Şuşadan Qərbi Azərbaycana-Leyla Calalova yazır…

Şuşa adının yaddaşıma həkk olunduğu gün yaxşı xatirimdədir. Bəlkədə həmin vaxta qədər bu adı televiziyadan, evdəki söhbətlərdən çox eşitmişdim ancaq, heç xatırlamıram.5-6 yaşım olardı, Xocalıda , axşam xalamgilin eyvanında oturub söhbət edirdik, uzaqdan sayrışan işıqlar nəzərimi cəlb elədi, dərhal Aslan dayıdan soruşdum ;

– O işıqlar nədir?

– Şüşənin işıqlarıdır.

Həmin an xəyalımda nağıllarda olduğu kimi, şüşədən şəhər və yaxud qala təsvir elədim, bu təsvir uzun müddət belədə qaldı.1992- ci il may ayının 8-də , başımızın üstündən uçan çox sayda qırıcıların yaxşı əlamət olmadığını hiss edirdik. Televizor və radionun gün ərzində açıq olmasına baxmayaraq xəbər – ətər yox idi. Bu zaman Ağdam rayon prokuroru Zahid əmi darvazadan içəri girdi, Ənvər əmimə – Şuşa işğal olundu! -dedi. İçimdə , şüşə qırılmasını andıran bir şaqqıltı hiss etdim. Xəyalımda qurduğum şüşədən qala parça-parça olmuşdu. Dördyol tərəfdən gəlib Uzundərəni keçəndə gözlərimdən qeyri- ixtiyari yaş süzüldü. Sovet istehsalı olan maşınla bu dərəni keçəndə, təyyarədə olduğu kimi ,elə bil boşluğa düşürdün, bu dərə mənə elə uzun gələrdi ki…Bu dəfə onu hiss etmədim sanki bərkimişdim,Bu yolu son dəfə 1991- ci ildə keçmişdim. Yol boyu , uşaqlıqda heyrət etdiyim, mənə görə dünyanın ən böyük şəhəri olan Ağdam yox idi. Əsgərandan xatirimdə qalan Əsgəran qalası idi , onu uşaq vaxtı necə xatırlayırdımsa eləcədə gördüm, buna sevindim. Xocalı, ayrıca söhbətimin mövzusudur.

Xankəndinin yanından ötüb Şuşaya gəldik. Keçirdiyim hissləri kəlmələr ifadə etməyə yetmir. Çiskin və dumanlı hava idi, torpaq palçığa çevrilmişdi, düşündüm – torpaq qanla yoğrulanda Vətən olur!atdığım addımlardan utanırdım, burda hansı qəhrəmanımızın qanı tökülüb görən ?sualı məni rahat buraxmırdı.Barmağımın ucunda yeriməyə çalışsamda yerin sürüşkən olmağı buna imkan vermirdi. Saata baxdım, İmirli kəndindən bura , bərbad yollarla 1saat 10 dəqiqəyə çatmışdıq. Bu qədər yaxın bir coğrafiyada yerlə günəş arasındakı məsafə qədər uzaq idik. Bütün şəhəri qucaqlamaq istəyirdim, diz çöküb torpağa qarışan Şəhid qanından öpmək istəyirdim,güllə izlərindən dəlik- deşik olan, ortasında böyük kollar, ağaclar bitən, evinin damı olmayan evlərin sakinlərini öz evlərində görmək istəyirdim.40 ildə üst-üstə qalax-qalax olmuş arzuların hamısına 40 dəqiqədə çatmaq istəyirdim. Çoxdan itirib yenicə tapdığım, qoynunda hüzur bulduğum , sıx-sıx getmək istədiyim, bir doğmamı tapmışam elə bil. Anam tez- tez ziyarətlərə gedir. Həmişə ona deyirdim ki, Allaha niyə şərik qoşursan ? Allah insanı hər yerdə görür və duyur. Anam mənə cavabında&

– Allah ziyarətgahlarda insanın arzularını daha tez eşidir, çünki həmin yerlər xüsusi olaraq seçilib.

Mənə zəng edənlər, məsaj göndərənlər “həmişə gəzməkdə “deyəndə, cavabında deyirəm mən Şuşaya gəzməyə yox, ziyarətə gəlmişəm. Şuşa – ziyarətgahdır! Ziyarətgahda , Allah adamı daha tez eşidər, məndə bu ziyarətgahda ürəyimdə tutduğum ilk arzu, bir gün Qərbi Azərbaycanımızada qovuşmaqdır!

Allah ziyarətimizi qəbul eləsin!

 

Leyla Calalova

t.ü.f.doktoru, ADPU-nin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri

Kanal32.az