir Gədəbəyli sağlığında özünə doğum günü qeyd edilməsinə icazə vermədi. Səbəbini soruşduqda isə cavabı belə olardı, torpağı işğalda olan şairə doğum günü qeyd etmək yaraşmaz.
Ən böyük arzusu, torpaqlarımız işğaldan azad olduqdan sonra Şuşada qurban kəsmək idi. Bu qurbanı kəsmək şairə qismət olmasa da, Müzəffər Ali Baş Komandanımızın bir neçə dəfə işğaldan azad olunan ərazilərimizə Dəmir Gədəbəylinin sözlərinə bəstəkar Elza İbrahimova tərəfindən bəstələnən “Ey Vətən” nəğməsiyə səfər etməsi yəqin ki, şairin ruhunu da şad etmiş oldu. Dəmir Gədəbəyli 6 may 2019-cu ildə Bakı şəhərində vəfat edib.
Ruhu şad olsun!
P.S. İnanmaq istəyirik ki, Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət nazirliyi belə bir zəngin yaradıcılığı olan alim-yazarın yubileyini rəsmi səviyyədə qeyd edəcək.