Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin “Teatr, zaman və məkan” adlı yeni kitabı işıq üzü görüb.
Kanal32.az-a verilən məlumata görə monoqrafiya Gəncə Dövlət Dram Teatrının aktyoru, “Qızıl Dərviş” mükafatı lauretı, Respublikanın Əməkdar artisti Ramiz Vəliyevin anadan olmasının 65, səhnə fəaliyyətinin 50 illiyi ərəfəsində onun həyat və yaradıcılığına həsr olunub. Kitabda aktyorun səhnə fəaliyyəti, Gəncə Dövlət Dram Teatrının səhnəsində yaratmış olduğu obrazları təhlil olunmaqla yanaşı həmçinin onun həyat məziyyətləri geniş bir ospektdə işıqlandırılıb.
Həmçinin monoqrafiyada toplanan materiallar teatrşünasların eləcə də sənətşünasların ilkin məlumat və araşdırmaları üçün bir mənbə hesab edilə bilər. Bu mənbə bir tərəfdən ümumazərbaycan teatr tarixinin tədqiqinə ilkin araşdırma ola biləcəksə, digər tərəfdən də aktyor və rejissorlarımızın sənət yollarının öyrənilməsi baxımından əhəmiyyətlidir.
“STAR çap evi”ndə nəşr olunan kitabın elmi redaktoru fəlsəfə doktoru İmran Axundov, redaktorları isə Sailə Məhərrəmqızı və Fuad Cavadzadədir. Həmçinin kitabın tərtibatı Zibər İsayevaya, üz qabığının tərtibatı isə Ariz Babayevə məxsusdur.
Qeyd edək ki, yeni nəşr Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun maliyyə dəstəyi ilə nəşr edilib.
Kanal32.az