İTV-nin “Azərbaycanın dörd eksklav kəndi mübadilə edilə bilər?” materialında “millətin vəkilləri” Anar İsgəndərov və Rasim Musabəyov təklif ediblər ki, Başkəndin heç bir “strateji əhəmiyyəti” yoxdur və gələcəkdə bu ərazi “mübadilə üçün” müzakirə mövzusu ola bilər. Rasim Musabəyovu başa düşmək olar, adam avtomatlaşdırma fakültəsin bitirib, sonradan necə politoloq olub, bəllidir. Həm də o Qəzənfər Musabəyovun nəvəsidir. Azərbaycan Cümhuriyyətinə düşmən kəsilən Qəzənfər Musabəyovun sayəsində Qərbi Azərbaycanda ermənilərin sayı azərbaycanlılara nisbətdə artıb və 1936-cı ildə ermənilərin sayı 55%, azərbaycanlıların sayı 45% olub. Sonradan isə deportasiyalar başlanıb. Yəni düşmənə torpaq vermək onda gendən gəlir.
Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.
O bildirib ki, Anar İsgəndərov isə tarix elmləri doktoru və professordur:
“Fəlsəfə doktoru işi “Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı”, elmlər doktorluğu mövzusu isə “Azərbaycanda 1917–1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” adlanır. Alim və millət vəkili seçilən Anar müəllim elmi işlərini yazanda nə əcəb ciddi qaynaqlara, mənbələrə, sənədlərə, əlyazmalara, tarixi kitablara nəzər salmayıb? Məgər Anar müəllim bilmir ki, 1905-1906-cı, 1918-1920-ci illərdə baş verən hadisələr zamanı ermənilər yerli azərbaycanlıları soyqırıma məruz qoyublar və dədə-baba torpaqlarından zorla çıxardıblar?
Qanlı soyqırımı dayandırmaq üçün bolşevik Rusiyası hələ SSRİ təşkil olunmamış partiya orqanının qərarı ilə Başkəndi Ermənistana pay verib. Ermənistanın Başkəndə olan ərazi iddiasının nə siyasi, nə də hüquqi əsası var. Çünki Başkənd tarixi Azərbaycan torpağıdır və qanunsuz olaraq Ermənistana 1920-ci ildə bağışlanıb. Yəni bu qərarın hər hansı konstitusion – hüquqi əsası yoxdur.Adıçəkilən yaşayış məntəqəsi 1978-ci ilə qədər Başkənd adlanıb. Bu isə kəndin tarixi Azərbaycan torpağı olduğunu bir daha təsdiq edir.
Anar müəllim, tarixi sənədlərə yenidən baxın, Başkənd Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub. İrəvan mahalında yaradılmış və 9 min kv.km əraziyə malik olmuş Ermənistan Respublikasının tərkibində Başkənd adlı yaşayış məntəqəsi olmayıb.
Eyni zamanda Azərbaycan 1991-ci ildə müstəqilliyini təkrar elan edəndə BMT ərazi bütövlüyümüzü təsdiq edəndə də Başkənd Azərbaycan ərazisi idi.
Başkəndə ermənilər ilk dəfə 1859-cu ildə köçüb və yaşayıblarsa, bura haradan ermənilərə aid oldu? Özü də necə köçüblər? Yerli Azərbaycanlı bəylərdən icazə alaraq, hissə-hissə. Ermənilər Amerika, Fransa, Rusiya və İrana o dövrdə köçüb icmalarını qurublarsa, o torpaqlar onların sayılır? Yaxud icma olubsa, Başkənd Azərbaycanın göbəyində ermənilərin necə tarixi torpağı ola bilər?
Məlumatınız olsun ki, Birinci Qarabağ savaşında məhz bu qəsəbəyə görə demək olar ki, Gədəbəyin 26 kəndi işğal altında saxlanılırdı. Bu terroru silahlı qüvvələrə qarşı yox, dinc sakinlərə qarşı edirdilər. Hələ ermənilərə verilmiş tarixi torpağımız olan Tağlar məsələsini də unutmaq lazım deyil. Sovet İttifaqı Kommunist Partiyası və Nazirlər Sovetinin 1968-ci il 22 iyun qərarında göstərilir ki, Gədəbəy rayonunun Tağlar kəndinin heç bir perspektivi olmadığı üçün həmin kəndin ərazisi meşə zolağı ilə birlikdə Ermənistan SSR-in Şəmsəddin rayonuna verilsin. Perspektivsiz idisə, ermənilərə niyə verilirdi?
Millət vəkili olaraq itirilmiş torpaqlarımızı geri qaytarmaq əvəzinə hələ torpağımızı ermənilərə verməklə bağlı çıxışınızın məqsədi nədir?
Lətifəsi sizdən uzaq, Nəriman Nərimanovun Əliheydər Qarayevə verdiyi cavabı xatırlayın Rasim və Anar müəllimlər!”