Tank komandiri Natiq Məlikovun xatirəsi belə anıldı-FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş tank komandiri Natiq Məlikovun anım mərasimi keçirilib.

Kanal32.az Modern.az-ıa istinadla xəbər verir ki, Xaçmaz rayonunda keçirilən anım mərasimi şəhidlərin əziz xatirəsinə həsr edilən bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Qeyd edək ki, Natiq Məlikov 2 oktyabr 1962-ci ildə Kəlbəcərin Nadirxanlı kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Ağdam Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1993-cü ilin qışında ermənilər Kəlbəcərə genişmiqyaslı hücuma keçəndə Natiq Bağlıpəyə kəndinin müdafiəsində olub. Elə son döyüşü də mart ayının axırlarında burada olub

Mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər. Natiq Məlikovun barelyefi önündə çıxış edən şəhidin qardaşı Namiq Məlikov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsi nəticəsi qələbə ilə başa çatdı: “Ali Baş komandan gözəl siyasəti ilə qələbəni bizə bəxş etdi. Biz də sevindik, şəhidlərimizin də ruhu şad oldu. Artıq biz alnıaçıq gəzə bilirik ki, mənfur düşmən qarşısında qələbə çaldıq”.

1383850

Daha sonra şəhidimizin həyat yoldaşı Yaqut xanım öz hisslərini bölüşüb:

“Bu gün Natiq yaşasaydı 62 yaşı olacaqdı. Amma o yaşamağı yox, Vətən uğrunda şəhid olmağı seçdi. Vətən torpağını o qədər sevirdi ki, ona getmə desəm də, iki övladını geridə qoyaraq bizdən çox sevdiyi vətən torpağını seçdi. Şəhidlər ölmür, onlar hər zaman bizim qəlbimizdə yaşayır. Mən özümə söz vermişdim ki, torpaqlarımız alınandan sonra şəhidlərimizə ağlamayacağam. Torpaqlarımız alındı, artıq onların ruhu şaddır. Bu gün bilirsiz kimlərə ağlayıram?! Atalarının məzar daşını qucaqlayan körpələrə, ailənin yükünü çiyninə alan uşaqlara. Övladlarının sualları qarşısında cavab verə bilməyən şəhid xanımlarına, övladlarını torpağa verən analara ağlayıram. Natiq evdən getmədi, eldən getdi. O, düşmən üzərinə qorxmadan gedib. Arzu edirəm ki, heç bir bala atasız, analar gözü yaşlı qalmasın”.

Mərasimdə şəhidin bacısı Sədaqət Məlikova anasının sözlərini xatırladıb: “Anam deyərdi ki, övlad vətən üçün böyüdülür. Amma, kaş ki, bir xəbərini bilərdim. Deyirdi, kaş, övladım yadıma düşəndə gedib məzarını qucaqlaya biləydim. Anam Natiqin döyüş yoldaşlarından birini də tapmadı ki, oğlunun həsrətini onlarla dindirə bilsin. Anamın şeirlərindən çatdırmaq istəyirəm:

 

Sən balamın qüruruydun, vüqarıydın,
Mənim sənə qarğamağa gəlməz dilim.
Uca dağ vüqarlı, a dağlar oğlu,
Nilufərin ağlar qalıb, qayıt gəl.
Qızılgül dəstəsi kimi sevdiyin Yaqutun solub, saralıb, qayıt gəl.
Sən gedəli günüm, ayım qocalıb,
Qaçqınlıq, köçkünlük qəmə yol,
Bacıların ahı kimi dil açıb,
Qardaş deyib nalə çəkir, qayıt gəl.
İllər gəlib keçir, səbrim tükənib,
Ağlamaqdan gözlərimə ağ gəlib,
Faiq körpə uşaq kimi kövrəlib,
Namiq dözmür sənsizliyə, qayıt gəl.
Şəhriyarın gözlərindən qəm yağır,
Boynu bükük yollarına boylanır,
Anan qurban gözlərinə, qayıt gəl”.

1383845

Anım mərasimində iştirak edən Milli Məclisin I çağırış deputatı Əlövsət Ağalarov bildirib ki, Azərbaycanın qələbəsinin təməli birinci Qarabağ müharibəsindən başlayır:

“Artıq Azərbaycan 50-ci illərdəki, eləcə də 90-cı illərdəki Azərbaycan deyil. Birinci Qarabağ müharibəsində mən də iştirak etmişəm, qardaşımı, qohumlarımı şəhid vermişəm. Şəhidlərimiz olmasa idi, bu gün burada olmazdıq. İkinci Qarabağ müharibəsi dünyaya səs salan qələbə oldu. Mən qələbə qazandığımız günə qədər xaricdə olanda azərbaycanlı olduğumu demirdim. İndi isə bunu demək mənim üçün böyük qürurdur. Çünki mənim torpağım azaddır. Bizim şəhidlərimizin hər biri xalqımızın qəhrəmanıdır. 1992-ci ilin aprelində çəkilişimiz oldu, orada Natiqi görəndə anladım ki, o artıq gənc oğlan deyil, vətənini qorumağa gələn cəsur bir döyüşçüdür. Mən onlarla fəxr edirəm, çünki onlar əliyalın döyüşdülər. Onların arxasında dövlət, ordu, sursat yox idi. O camaat qəhrəmanlıqla torpaqlarımızı illərlə qorudu. Sanki şəhid məzarlarını ziyarət edəndə əvvəlki gözyaşı tökən üzləri bu gün gülümsəyərək qarşılayır bizi”.

 

VII çağırış Milli Məclisin deputatı Mircəlil Qasımov da mərasimdə çıxış edib: “Allahdan arzu edirəm ki, torpaqlarımızda bir daha müharibə, şəhid olmasın. Torpaq şəhidsiz, siyasətsiz alınmır. Cənab Prezidentimizin çıxışında qeyd etdiyi kimi, Qarabağ məsələsi öz həllini tapıb. Bizim məqsədimiz bundan sonra da hərbi gücümüzü artırmaq, gənclərimizin vətən ruhunda təhsil almasına yönəlməkdir”.

1383838

1383853

1383839

1383840

1383841

Modern.az