Xalq qəhrəmanı Balo bəy Vəkilov 1918-1920-ci illərdə Şərur-Dərələyəz qəzasında Andranik Ozanyanın mülki əhaliyə qarşı həyata keçirdiyi soyqırıma qarşı Çivə könüllü özünümüdafiə taborunu yaratmaqla Azərbaycan türklərinin milli müqavimət hərəkatına rəhbərlik edən şəxslərdən biri olmuşdur. Andranik Ozanyanı dəstələrinə uzun müddət müqavimət göstərən Çivə müdafiəçiləri bir müddətdən sonra Qərbi-Azərbaycan və Naxçıvan əhalisi ilə birlikdə İran ərazisinə keçmək zorunda qalmışlar.
Onu da qeyd edək ki, mərhum tarixçi alim Əli Əliyev özü bu hadisələrin canlı şahidi olmuş və “Biz əzablı bir ömür yaşadıq” xatirə memuarında həmçinin “Əlincə yaddaşı” əsərində Balo bəy Vəkilov və Çivə müdafiəçilərinin Cənubi Azərbaycana keçməsini təsvir etmişdir.
Balo bəy Vəkilov İrandan geri qayıtdıqdan sonra Bakıya gələrək M.Ə.Rəsulzadə ilə görüşmüş, onunla Şərur-Dərələyəz qəzasındakı vəziyyət barədə fikir mübadiləsi etmişlər. Milli hökümətin başçısı onlara öz doğma yurdlarına qayıtmağı tövsiyyə etmişdir. Bundan sonra Balo bəy Vəkilov və həmkəndliləri yenidən Çivə kəndində qayıdaraq orada məskunlaşıblar. 1920-ci illərin əvvələrində Balo bəy Vəkilov Kəngərli nəslindən olan Qoçəli bəy Kəngərlinin qızı Dostu xanımla ailə qurub. Bu nigahdan onun Küşvər adında qızı və Tofiq adında oğlu olub.
Bir müddət Çivədə qaldıqdan sonra yerli bolşeviklərin təzyiqi ilə Balo bəy Vəkilov kəndi tərk etməyə məcbur olur. O, bir müddət Naxçıvan ətrafında Cəhri kəndində qalır. Sonra isə Naxçıvan şəhərinə köçür.
Tofiq Vəkilov 1929-cu ildə Naxçıvan şəhərində doğulub. Naxçıvanda tibb məktəbini bitirdikdən sonra iki il tibb sahəsində çalışıb. 1949-1953-cü illərdə Azərbaycan Dövlət Xalq Təsəsrrüfatı İnstitutunu bitirib. Bir müddət Naxçıvan MSSR plan komitəsində məsul vəzifədə işləmişdir.
1962-1964-cü ildə Ordubad rayon Partiya Komitəsinin Birinci katibi vəzifəsini daşıyır. Ordubad rayonunun infrastrukturunun inkişafında kəndlərin elektrikləşdirilməsində xüsusi rol oynayıb. 1964-1967-ci illərdə Naxçıvan şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilib.
1967-ci ildə Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyətinin katibi vəzifəsinə təyin edilir. Naxçıvan qanunvericilik orqanına rəhbəri vəzifəsi onun son iş yeri olur.
Xəstəliklə əlaqədar bir müddət Bakıda Respublika Müalicə Komissiyasında müalicə alır. Həmin günləri gövrək xatirə kimi xatırlayan professor Fatma Vəkilovanın oğlu mərhum rejissor Yalçın Əfndiyev bu barədə söyləyirdi : “Anam professor Fatma Vəkilova xəstəxanaya Tofiq Vəkilovun yanına tez-tez dəyirdi evdə çox ürək ağrısı ilə danışırdı. Bir gün çox böyük həyacanla gəlib söylədi ki, Tofiq dünyasını dəyişib”.
Tofiq Vəkilov 6 oktyabr 1967-ci ildə 38 yaşında dünyasını dəyişir Naxçıvan şəhər qəbristanlığında dəfn edilir.
Səməd Vəkilov