Ramiz Məmmədov: “Bir il əvvəl bütün dünya çoxmillətli Azərbaycanın öz ərazilərini müdafiə etməsinin şahidi oldu”
Noyabrın 8-də dünya azərbaycanlıları hər yerdə Zəfər Gününü qeyd edir.
Yenimedia.info xəbər verir ki, Vətən müharibəsində qazanılmış şanlı Qələbənin birinci ildönümü münasibətilə yerli ictimai təşkilat adından Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun “Birlik” Azərbaycan Milli–Mədəni Muxtariyyəti təşkilatının rəhbəri Ramiz Məmmədov xalqımızı təbrik edib.
“Bir il əvvəl bütün dünya çoxmillətli Azərbaycanın öz ərazilərini müdafiə etməsinin şahidi oldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu Vətənin müdafiəsinə qalxmış, ədalət uğrunda mübarizədə bütün dünyaya hərbi qüdrətini, ruhunun gücünü və xalqın birliyini göstərmişdir.
Biz, həmçinin, əsl qəhrəmanları – Vətən uğrunda canlarını qurban vermiş layiqli övladları tərbiyə etmiş analar qarşısında baş əyirik”, – deyə o bildirib.
Ramiz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 8-də səhər tezdən Şəhidlər Xiyabanında Azərbaycan vətəndaşlarına Şuşa şəhərinin işğaldan azad edilməsi barədə xoş xəbər verdiyini də xatırladıb: “Böyük iftixar hissi ilə bildirirəm ki, Şuşa şəhəri işğaldan azad edilib! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm! İyirmi səkkiz il yarımdır ki, işğal altında olan Şuşa azad olundu! Şuşa indi azaddır! Biz Şuşaya qayıtdıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazanmışıq. 8 noyabr 2020-ci ildə Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu tarix əbədi yaşayacaqdır. Bu gün bizim şanlı Qələbə! Biz bu qələbəni döyüş meydanında qazandıq!”
Qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsi otuz ilə yaxın işğalın sona çatması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə başa çatıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, 300-dən artıq yaşayış məntəqəsini, o cümlədən Azərbaycan xalqının tarixində və mədəniyyətində xüsusi yer tutan Şuşa şəhərini işğaldan azad etmişdir.
Böyük qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb!